Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 05:52

Dirilməyə ümid verən...


Ramil Qafarov
Ramil Qafarov
-

Romanın üz qabığının arxa tərəfi "Orxan Fikrətoğlunun nəsri müasir ədəbiyyatımızda hadisədir..." cümləsi ilə başlayan tərif dolu abzasdan ibarətdir.

Kitab haqda tərifli sözlər müəllifinin adı məlum deyil. Rəyi yazıçının özü yazıbsa, bu, oxucunun əvəzinə uğursuz diaqnoz qoymaq cəhdidir...



Bloqçu Ramil Qafarov bu yazısı ilə yazıçı Orxan Fikrətoğlunun “Ölü mətn” romanının “Oxu zalı”nda keçirilən müzakirəsinə qoşulur.


Ramil Qafarov


DİRİLMƏYƏ ÜMİD VERƏN “ÖLÜ MƏTN”


Azadlıq Radiosunun "Oxu zalı" rubrikası üçün yazdığım ilk ədəbi tənqid yazısı Orxan Fikrətoğlunun "Ölü mətn"i ilə bağlıdır.

Roman ilk baxışda siravi oxucunun 20-30 səhifə oxuyub bir kənara atacağı əlaqəsiz hadisələr yığnağından ibarət kitabdır. Ancaq hər cümlə üzərində dayanıb düşünəndə yazıçının nə anlatmaq istədiyini tutmaq olur. Necə deyərlər, həqiqət sətrlər arasında gizlidir.

"Ölü mətn" XX əsrin əvvəllərini, Bakı soyqırımını, repressiya illərini əhatə edən həyat hekayələrindən ibarətdir. Bəzi hekayələrin zaman və məkanı bəlli deyil. Əsərin vahid süjet xətti yoxdur. Üslubca Nərmin Kamalın "Aç, mənəm" romanını xatırladır. Rabitəsiz inkişaf edən, ancaq əvvəldə və sonda kəsişən fərqli həyat hekayələri toplusu.

Postmodernizmə iddialı Nərmin Kamaldan fərqli olaraq Orxan Fikrətoğlu "Ölü mətn"i post-sufi janrına aid ilk roman adalandırır. Ola bilsin bu yenilik müəllifin postmodernist azərbaycanlı yazarların bir-birinin ardınca iflasa uğrayan romanlarının bədbin kölgəsindən qurtulmaq cəhdidir. Bugünədək post-sufi termini ilə heç yerdə qarşılaşmamışam. Hələ-hələ nəsrdə.

Romanın üz qabığının arxa tərəfi "Orxan Fikrətoğlunun nəsri müasir ədəbiyyatımızda hadisədir..." cümləsi ilə başlayan tərif dolu abzasdan ibarətdir. Kitab haqda tərifli sözlər müəllifinin adı məlum deyil. Rəyi yazıçının özü yazıbsa, bu, oxucunun əvəzinə uğursuz diaqnoz qoymaq cəhdidir. Hər hansı əsərin ədəbi hadisəyə çevrilməsi üçün ilk növbədə onun kütləviləşməsi lazımdır. Ya on minlərlə tiraj satış, ya da nüfuzlu ədəbi mükafat alması hesabına. Üz qabığında müəllifin böyük ölçüdə verilmiş portreti də özünəvurğunluq işarəsidir. Müəllifin cəmiyyətdə populyar simasına hesablanmış kitab satma fəndi də istisna deyil.

Romanın ilk səhifəsi mistika ilə başlayır. Auditoriyada dərs deyən Ustada anidən zəng vuran Cin, əlində əlyazma ilə otağa girən və Ustaddan başqa heç kəsin gözünə görünməyən başı üzərində halə olan uşaq. Elə ilk səhifədən Bulqakovun "Usta və Marqarita"sının təsiri hiss olunur. Ardınca papirus kağızında yazılmış qədim əlyazma, əlyazma arasından uçuşan qara kəpənəklər "Kimyagər"i xatırladır. Görünür müəllif post-sufi janrının mövcudluğunu təsdiq etmək üçün dərhal mistikaya keçməyi lazım bilib.

Ard-arda gələn həyat hekayələri universitet müəllimini balıqçı Quluya, balıqçı Qulunu qətl üstündə həbsdə yatmış narkotik istifadəçisinə çevirir. Radionu açan Ustad orda siyasi mühazirəni dinləyir. Adi radioda kütlə haqda Nitsşe sayağı siyasi həqiqətlərin oxunması qəribə mənzərədir. Efirdən eşidilən kütlə haqda həqiqətlər "1984" romanında Emanuel Qoldşteynin monoloqu kimi səslənir. Ola bilsin müəllif abzaslar arasına öz "mən"ini qoymaq istəyir. Şəxsi fikirlərini daxil edir. Amma bu fikirlər hekayələrin məzmunu ilə uzlaşmır.

Balıqçı Qulunun kəndlinin sualına rişxəndlə "Sən nağıl adamısan" deyə cavab verməsi, ardınca avam kəndlinin filosof kimi cavab qaytarması absurddur. Çünki Qulunun sonrakı cavabı ona haqq qazandırmır. Əksinə oxucu gözündə axmaq vəziyyətə salır.

Universitet müəlliminin balıqçıya, daha sonra narkomana çevrilməsi ilk baxışda elə təəssürat yaradır ki, baş qəhrəman şizofreniya xəstəsidir. Növbəti hekayədə Ustad cinsini də dəyişir. Roman müəllifi oxucunun çaş-baş qalacağını özü də başa düşür. 18-ci səhifədən ""Mətn" üçüncü səhifədən başlayır..." cümləsini əlavə edir. Kitabın üçüncü səhifəsində "Zaman-zaman müxtəlif səbəblərdən öldürülən romanın qəhrəmanı bütün mətn boyu ancaq sevgi ilə doğulur" izahatına rast gəlirik. Romanın qalan hissəsi bu şəkildə davam edir. Ya hekayənin qəhrəmanı sonda ölür, ya da yaxın adamının ölümünə şahidlik edir.

Əsərdə müəllifin "Ədəbi insanın fobiyalarını tibb araşdırmalıdır, ədəbiyyat yox" fikri diqqətimi çəkdi. Yenə gəlirəm "bütün dahilərdə dəlilik vardır, bizimkilər özünü dahiliyə vurmuş dəlilərdir" fikrinin üstünə. Romandan bir az kənara çıxıb günümüzdə yazılan romanlar üçün demək istəyirəm ki, əksər gənc yazarlar insan hekayəsini yox, şüuraltında yatan xəstə təxəyyülünü kağıza tökür. Ehtimal ki, Orxan Fikrətoğlu yerli ədəbiyyatın bu cür inkişafını görür və digər yazarların arasından sıyrılmağa çalışır. Müəllifin "Bu gün ədəbiyyatda fikir böhranı var" mülahizəsi haqqında bunu demək olar. Ədəbiyyatda insanlara ağıl öyrətmək cəhdi naminə yazılmış fəlsəfi fikir zibil yerinədir. Çatışmayan isə axıcı dil, maraqlı süjetlər və araşdırma zənginliyidir.
M.Bulqakov
M.Bulqakov

İbrahim bəy və bolşevik İsmayılın qarşıdurmasını anladan hekayə özü yeni roman üçün mövzudur. Ustadla bağlılığı olmayan qəhrəmanlar II Dünya müharibəsində, müharibədən sonra, müstəqillik dövründə qarşılaşırlar. Birinci mərdlik və sadaqət, ikinci satqınlıq və qorxaqlıq simvoludur. Ölüm anında da eyni qalırlar.

Daşnak qətliamının təsviri ilə başlayan erməni qadın Asmik və Ustadın hekayəsi azərbaycanlıların tarix yaddaşına səyahətdir. "Ustad məni Gorusa apararsınız?" sualı ilə kömək istəyən qadını Dərbəndə aparan Ustad ondan doğulacaq uşağının fikri ilə geri qayıdır. Gələcəkdə yenidən doğulan Ustadın kabinetinə gələn Asmik Ustada 1920, 1937, 1990-cı illərdə öldürülən babalarını xatırladır və yuxarıdakı sualı verir. Yenə "hə" cavabını eşidən qadın "niyə?" dedikdə dialoq "bilmirəm niyə... Yəqin bu - bizim "mətnimizdir"" sözləri ilə bitir.

"Mətn" xatırlanan, ancaq zamanla tarix şəklində təkrarlanan milli yaddaşdır. Romanın adı "Ölü mətn" olsa da, baş qəhrəmanın xatırladıqları "mətn"dir.

Elin Dədəsi, yalançı Dədə, Yad, Xan obrazlarının verildiyi əhvalat günümüzə siyasi ironiyadır. "Möhtərəm Xan", "Beynəlxalq Valyuta Fonduna girək?" ifadələrindən məzmunu anlamaq olur. Yalan və fitnə ilə idarə olunan El sonda dağılır. Ancaq müəllifin Ezop dilinə müraciəti günümüzün problemlərindən yazarkən cəsarətsiz olmasını göstərir.

Roman bolşeviklərin gəlişi və yaşanan faciələrlə davam edir. Adaya aparılıb güllələnən kontura və "türk şpionları" arasından sağ çıxan Ustada atılan güllələr tutmur. Sağ böyründən vurulan zərbə ilə üzü üstə yerə düşən qəhrəman sağ qalır. Əsərin bu hissəsində qəhrəmanın obrazı Platonovun "Ölmüş qocanın başına gələnlər" hekayəsində almanlara qarşı döyüşən Tişka babanı xatırladır.

Müəllif Ezop dilindən istifadə etsə də, keçmişdə siyasi iradəsizlik ucbatından yaşanan faciələrdən nəticə çıxararaq gənc nəslə mesaj da verir: "Həbs qorxusu səni məddah, yalançı, qorxaq edir. Ancaq həbs səni yenidən özünə qaytarır".

Romanda bütün hekayələr keçmişə səyahətdir. Cəmi bir hekayə əsərin nə üçün "Ölü mətn" adlandırıldığına aydınlıq gətirir. Bakıya gələn və Nuru paşanın silahdaşına çevrilən Alməmmədin hekayəsi repressiya olunmuş ailə və oğlu Ərtoğrulun hərbçi yolu ilə davam edir. Ərtoğrul sonradan xəyanətdə ittiham olunaraq güllənəndən sonra qəhrəmanlıq "mətn"ini oğlu Səməd yazır. Səmədin ölümü ilə nəslin sağ qalan son nümayəndəsi dili tutulan qardaşı Şamil olur. Atasından əski yazını öyrənən Şamil əlyazmalar institunda şərq dilləri üzrə mütəxəssis işləyir. Heç zaman evlənməyən Şamillə nəsil sona çatır. Şamillə birgə keçmişin yaddaşı, nəslin tarixi lal olur.

Yazıçının İbrahim bəy, Alməmməd kişi hekayələri mənim üçün doğma gəldi. Repressiya illərini yaşamış ulu babam, ölümlə sınanmış ailəsi, Ərtoğrul kimi cəbhədə ölüm axtaran sonradan İbrahim bəyə çevrilən və bir daha vətənə qayıtmayan tək oğlu gözümün önündə canlandı. Repressiyaya məruz qalmış, amma şərəfli həyatı ilə dastan yazmış insan hekayələri yüzlərlədir. Xatirələr kağıza köçürülmədikdə, həyatlar "ölü mətn"ə çevrilir. Hekayələrin şahidləri isə hər gün bu dünyadan köçür.

Romanı "Mətn insanın qoyulacaq son yazısıdır. Hər bir insan yaşadığı ömrünün yazısını da özüylə qəbrə aparır" cümlələri ilə bitirmək olardı. "Ölü mətn"in şifrəsi burda açılır. Ancaq roman baş qəhrəmanın qadınla tanış olması, Qərb yazıçılarının mütaliəsi ilə başlayan söhbət və yataqda bitən ədəbiyyat fikri ilə davam edir. Ədalət uğrunda seriya qətllər törədən qatilin, son anda ölümdən xilas olan gənc oğrunun hekayəsi onu izləyir. Əsərin sonunda Ustad əlində əlyazma ilə gələn oğlanın əslində özü olduğunu anlayır.

Roman nə üçün sonu ölümlə bitən bu qədər həyat hekayəsindən ibarətdir? sualına Orxan Fikrətoğlu əsərin əvəllində işlədilən bu cümlə ilə aydınlıq gətirir. "Əxlaqlı ideya qurban tələb edir".

Yekun olaraq "Ölü mətn" üçün onu demək olar ki, əsər geniş oxucu kütləsi üçün deyil. Qarışıq süjet, yersiz fəlsəfi mülahizələr orta statistik oxucu üçün mövzunu açmır. O fikirlər ki, romanın aydın izahı üçün sonda işlədilməsi məqsədəuyğun olardı, əsərin əvvəlində verilir. Əvvəlki uğursuz postmodernist romanlardan fərqli olaraq əsəri yazıçının formalaşmış qələmi xilas edir. Mövzu qəliz olsa da, yazı dili axıcıdır. Absurdlar, məntiq səhvləri minimum.

Romanda yeni roman mövzusu ola biləcək xeyli hekayə var. Amma digər gənc yazarlar kimi yazıçının "mən"i (eqo) ağır basır. Oxucu qarşısında kafkalıq etmək hissi baş qaldırır. Müqayisə üçün deyim ki, Orxan Pamuk bir neçə gün ərzində baş verən hadisəni 500 səhifə həcmində təsvir edə bilirsə, bizim yazıçılar öz ömürlərini, bəzən bir neçə insanın ömrünü 100-150 səhifəyə sığdırmağı bacarırlar. Səbəb yazıçılarımızın əsəri yazmadan öncə araşdırma aparmaq sahəsində tənbəl olmalarıdır. Nəticə isə informasiyadan kasad, satılmayan kitab bolluğu.

"Ölü mətn" əksəriyyət üçün adi mətn olaraq qalacaq. Müəllifə isə "Ölü mətn"dən yeni romanlar üçün mətnlər diriltməyi arzulayıram.
XS
SM
MD
LG