Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 12:18

Kartof son günlərin bahalıq çempionu oldu


Kartof
Kartof
-
«Benzinin bahalanması ərzaq və istehlak mallarının qiymət artımına yol açdı» – müxtəlif xəbər və şərhlərdə yer alan bu cümlə artıq iqtisadiyyat bilicilərinin, sahə ekspertlərinin deyil, sadə insanları dilindən səslənir. Kimi deyinir, kimi öncəgörməsinin doğrulduğuna sevinirmiş kimi görünür, kimi də bundan sonra olacaqların yükünü daşıyırcasına dərdli-dərdli pıçıldayır...

«BU QİYMƏTƏ KARTOF OLAR?»

– Ay camaat, ən ucuz kartof 1 manatadır. Bu qiymətə kartof olar? Kartofdur də, bircə ay əvvəl 50 qəpik deyildi?! Nə oldu bəyəm?
Bazarda kartofun qiymətindən əsəbiləşən alıcını satıcılar da cavabsız qoymur:
– Nə oldu? Benzinin qiyməti qalxdı!
– Elə deyirsən nə oldu!.. Benzin bahalandı!..
– Rayondan gələndə maşın deyir benzin bahadır, əvvəlki qiymətə getmirəm. Biz də ona görə üstünə qoyuruq.
– Benzin qalxır, biz də qiyməti qaldırırıq. Neyləyək, elə bilirsiniz, kartof satmaq asandır?

Bu günlər Bakı bazarlarında ən ucuz kartofun kilosu 1 manatdır. Amma 1 manat 20 qəpiyə, 1 manat 40 qəpiyə, hətta 1 manat 50 qəpiyə satılan kartofa daha çox rast gəlirsən.

«RUSİYADAN GƏTİRMƏK PROBLEMDİR, İRAN DA MƏHDUDİYYƏT QOYUB»

Mütəxəssislər də deyir ki, kartof indi ən bahalı məhsullar sırasındadır. Dekabrın 3-də benzinin bahalaşması qiymət artımının əsas səbəbidir. Yükdaşıma xərcləri artdığından ölkəyə kartof gətirilməsi inhisarçılara, hələ ki, sərf etmir.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmovun sözlərinə görə, indi Azərbaycan kartofa tələbatını ödəyə bilmir. Adambaşına 124 kq norma sayıldığı üçün 1 milyon 178 min ton kartofa tələbat yarandığı halda bu tələbatın yalnız 968 min tonu ödənilir. Əvvəllər İran, Rusiya və Türkiyədən, hətta ərəb ölkələrindən kartof gətirilir və bazarda kartof çatışmazlığı gözə çarpmırdı. Vahid Məhərrəmov deyir ki, son zamanlar Rusiyadan Azərbaycana kartof gətirmək problemə çevrilib, İran da kartof ixracına məhdudiyyət qoyub. Bu da bazarda özünü göstərir. Amma bütün hallarda bahalığın başlıca səbəbi benzinin qiymətinin qalxmasıdır:
Foto: Arxiv
Foto: Arxiv

«HANSI ÖLKƏDƏ DESƏLƏR Kİ...»

«Benzinin, dizel yanacağının qiymətinin qalxması kartofun və digər kənd təsərrüfatı məhsullarının qiymətini çox sıçrayışla qaldırdı. Məhz kartofla bağlı qiymətin artımında biz bunu müşahidə edirik. İlk növbədə Azərbaycan özünün tələbatını ödəyə bilmir. İdxal kartofu problemə çevrilib, üstəlik, mövsüm də deyil. Bir başqa səbəb də – bayram ərəfəsi, yeni ilin qapını döyməsidir. Kartofun qiyməti bu gün kifayət qədər yüksəkdir. Hansı ölkədə desələr ki, kartofun qiyməti 1 manat 20 qəpik – 1 manat 40 qəpikdir, – gülər, ciddi qəbul etməzlər».

Vahid Məhərrəmov inhisarçılığı da əsas səbəblərdən sayır:

«Keçən il Gədəbəydə, Tovuzun dağ kəndlərində kartofu 5 qəpiyə belə alan yox idi. İnhisarçılar çox ucuz kartof gətirmişdi. Növbəti ildə kəndlilər zərərdən uzaqlaşmaq üçün məhsulun istehsalından yayınıblar. Kartofun toxumu 80 qəpik -1 manata başa gəlir. 1 hektar üçün toxum materialı kimi 3 ton kartof lazım olur. Bu da 3 min manat deməkdir. Digər xərclər də var. Haradasa çəkilən xərci çıxartmaq üçün 1 hektardan ən azı 10 ton məhsul götürüb satmaq lazımdır... Zərərə məruz qalanda kifayətə qədər maliyyə itirirlər. Bu da növbəti ildə həmin məhsulun istehsalı ilə məşğul olmağa imkan vermir».

«SORUŞAN OLMADI Kİ, AY SƏMƏDAĞA, NİYƏ 5 TON KARTOFUN ÇÜRÜDÜ?»

Masallıda uzun illər kartofçuluqla məşğul olmuş Səmədağa Həmidov deyir ki, keçən il bir çox fermer kimi yetirdiyi kartofu sata bilmədiyi üçün bu il əkməyib. Çünki fermerlərin yetişdirdiyi məhsulu saxlamaq üçün soyuducuları da yoxdur:
Yay vaxtı kilosu 20 qəpik olan kartofu noyabr-dekabr-yanvar aylarınadək saxlamaq olmur
Yay vaxtı kilosu 20 qəpik olan kartofu noyabr-dekabr-yanvar aylarınadək saxlamaq olmur

«Yay vaxtı kilosu 20 qəpik olan kartofu noyabr-dekabr-yanvar aylarınadək saxlaya bilmirik. Çünki bizim yerimiz yoxdur. İndi ancaq yeməyə əkirəm. Axı Azərbaycan hökuməti bizə təminat vermir. Keçən il 5 ton kartof əkmişdim, qaldı yerdə çürüdü, hökumət heç soruşmadı ki, ay Həmidov Səmədağa Əli oğlu, 5 ton kartofun niyə çürüdü? Heç başsağlığı da vermədi. İndi qiymətin qalmasının əsas səbəbi yanacağın bahalaşması, bir də qıtlıqla bağlıdır. Payızadək hər 20-30 nəfər fermerdən ancaq biri kartof əkmişdi. Onun da məhsulu nə olacaq, ən yaxşı halda 1 ton»...

NAZİRLİK: «BİR NEÇƏ GÜNƏ KARTOFUN QİYMƏTİ DÜŞƏCƏK»

Kənd Təsərrüfatı Nazirliyində də kartofun qiymətinin bahalaşmasından xəbərdardırlar. Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyib ki, «hazırda fermerlərlə danışıqlar aparılır, bir neçə günə kartofun qiyməti düşəcək».

Belə cavablar fermer Səmədağa Həmidovda sual doğurur. O deyir ki, əldə məhsul olmayandan sonra hansı fermerlə hansı danışıq aparıla bilər?

Mütəxəssislər xaricdən kartof gətirilsə, qiymətlər aşağı düşəcəyini söyləyirlər.
XS
SM
MD
LG