Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:21

Azərbaycanda hər 9 nəfərdən biri miqrantdır


Bakıda çinli miqrantlar
Bakıda çinli miqrantlar
-
Dünyada hər altı nəfərdən, Azərbaycanda hər 9 nəfərdən biri miqrantdır. Bu rəqəmlər dekabrın 18-də Beynəlxalq Miqrasiya Təşkilatının keçirdiyi tədbirdə səslənib.

Rəsmi statistikaya görə, dünyada 760 milyon daxili, 232 milyon xarici miqrant var.

BMqT-nin Azərbaycan nümayəndəliyinin rəhbərəvəzi Serhan Aktoprak-ın sözlərinə görə, hər yerdə olduğu kimi, Azərbaycanda da xarici vətəndaşların ölkəyə gəlişində artım var.

Serhan Aktoprak-ın fikrincə, miqrasiya bir problemdən daha çox, tənzimlənməsinə ehtiyac duyulan prosesdir. O, qanuni miqrasiya ilə yanaşı, qanunsuz miqrasiyanın da artdığına diqqət çəkir:

«Bu gün insan qaçaqmalçılığı 35 milyard dollar gəlir gətirir və qanunsuz miqrasiya ucbatından dünyada hər gün, orta hesabla, 6 adam ölür».

Tədbirdə söz alan ombudsman Elmira Süleymanova Azərbaycanda Miqrasiya Məcəlləsinin qəbulunu böyük hadisə saydığını bildirib:

«Ancaq konkret hallarla bağlı Miqrasiya Məcəlləsində boşluqlar var. Bu sırada Gürcüstandan Azərbaycana keçən azərbaycanlılar, azərbaycanlıların miqrasiyası və başqa məqamları qeyd etmək olar».

Elmira Süleymanova
Elmira Süleymanova
Elmira Süleymanova son vaxtlar Rusiyada çalışan azərbaycanlıların ciddi problemlərlə üzləşdiyini də xatırladıb və deyib ki, deportasiya edilməsi gözlənən 16 azərbaycanlının son anda, sadəcə, Rusiyadan çıxarılmasına nail olublar:

«Çünki deportasiya olunsaydılar, Rusiyaya 5 il ərzində gedə bilməyəcəkdilər. Onların orada işləri, ailələri var».

SEVGİLİSİ İLƏ ƏFQANISTANDAN AZƏRBAYCANA QAÇDI

Dövlət Miqrasiya Xidməti rəisinin müavini Pərviz Musayev Rusiyadakı azərbaycanlıların hüquqlarının qorunması istiqamətində atılan addımlardan danışıb:

«Rusiya ilə ikitərəfli sazişin hazırlanması istiqamətində iş görülür. İndi layihə hazırlanır. İnanıram ki, bu sənəd qısa müddətdə imzalanacaq və həmvətənlərimizin üzləşdiyi problemlər aradan qalxacaq».

Miqrasiya Məcəlləsinin bu il avqustun 1-dən qüvvəyə mindiyini yada salan Pərviz Musayev orada QHT-lərdən və Beynəlxalq Miqrasiya Təşkilatından gələn tövsiyələrin nəzərə alındığını vurğulayıb:

«Regionda bənzərsiz bir sənəd hazırlanaraq qəbul edilib. Miqrantlardan ölkəmizdə qeydiyyata düşərkən rüsum alınmır.
Pərviz Musayev
Pərviz Musayev
Artıq Azərbaycan vətəndaşı ilə nikaha daxil olanlar iş üçün rəsmi icazə almırlar. Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzində yaşamaq yeri olmayan əcnəbilər, qaçqın statusu almaq istəyənlər və digər miqrantlar yerləşdirilir».

Pərviz Musayev sevgilisi ilə Əfqanıstandan Azərbaycana qaçan Hamid Sabiri adlı şəxsə nikah mərasimi keçirildiyini misal göstərdi. Mərasimdə öz hekayətini anladan Hamid Sabiri vətənində sevgilisinə onun valideynlərinin narazılığı üzündən qovuşa bilmədiyini, Bakıda sığınacaq tapıb, ailə qurduğunu, bu yaxınlarda ata olacağını bildirdi:

«Mən həyatımda ilk dəfə özümü normal bir insan kimi hiss etdim. Elə bilirəm ki, insan harada yaşasa da, fayda gətirməlidir. Mən də Azərbaycan üçün faydalı insan olacağıma inanıram».

AZƏRBAYCANA ƏN ÇOX RUSİYA VƏ GÜRCÜSTANDAN GƏLİRLƏR

AzadlıqRadiosunun «Azərbaycan miqrasiya etmək üçün hansı ölkələrə cazibəli görünür» sualını Beynəlxalq Miqrasiya Təşkilatı (BMqT) Azərbaycan nümayəndəliyinin rəhbərəvəzi Serhan Aktoprak cavabladı:
Serhan Aktoprak
Serhan Aktoprak

- Azərbaycana ən çox Rusiya və Gürcüstandan, Türkiyə, İran və Ukraynadan gəlirlər. Bu beş ölkə Azərbaycana gələn əcnəbi vətəndaşların 90 faizi deməkdir. Heç təəccüblü də deyil, çünki sadalanan ölkələr Azərbaycanın qonşuluğunda yerləşir, burada diaspor və icmaları var. Bu miqrasiyada iqtisadi səbəblər də rol oynayır.

- Azərbaycandan siyasi sığınacaq istəyənlər olur?

- Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, 2012-ci ildə 52 nəfər burada siyasi sığınacaq arayıb. Əslində, bu, çox deyil. Azərbaycana gələnlərin əksəriyyəti əməkçi miqrantlardır.

- Yerli mediada Azərbaycana kənardan «ucuz işçi qüvvəsi»nin gətirilməsinə dair məlumatlara rast gəlinir. Məsələn, 2-3 il öncə Serbiyadan yüzlərlə serbin fəhlə işlədilməyə gətirilməsindən AzadlıqRadiosu da söz açmışdı. Beynəlxalq Miqrasiya Təşkilatı belə məsələləri nə dərəcədə gündəmdə saxlayır? Axı ucuz işçi qüvvəsi insan alverinə də yol açır...

- Kim olur-olsun, istər azərbaycanlı, istər xarici, onların hüquqlarının pozulmasına seyrçi qalmırıq. Biz Beynəlxalq Miqrasiya Təşkilatı kimi, mandatımıza uyğun olaraq, müvafiq dövlət qurumlarına məlumat verir və gözləyirik ki, onlar öz işlərini effektiv yerinə yetirsinlər. Bu arada biz də o insanlara hüquqi yardım veririk ki, məhkəmədə iş qaldıra bilsinlər. Sağlamlıqları ilə bağlı problem varsa, ölkələrinə könüllü qayıtmaq istəyirlərsə, buna yardımlarımızı əsirgəmirik.
XS
SM
MD
LG