Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:45

İsmayıllı məhkəməsində şahid: «Məni 5 gün ac-susuz polisdə zirzəmidə saxlayıblar»


Məhkəmə binasının qarşısı
Məhkəmə binasının qarşısı
-
Yanvarın 28-də Şəki Ağır Cinayətlər Məhkəməsində İsmayıllı hadisələrində ittiham olunanların məhkəməsi şahid ifadələri ilə davam edib. Doqquz şahid dindirilib.

İLQAR MƏMMƏDOV SİYASİ DƏYƏRLƏNDİRMƏ ÜÇÜN GEDİB

Erkin Qədirli
Erkin Qədirli
REAL Hərəkatının Məclis sədri Erkin Qədirli ifadəsində bildirib ki, hərəkatın lideri İlqar Məmmədovun İsmayıllıya səfərində məqsəd siyasətçi olaraq hadisəni dəqiq şərh etmək istəyi olub. Onun sözlərinə görə, İlqar Məmmədov İsmayıllıya hadisələrə siyasi baxımdan dəyərləndirmək üçün gedib. Erkin Qədirli İlqar Məmmədovla əlavə telefon əlaqələrini xatırlamadığını söyləyib.

Erkin Qəbirli sosil şəbəkələrdə prokurorla sual-cavabının bir hissəsini paylaşıb:
Prokuror: İlqar Məmmədov Bakıya qayıdandan sonra İsmayıllı hadisələri barədə söhbət etmisiz?

Erkin Qədirli: Əlbəttə

Prokuror: Nə danışdınız?

E.Q.: Siyasi dəyərləndirmələrimizi müzakirə etdik.

Prokuror: Məsələn?

E.Q.: Hadisələrin səbəblərini müzakirə etdik.

Prokuror: Hansı səbəbləri?

E.Q.: İcra hakimiyyətinin düzgün təşkil olunmaması, yerli əhali tərəfindən seçilməməsi...
Prokuror (Erkin Qədirlinin sözünü kəsərək): Aydındır, davam etməyə ehtiyac yoxdur.

ABŞ-ın Alman Marşal Fondunun təmsilçisi Mehriban Rəhimli ifadəsində İlqar Məmmədov və Müsavat başqanının müavini Tofiq Yaqublunu tanıdığını deyib. O, müəyyən məsələlərlə bağlı telefon danışıqları olsa da, konkret İsmayıllı hadisələrinə dair telefon söhbətini xatırlamadığını deyib. Mehriban Rəhimli İlqar Məmmədovun Marshal Fondunun idarə heyətinin üzvü olduğunu da sözlərinə əlavə edib: “Bizim institutların siyasi beyin funksiyası olduğundan siyasi dəyərləndirmə nöqteyi-nəzərindən yanvarın 23 və 24-də telefon əlaqəsi saxlamışıq”.

“BİZ DEYƏN İFADƏNİ VERMƏLİSƏN”

Şahidlərdən Ruslan Əhmədov ifadəsində təqsirləndirilənlərdən heç kəsi tanımadığını deyib. O, çayxanadan çıxanda insanların toplaşdığını gördüyünü və həbs edildiyini bildirib. Şahid polis şöbəsində, polis rəisinin əməliyyat işləri üzrə müavinin rəhbərliyi ilə ona zor tətbiq edildiyini söyləyib:

“Məni 5 gün ac-susuz polis şöbəsinin zirzəmisində saxlayıblar. Məni hər gün çıxarır, döyüb geri qaytarırdılar. Tələbləri o idi ki, “biz deyən ifadəni verməlisən”.

Məhkəmə prosesində bir neçə şahid deyib ki, Şamaxı və Qəbələdə inzibati sutkalıq cəza aldıqdan sonra yenidən polisə dəvət olunub, lazımi ifadələr alınanadək qanunsuz olaraq polis şöbəsində saxlanıblar.

MƏHKƏMƏ ÇƏKİŞMƏSİNƏ İMKAN VERİLMİR

Müdafiə tərəfinin vəkillərinin sual verməsi məhdudlaşdırılıb. Xüsusilə də şahid polislərə sual verilməsinə tam şərait yaradılmayıb.

Vəkillər həqiqətin meydana çıxması üçün çəkişmə tələb edirlər. Vəkillər Nemət Kərimli, Fuad Ağayev, Nəvaid Abbasov bunun məhkəmənin obyektivliyini şübhə altına aldığını deyir. Vəkillər prokurorun yerindən danışaraq prosesi yönləndirməsinə də etiraz edib.

Məhkəmədə fasilə elan olunub.

ŞAHİDLƏRƏ KİMİN TƏZYİQ ETDİYİ ARAŞDIRILACAQ

Günün ikinci yarısında Böyük Britaniya səfirliyinin təmsilçiləri məhkəmə prosesini tərk edəndən sonra hakim şahidləri təhdid etməyə başlayıb.

AzadlıqRadiosunun müxbiri xəbər verir ki, hakim şahidlərin ilkin ifadələri niyə dandıqlarını, onlara kimlərin təzyiq edəcəyinin araşdırılacağını söyləyib.

«Azadlıq» qəzetinin müxbiri Ramin Deko prosesə dəvət olunub. O, yanvarın 24-də İlqar Məmmədov və Tofiq Yaqublunu saat 4-5 arası gördüyünü, bir neçə dəqiqə söhbətləşdiyini söyləyib.

«Aralandıqdan sonra eşitmişik ki, həbs olunub və polisin müşayiəti ilə Bakıya aparılıb», - Ramin Deko deyib.

İDRAK ABBASOVU DİNDİRMƏYİBLƏR

«Yeni Müsavat» qəzetinin əməkdaşı Elşən Balaxanski də bildirib ki, özü redaksiyadan onu əvəzləmək üçün müxbir göndərilməsini istəyib:

«Tofiq Yaqublu gəlmişdi. Onun da heç bir qanunsuz hərəkət etdiyini görməmişəm. Polisin müşayiəti ilə Bakıya aparıldığını eşitmişəm».

Jurnalist İdrak Abbasov isə prosesə buraxılmayıb. Bu səbəbdən İlqar Məmmədovla hakim arasında gərginlik yaşanıb. İlqar Məmmədov İdrak Abbasovun dindirilməsinə təkid edib, İsmayıllıya onunla birlikdə gəldiyini deyib. Vəkillərin vəsatət verməsinə baxmayaraq, hakim İdrak Abbasovun dindirilməsini şərait yaratmayıb, onun dindirilməsinə ehtiyac olmadığını deyib.

İlqar Məmmədov hakimə üz tutaraq «vaxt gələcək, bu qanunsuz hərəkətlərə görə cavab verməli olacaqsınız» deyib.

Vəkillər günortadan sonrakı prosesi «açıq şou» adlandırıblar.

Proses yanvarın 29-da davam edəcək.

Ötən il yanvarın 23-də İsmayıllıda “Çıraq” otelinin inzibatçısı və daha bir nəfərin yerli sakinləri təhqir etməsindən sonra bir qrup sakin oteli və onun həyətində olan maşınları yandırıb. Yerli sakinlərin rayon icra başçısının istefası tələbilə başladığı etiraz aksiyası təhlükəsizlik qüvvələri ilə qarşıdurmaya çevrilib.

18 nəfər həbs olunub. Onlar ictimai asayişi pozmaq, vətəndaşları kütləvi iğtişaşlara çağırmaq və hakimiyyət nümayəndələrinə zor işlətməkdə ittiham olunurlar. Müdafiə tərəfi ittihamları qəbul etmir.
XS
SM
MD
LG