Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:14

Əli İnsanov İlham Əliyevin adını çəkəndə, mikrofonu söndürüldü


Əli İnsanov
Əli İnsanov
-
Yanvarın 31-də Bakı Apellyasiya Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanovun ədliyyə naziri Fikrət Məmmədova və Penitensiar Xidmətə qarşı apellyasiya şikayəti üzrə məhkəmə davam etdi.

Əli İnsanov cəzaçəkmə yerində pis şəraitdə saxlanması və işgəncəyə məruz qalması ilə bağlı Nəsimi rayon Məhkəməsinə müraciət etmişdi. Lakin məhkəmə onun şikayətini təmin etməmişdi.

MƏQSƏD İŞİ UZATMAQDIR

Hakim Sənan Hacıyev bildirdi ki, işə mülki, ya da inzibati qaydada baxılması müzakirə olunmalıdır. Əli İnsanovun vəkilləri işə mülki qaydada baxılmasını təklif ediblər. Daha sonra hakimlər müşavirəyə yollandı.

Müşavirədən sonra məhkəmənin qərarı elan olundu. Qərara görə, işə inzibati qaydada baxılacaq. Bunun üçün də iş 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndəriləcək.

Əli İnsanovun vəkili Toğrul Babayev deyir ki, bütün bunlar işi uzatmaq üçündür:

«Məhkəmə işi yubatmaq məqsədilə Ali Məhkəmənin Plenumunun qərarının ziddinə olaraq heç bir araşdırma aparmadan bildirdi ki, bu işin mahiyyəti üzrə İnzibati-İqtisadi Məhkəmə araşdırma aparmalıdır. Buna görə də Nəsimi məhkəməsinin bu işlə əlaqədar qərarın qətnaməsini ləğv elədi. İşi 1 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə göndərdi».

ƏLİ İNSANOV QAPALI KABİNƏDƏ OTURDULDU

Keçən məhkəmə prosesindən fərqli olaraq mediaya nə video çəkilişə, nə də audio yazıya imkan verildi. Əli İnsanov da keçən məhkəmədə olduğu kimi dəmir barmaqlıqlar arasında deyil, qapalı şüşə kabinədə oturduldu. Ətrafında mühafizə alayının əsgərləri dayanmışdı.

Bir neçə dəqiqəlik məhkəmə prosesində Əli İnsanov vəkilləri ilə əl-qolla danışmalı oldu. Çünki qarşısındakı mikrofon ancaq proses davam etdiyi vaxt açılırdı.

Toğrul Babayev
Toğrul Babayev
«İQTİDAR MƏNDƏN QORXDUĞU ÜÇÜN BELƏ ETDİ»

Vəkili Toğrul Babayev deyir ki, Əli İnsanov keçən məhkəmədəki çıxışına görə bu dəfə belə şəraitdə oturdulub:

«Hamı şahidi oldu ki, Əli İnsanovu şüşəli qəfəsə saldılar. Danışmağa imkan vermədilər. Orada da səsi gəlmirdi. Biz onunla təmas qura bilmədik. Məcbur olduq ki, kağıza yazıb Əli müəllimə göstərək ki, məhkəmə nə istəyir. İndi Əli İnsanovla görüşdük. O bildirdi ki, belə şüşəli qəfəsləri biz bir dəfə sındırmışıq. Yenə sındıracağıq. Hesab edir ki, iqtidar ondan qorxduğu, danışmağının qarşısını almaq məqsədilə belə bir şərait qurub ki, Əli İnsanov ümumiyyətlə danışa bilməsin. Lakin Əli İnsanov bildirir ki, belə şüşəli qəfəsi bir dəfə sındırıb, yenə də sındıracaq».

Vəkil deyir ki, mülki işə baxılan yerdə ittiham olunanı bu cür qəfəsə salmaq kobud qanun pozuntusudur. Bununla bağlı müdafiə tərəfi Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcək.

VƏKİLİ İTƏLƏDİLƏR

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi sabiq nazirin işgəncə və ədalətli məhkəmə hüququ üzrə iddialarını təmin edib. Qərara əsasən, Azərbaycan hökuməti Əli İnsanova 10 min avro kompensasiya da ödəməlidir.

Ötən il noyabrın 15-də Ali Məhkəmənin Plenumu Əli İnsanov barəsində Bakı Apellyasiya Məhkəməsinin və Ali Məhkəmənin qərarları ləğv edilib. Birinci məhkəmə instansiyasının qərarı dəyişdirilməyib və Əli İnsanov həbsdən azad edilməyib. İş araşdırılması üçün yenidən Bakı Apellyasiya Məhkəməsinə göndərilib.

Yanvarın 31-də keçirilıən prosesdə müdafiə tərəfi bildirdi ki, Avropa Məhkəməsinin qərarına əsasən, Əli İnsanova bəraət verilməlidir. Məhkəmə bu vəsatəti təmin etmədi.
Əli İnsanov
Əli İnsanov

Əli İnsanov çıxışında yanvarın 31-nin Məhəmməd Əmin Rəsulzadənin doğum günü olduğunu xatırlatdı, hamını təbrik etdi. Avropa İnsan Haqları Məhkəməsinə, ABŞ Dövlət Departamentinə, Avropa Şurası Parlament Assambleyasına və mediaya təşəkkür etdi. «Bu məhkəmə qərəzlidir, İlham Əliyev məni...» deyəndə isə, mikrofonu söndürüldü.

Bundan sonra Əli İnsanov hakimlərin dəyişməsi ilə bağlı vəsatət qaldırdı. Hakimlər bu vəsatəti müzakirə etmək üçün müşavirəyə getdi.

Vəkil Toğrul Babayev Əli İnsanova yaxınlaşmaq istəyəndə, zaldakı bir neçə mülkigeyimli şəxs vəkilə «yaxınlaşmaq olmaz» dedi, vəkili itələdilər.

Müşavirədən qayıdandan sonra Toğrul Babayev bu haqda hakimlərə məlumat verdi. Ona təzyiq edən şəxslərin kim olduğunu soruşdu. Hakim dedi ki, onların kimliyi araşdırılacaq.

«YUXARI 30 MİLYARD PUL GETDİ...»

Bundan sonra dövlət ittihamçısı Əli İnsanova irəli sürülən ittihamları oxudu. Əli İnsanov ittihamların yalan olduğunu dedi. O, yenə İlham Əliyevin adını çəkəndə, mikrofonu söndürüldü. Bundan sonra Əli İnsanov olduğu şüşə kabinədən «özəlləşdirməyə 50 min obyekt çıxarıldı, yuxarı 30 milyard pul getdi» qışqırmağa başladı.

Məhkəmə prosesi fevralın 7-də davam edəcək.

Əli İnsanov 2005-ci ildə tutulub, iqtisadi cinayətlərdə təqsirli bilinərək 11 il azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG