Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 08:11

Xarici TV-lərə baxmaq istəsən...


Foto: Arxiv
Foto: Arxiv
-
Azərbaycanda rəqəmsal TV paketinə daxil edilmiş xarici telekanalların yayımı dayandırılıb.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi «Teleradio» İstehsalat Birliyinin məlumatına görə, yayımı dayandırılmış xarici kanallar sosial paketdən çıxarılıb. Onlar ödənişli TV paketinə əlavə edilib.

Hazırda ölkə ərazisində yayımlanan rəqəmsal TV paketi milli telekanallardan (AzTV, Mədəniyyət, İdman Azərbaycan, ANS TV, Lider TV, İTV, Xəzər TV, ATV və Space TV) və Türkiyənin TRT1 telekanalından formalaşıb.

TƏZƏ PAKETİN ADI: ATV+

«Teleradio» İstehsalat Birliyinin məlumatına görə, daha öncə sınaq dövrü müəyyənləşdirilmiş və həmin müddətdə xarici TV-lər açıq rəqəmsal paketə əlavə edilmişdi. Sınaq dönəmi başa çatınca sözügedən paketə daxil olan telekanalların yayımı dayandırılıb. Bu kanallar «ATV+» paketinə daxil edilib. Xarici kanalların yayımından yararlanmaq istəyənlər bu paketə qoşula bilərlər – təbii ki, bəlli bir məbləğ – 9 manat ödəyəndən sonra. Ödənişli paketdə 86 xarici kanala baxmaq olar.

«QEYRİ-QANUNİ OLDUĞUNA GÖRƏ TEST YAYIMINI DAYANDIRDIQ»

«Teleradio» İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov AzadlıqRadiosuna bildirib ki, respublikada yayımlanan proqramların siyahısını Milli Televiziya və Radio Şurası tərtib və təsdiq edib. Bu siyahı 2 sosial paketdən ibarətdir. Birinci paketə bütün ümumölkə TV-ləri və Türkiyənin TRT1 kanalı daxildir:

«İkinci paket bizdə test şəklində yayımlanırdı. Orada, əsasən, Rusiya telekanallarını göstərirdik. Əhali çox öyrəşdiyindən həmin TV-lərə böyük maraqla baxırdı. Amma Rusiya tərəfi bizə öz iradlarını bildirdi ki, həmin o kanallar bağlı kanallardır. Yəni vəsait ödəməyimiz lazım gələcəkdi. Üstəlik, onların Azərbaycanda yayımlanmasına Milli Teleradio Şurası da icazə verməyib. O səbəbdən test yayımı dayandırdıq. Qeyri-qanuni olduğuna görə, təbii ki, dayandırmalıydıq».

Osman Gündüz
Osman Gündüz
«ANORMALLIQLAR DA VAR...»

Telekommunikasiya bilicisi Osman Gündüz deyir ki, rəqəmsal yayımı kabel şəbəkəsindən, peyk və ənənəvi antenlərdən qəbul etmək olar. Efirdən ötürülən rəqəmsal telesiqnal qəbulunu indi hökumət həll edir. Mütəxəssisin sözlərinə görə, indiyədək efirdən ötürülən rəqəmsal yayıma həm dövlətə məxsus, həm də yerli özəl kanallar daxil idi. Üstəlik, 70-80 xarici telekanal da vardı. Yanvarın 1-dən hökumət yalnız pulsuz yayımlanmasını öhdəsinə götürdüyü kanalı efirlə ötürür. Bu, normaldır:

«Efir vasitəsilə xarici kanalların hökumət tərəfindən vətəndaşlara pulsuz çatdırılması düzgün olmazdı. Ancaq bununla bağlı məlumatların düzgün və vaxtında çatdırılmaması, «filan vaxtdan sonra biz bunu efirlə verməyəcəyik» sözlərinin deyilməməsi anormallıqdır. İndi efirdən vətəndaşa pulsuz paket verilir, amma ölkədə təxminən 200 minədək televizor bu pulsuz kanalı qəbul edə bilmir. Rəqəmsal yayımı həmin o sadə televizorların tutması üçün ona bir 20-30 manatlıq qurğu qoyulmalıdır. Bu qurğu kasıb təbəqəyə verilməyib. Üç ildir «bunu vətəndaşlara verəcəyik» desələr də...».

«Teleradio» İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov sınaq yayımlarının dayandırılması haqqında göstərişin dekabrın ortalarında verildiyini söyləyir. Onun sözlərinə görə, aztəminatlı ailələrin istifadə olan və rəqəmli telesiqnalları qəbul edə bilməyən televizorlar üçün ayrıca kodçözən qurğuları dövlət paylayacaq: «İndi həmin məsələ ilə bağlı işlər aparılır».
Ələsgər Məmmədli
Ələsgər Məmmədli

«BURDA DA MONOPOLİYA?»

Media hüququ eksperti Ələsgər Məmmədli deyir ki, rəqəmsal yayımda avadanlıqlar və ötürücülər ona uyğun şəkildə qurulub. Bu ilk növbədə bir keyfiyyət dəyişikliyidir. Kanalların ATV+ kanalına daxil edilməsi, paket müəyyənləşdirmə və yayım səlahiyyətinin Teleradio İstehsalat Birliyinə verilməsi xətadır:

«Bu, gələcəkdə müstəqil yayımçılara bəlli hüquqi problemlər yaradacaq. Bir növ burda süni inhisar yaradılıb və süni monopoliya Teleradio İstehsalat Birliyinə verilib».

«Teleradio» İstehsalat Birliyinin baş direktoru Əflatun Şərifov deyir ki, heç bir monopoliyadan söhbət gedə bilməz:

«Daha əvvəl burda BBTV, «Connect» vardı. Onların yayım tezlikləri ayrı-ayrıdır. Hələ mən kabel operatorlarını demirəm. Burada monopoliya yoxdur. Hərənin özünün yayım tezlikləri var».

«Teleradio» İstehsalat Birliyinin məlumatına görə, hazırda respublika əhalisinin 98 faizi sosial rəqəmsal paketlə əhatə olunub.
XS
SM
MD
LG