Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 13:53

Şamaxının Göylər kəndində 2 qızın intihar olayı [Video]


14 yaşlı Nuranə İsmayılova
14 yaşlı Nuranə İsmayılova
-
Yanvarın 5-də baş vermiş bir olay diqqəti Şamaxının Göylər kəndinə yönəltdi. Həmin gün kənd sakini, 11 yaşlı Pərvanə Səlimova evlərinin həyətindəki tövlədə özünü kəndirlə asmış vəziyyətdə tapılıb.

Bir neçə gün əvvəl – dekabrın 30-da bu kənddə yaşayan 14 yaşlı Nuranə İsmayılovanın da özünü asaraq intihar etməsi xəbəri yayılmışdı. Nuranənin anası Balaxanım İsmayılova deyir ki, qızının nə evdə, nə də məktəbdə heç kimlə narazılığı, söz-söhbəti olmayıb:

ÖLÜMÜNDƏN BİR GÜN ƏVVƏL KARNAVALDA OLUB

«Özünə qapanan uşaq da olmayıb, xoşxasiyyət idi, hamıyla deyib-gülürdü. Bir dərdi olsaydı, bilərdik».

Nuranəgil beş uşaq olublar. Bir bacısı ərdədir, digəri xəstəxanada yatıbmış. Ailə qışlaqda, böyük övladları da məktəbə getdiyindən kənd evində, xəstə nənəsiylə qalıblar.

Anası Nuranənin Yeni il bayramına hazırlaşmasından danışır:

«Ölümündən bir gün əvvəl karnavalda olub. Sinif yoldaşları da ondan danışır, şad-xürrəmmiş. Axşam tort-qoğal bişirib, yolka bəzəyib, bayram hazırlıqları görüb».

Balaxanım İsmayılova Nuranənin intihar zamanı ayağının altına qoyduğu qabı da itələmədiyini deyir. Onun sözlərinə görə, kəndir düyün düşüb və qız boğazındakı kəndiri aça bilməyib.

EHTİMAL VAR Kİ, MƏŞQ ETMƏK İSTƏYİB

Ölümündən bir gün əvvəl keçirilən karnavalda Nuranə Qar Qız rolunda çıxış edib
Ölümündən bir gün əvvəl keçirilən karnavalda Nuranə Qar Qız rolunda çıxış edib
AzadlıqRadiosunun müxbiri Nuranə İsmayılovanın müəllim və sinif yoldaşları ilə görüşüb. Onlar Nuranənin nümunəvi şagird olduğunu, heç bir ruhi-psixoloji problem yaşamadığını deyiblər.

Ölümündən bir gün əvvəl keçirilən karnavalda Nuranə Qar Qız rolunda çıxış edib. Hamının fikri bir nöqtədə birləşir:

«Heç bir problem, psixoloji gərginlik olmayıb. Ehtimal var ki, məşq etmək istəyib. Ayağının altına qoyduğu qazan da vurulmayıb. Elə qazanın üstdə dayanmış formada keçinib. Ehtimal var ki, o, boynuna keçirdiyi kəndir dolaşdığından boğulub».

QONŞU QIZIN ÖLÜMÜNDƏN TƏSİRLƏNİB

Yanvarın 5-də intihar etmiş 11 yaşlı Pərvanə Səlimova isə koma vəziyyətində Ağsu rayon Xəstəxanasına çatdırılıb. Atası Hafiz Səlimovun sözlərinə görə, Pərvanə bir gün sonra komadan çıxıb, ancaq vəziyyəti ağır olaraq qalır. Atası Pərvanənin qonşu qız Nuranənin ölümündən təsirləndiyini, eyni şeyi öz üzərində yoxlamaq istədiyini deyir:

«Qonşunun qızının ölümündən sonra düşünüb ki, görəsən, mən də ölərəm? Kəndiri keçirib başına, salan kimi boğulub, dizlərini atıb yerə».

Atası hadisə barədə onlara Pərvanənin əkiz qardaşının xəbər verdiyini söyləyir:
Nuranə intihar zamanı ayağının altına qoyduğu qabı da itələməyib
Nuranə intihar zamanı ayağının altına qoyduğu qabı da itələməyib

«Köhnə bir hamam var, bərbad halda. Uşaq gedib girib oraya. Dəri asıblarmış. Elə o kəndiri keçirib boğazına. Əkiz qardaşları anasına xəbər eləyib. Bircə onu xatırlayıram ki, uşağı bayıra çıxardım, başqa bir şey xatırlamıram».

MƏKTƏBƏ GETMƏYİB

Pərvanə məktəbə getməyib, atası təsərrüfat işləri ilə əlaqədar onun təhsilini evdə davam etdirdiyini söyləyir. Həkimlər Pərvanənin beynində stressin izlərinin 15 gündən 1 ilədək qala biləcəyini istisna etmirlər.

Şamaxı rayon Prokurorluğu Göylər kəndində baş vermiş hər iki fakt üzrə araşdırma getdiyini deyir.

2012-ci ildə Azərbaycanda 482 intihar olayı qeydə alınıb. İntihar edənlərdən 320-si kişi, 105-i qadındır. Onların 34-ü məktəbli və yeniyetmə olub.

2011-ci ildə isə ölümlə nəticələnən 414 intihar olayı baş verib.

Modern.az saytının araşdırmasına görə, 2013-cü ildə həyatına qəsd edənlərin 21 nəfəri qız olub.
XS
SM
MD
LG