Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Keçmiş NİDA-çının həbsinin səbəbi – AZTV-dən seçmələrdir?


Ömər Məmmədov
Ömər Məmmədov
-
«AZTV-Bizi güldürən dəyər». «Facebook» sosial şəbəkəsində «AzTV-dən seçmələr» səhifəsinin sloqanıdır bu. 3 gün əvvəl həbs olunmuş gənc fəal Ömər Məmmədov vaxtilə bu səhifənin admini olub.

«Bu vaxta qədər səhifəmizdə müəyyən fasilə yaranmışdı. Bundan sonra həm Ömər, həm də digər həbsdə olan dostlarımız uğrunda səhifəmizi aktivləşdirəcəyik. Siz də bizə bu işdə yardımçı olun. Inbox-a bu rejimin iç üzünü, saxtakarlığını, qanunsuzluğunu əks etdirən məlumatlar, foto-video materiallar göndərin». Yanvarın 25-də səhifədə belə bir qeyd yerləşdirilib.

Siyasi fəal və bloqqer, «Axın» hərəkatının həmtəsisçisi 19 yaşlı Ömər Məmmədov bir gün əvvəl – yanvarın 24-də günorta saatlarında saxlanıb.

6 QRAM HEROİN?

Ailə üzvləri hələ ki, danışmaq istəmirlər. Ancaq yaxın dostları Ömərdən bir neçə gün xəbər tuta bilmədiklərini deyirlər. Saxlanan gün rəsmi qurumlardan bloqqerlə bağlı informasiya almaq mümkün olmayıb. Ancaq bir gün sonra bəlli olub ki, Ömər Məmmədova Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsiylə (narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz əldə edilməsi) cinayət işi açılıb və barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. O, hazırda Şüvəlan təcridxanasında saxlanır.

Vəkil Xalid Bağırov Ömər Məmmədovun həbsindən şikayət hazırladığını deyir. O, gənc fəalla yanvarın 28-də görüşəcək. Vəkil deyir ki, Ömər Məmmədov qanunsuz olaraq külli miqdarda narkotik maddə saxlamaqda ittiham olunur. Onun üstündən 6 qram heroin çıxdığı bildirilir. Təqsiri sübuta yetirilərsə, bloqqeri beş ildən 12 ilədək həbs cəzası gözləyir.

Ömər Məmmədov tanınmamış Şimali Kipr Türk Respublikasında yerləşən «Cyprus International» universitetinin tələbəsidir. Ötən ilin mayından o, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) üzvüdür.

HEÇ SİQARET DƏ ÇƏKMİRDİ

«Fəal ictimaiyyətçi, yüksək intellekt sahibi olan və heç siqaret belə çəkməyən Ömərin narkotik ittihamı ilə həbs olunması gülüncdür və təəssüf doğurur.
Samir Əsədli
Samir Əsədli
Bu qanunsuz həbsi pisləyir, hüquq-mühafizə orqanlarından bu məsələyə obyektiv mövqe nümayiş etdirmələrini gözləyirik», - VHP-nin yaydığı bəyanatda belə deyilir. Qurum son günlər ölkədə gənclərə qarşı təzyiq-təqib kampaniyası aparılmasından və gənclərin sistematik həbslərindən narahatlığını bildirir.

Partiyanın aparat rəhbəri Samir Əsədli deyir ki, Ömər Məmmədov Kiprdən qayıdandan 2 gün sonra onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çağıraraq noutbukunu əlindən alıb və yenə çağıracaqlarını deyiblər. Bundan 2 gün sonra da Ömər itkin düşüb:

«Bu adam bilirdi ki, onu polis çağıracaq, cibində niyə narkotik gəzdirsin ki? Xeyli gülünc səslənən bir ittihamdır. Bu həbs onun «facebook» fəaliyyəti ilə bağlıdır. «Facebook»da fəal olub. Siyasi aktiv gənc idi».

ATASINI DA SORĞU-SUAL EDİBLƏR

Ömər Məmmədov bir neçə ay öncə NİDA Vətəndaş Hərəkatının üzvü olub. Həmin hərəkatın idarə heyətinin üzvü Nicat Məmmədbəylinin fikrincə, hakimiyyət hazırda məhz narazı elektoratı və müstəqil gəncləri hədəfə alıb. O, dostunun şərləndiyini düşünür və bunun bir səbəbini məhz «AZTV-dən seçmələr» səhifəsindəki fəaliyyəti ilə bağlayır:

«Ömər özü Kiprdə olanda atasını 2 gün Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlayıblar. Dekabrın 31-də bir neçə saat saxlayıblar. Bu yaxınlarda Öməri də idarəyə aparıb həmin səhifə barədə suallar veriblər».

NİDA-çıların məhkəməsi
NİDA-çıların məhkəməsi
Maraqlıdır ki, «AZTV-dən seçmələr» səhifəsində dekabrın 31-də belə bir qeyd yerləşdirilib: «Ömər Məmmədov artıq 2 aydır səhifənin admini deyil. Paylaşılanlara görə Ömər məsuliyyət daşımır».

FƏAL GƏNCLƏR HƏDƏFDƏ

Hazırda NİDA Vətəndaş Hərəkatının 8 üzvü həbsdədir. Onlar qanunsuz silah saxlama, kütləvi iğtişaşları təşkil etmə və ya belə iğtişaşlarda iştirak etmə cəhdində günahlandırılır. Gənclər həbslərinin siyasi sifarişli olduğunu bildirirlər.

«Human Rights Watch» hüquq müdafiə təşkilatı bu günlərdə açıqladığı hesabatda bildirirdi ki, ötən il Azərbaycan hakimiyyəti azı 23 siyasi fəala, jurnalistə, bloqqerə, hüquq-müdafiəçisinə qarşı saxta narkotik, qanunsuz silah gəzdirmə, xuliqanlıq, qızışdırıcılıq, hətta satqınlıq ittihamları irəli sürüb. HRW hakimiyyəti onları azad etməyə, insanları siyasi motivlərlə ittiham etməyi dayandırmağa çağırıb. Qurum siyasi fəaliyyətlə məşğul olan gənclərin hökumətin xüsusi hədəfinə çevrildiyini bildirirdi.

Ölkə rəsmiləri isə bu tip bəyanatları «qərəzli yanaşma, müxtəlif məqsədlər üçün Azərbaycan hakimiyyətinə və dövlətinə təzyiq kimi dəyərləndirir».
XS
SM
MD
LG