Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 20:10

Qarabağ veteranları Səttar Mehbalıyevlə görüşdülər


Səttar Mehbalıyev
Səttar Mehbalıyev
-
«Səttar Mehbalıyev söz verdi ki, Zaur Həsənovun müalicəsinə yardım edəcək».

Bunu AzadlıqRadiosuna «Qarabağ Qaziləri» İctimai Birliyi sədrinin müavini Firudin Məmmədov deyib.

Dekabrın 26-da Qarabağ müharibəsinin bir qrup veteranı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbalıyevlə görüşüb.

Firudin Məmmədovun bildirdiyinə görə, onlar bir sıra tələblər irəli sürüblər:

«Səttar müəllim dedi ki, mənim heç nədən xəbərim olmayıb. Bizim üçün əsas məsələ Zaur Həsənovun sağlamlıq məsələsidir. Onun vəziyyəti çox ağırdır. Əsas tələbimiz bu oldu ki, onun müalicəsinə yardım etsinlər. O da söz verdi ki, kömək edəcəklər. Digər tələblərimizdən biri də Zaurun mülkünün özünə qaytarılmasıdır».

SƏTTAR MEHBALIYEV: «ÇOX PIS OLMUŞAM»

Deputat Səttar Mehbalıyev məsələdə adının hallanmasına münasibət bildirib.

O, AzadlıqRadiosuna deyib ki, Qarabağ əlili Zaur Həsənov həmin ərazini zəbt edibmiş:

«Tək o deyil, 7-8 nəfər həmin ərazini zəbt ediblər. Həmin ərazini boşaltmaq barədə məhkəmənin qərarı olub. Məhkəmə icraçıları da öz vəzifələrini yerinə yetiriblər. Dəfələrlə həmin şəxs mənim qəbulumda olub. Və məndən məhkəmənin qərarını ləğv etdirməyimi istəyib. Mən ona buna səlahiyyətim çatmadığını demişəm. Bu məsələdə adımızın hallanmağına çox pis olmuşam».

NAZİR XƏSTƏYƏ BAŞ ÇƏKİB

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, Səhiyyə naziri Oktay Şirəliyev səhər xəstəyə baş çəkib. Həkimlərə göstərişlər verib. Müalicə üçün lazımi tədbirlərin görülməsini tapşırıb.

Keçmiş daxili işlər naziri İskəndər Həmidov və keçmiş müdafiə naziri Rəhim Qazıyev yaralıya baş çəkib.

Qarabağ əlilinin yanığı 3-cü dərəcəli dəyərləndirilir.

DURUMU 3 GÜNƏ AYDINLAŞACAQ

Həkimlər Qarabağ müharibəsi əlilinin vəziyyətinin hələ də ağır olduğunu bildirir. Qeyd edirlər ki, onun yaşayıb-yaşamaması 3 gün ərzində bəlli olacaq.

Müxbirimiz xəbər verir ki, xəstəxana önünə Qarabağ müharibəsi əlillərinin gəlməsi davam edir. Bakı kəndlərindən və rayonlardan da gələnlər var. Bildirirlər ki, yanmış yoldaşlarından bir xəbər alana qədər ərazini tərk etməyəcəklər.

«Qarabağ Qaziləri» Cəmiyyətinin mətbuat xidməti bildirir ki, məsələyə hüquqi qiymət verilməsi üçün baş prokurorluğa şikayət hazırlayıblar.

Rəsmi qurumlardan hələ ki heç kim yaralıya baş çəkməyib.

BƏDƏNİNİN 65%-İ YANIB

Qarabağ əlilinin vəziyyəti pisləşib. Bu barədə AzadlıqRadiosunun müxbiri xəbər verir. 5 nömrəli xəstəxananın yanıq şöbəsinin həkimi məlumat verib ki, əlilin yaşamaq şansı çox azdır:

«Bu gün vəziyyəti çox pisdir, yaşamaq şansı 1-2%-dir. Bədəninin 65%-i yanıb».

Müxbir bildirir ki, Qarabağ əlilləri xəstəxana önünə toplaşıb. Onlar ağır vəziyyətdə olan yoldaşlarından xəbər gözləyir, onu bu vəziyyətə gətirən məmurların cəzalandırılmasını tələb edirlər.

«Qarabağ Qaziləri» Cəmiyyətinin sədri Etimad Əsədov bildirib ki, bu baş verən ilk bədbəxt hadisə deyil. Prezident bu hadisəyə reaksiya verməlidir.

Mətbuat katibi Rey Kərimoğlu deyir ki, bu cinayət hadisəsidir:

«Onu özünü yandırma halına çatdırıblar».

Qarabağ müharibəsi əlili Zaur Həsənovun atası Həsən Həsənov da xəstəxanada oğlundan xəbər gözləyir. O, oğlunu bu həddə çatdıran məmurların cəzalandırılmasını istəyir:

«Obyekti əlindən alınıb. Oranın abadlaşdırılması üçün bankdan kredit almışdı. İndi 350 minə yaxın borcu var banka. Təkcə mağazalara olan çörək borcu 700 manatdır. Uşaqları çörək istəyir, o verə bilmir. Bütün bunların səbəbkarı Mehbalıyevdir. Prezidentdən cavab gözləyirəm».

Dekabrın 25-də II qrup Qarabağ müharibəsi əlili Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası önündə üstünə benzin tökərək özünü yandırıb. O, özünəqəsdi 1995-ci ildən bəri Bibiheybət qəsəbəsində işlətdiyi kafenin əlindən alınması ilə əsaslandırıb. Zaur Həsənov iddia edir ki, kafeni onun əlindən Həmkarlar İttifaqları Konfederasiyasının rəhbəri Səttar Mehbalıyev alıb.













XS
SM
MD
LG