Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:23

«Şirkətlər 40-45 manat cərimələnir, QHT-lərsə...»


Elçin Abdullayev
Elçin Abdullayev
-
Yanvarın 31-də QHT qanunvericiliyinə edilən və bir sıra QHT-lərin narazılığını doğuran dəyişikliklər paketi müzakirəyə çıxarılıb. Layihədə 2 məqam daha çox narazılıq yaradırdı – cərimə sanksiyalarının həddən artıq yüksəkliyi və reyestr çıxarışının etibarlılıq müddətinin 90 günə endirilməsi.

QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkil etdiyi müzakirələrdən sonra, bəzi məlumatlara görə, QHT-lərin narazılıqla qarşıladığı bəzi müddəalar layihənin son variantından çıxarılıb.

Müzakirəyə qatılanlardan biri – Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri Elçin Abdullayev AzadlıqRadiosuna müsahibəsində son layihədən hansı məqamların çıxarılmasından söz açır:

– Bizim üçün layihədə üç prinsipial məsələ vardı – hər 90 gündən bir dövlət reyestrindən çıxarışın alınması, QHT üzvlərinin birləşməklə bağlı şikayətinə baxılması və QHT-nin fəaliyyətinin öyrənilməsi məsələsi. Bizə təqdim olunan son layihədə 90 gün məsələsi əksini tapmamışdı. Qalan iki məsələylə də bağlı mövqeyimizi bildirdik. Hələ ki, həmin məsələlər açıq qalır. Hökumət inandırmaq istəyir ki, məqsəd QHT-lərin fəaliyyətinin şəffaflığına nail olmaqdır. Ancaq bu dəyişikliklər ictimai birliklərin fəaliyyətinə, ruhuna ziddir. İctimai qurumların fəlsəfəsi dövlət qurumlarına nəzarət etməkdir. Bu qanunsa tam tərs məqsəd güdür, QHT-lərin fəaliyyətinə nəzarət edən müvafiq icra hakimiyyətinin, yəni Ədliyyə Nazirliyinin QHT-lər üzərində səlahiyyətini artırır, onların işinə müdaxilə imkanları verir.

– QHT-nin fəaliyyətinin hansı halda dayandırılması barədə dəyişiklik nə yerdə qaldı?

– Yeni layihədə birləşmə hüququyla bağlı təklif olunur ki, qurumun hər hansı üzvünün məhkəməyə şikayəti əsasında təşkilatın fəaliyyəti bir ilədək dayandırıla bilər. Bu, özlüyündə anormal prosedurdur. Bir nəfərə hüquq verməklə digərlərinin hüququ pozulur və beləcə, prezidentin əvvəlki sərəncamları ilə ziddiyyət yaranır.

– Bu maddə saxlanıbmı son layihədə?

– Hələ ki, saxlanıb. Ancaq ümid edirik ki, təsdiqlənməyəcək. Yetərincə nüfuzlu beynəlxalq təşkilatlar da bu qanunvericiliyə yenidən baxılması üçün prezidentə müraciət edib. Doğrudan da bənzər qanunvericilik vətəndaş cəmiyyətinin müstəqil fəaliyyəti ilə ziddiyyət yaradır.

– Bəs QHT rəhbəri fiziki şəxs kimi xarici donorlardan qrant ala biləcək?

– Əslində, bu məsələ qanunda var, ancaq tənzimlənməsi üçün prosedur yoxdur. Qrant alan fiziki şəxslərin qrantları qeydiyyatdan keçmir. Qanunvericilikdə bu mənada boşluq var. Əvvəlki təklifdə vardı ki, dövlət reyestrindən çıxarışa əməl olunmaması həm fiziki, həm hüquqi şəxsin cəzalandırılmasıyla nəticələnsin.

– Cərimələrin artırılmasında hansı məqsəd güdülür?

– Layihə müəlliflərinin prinsipi budur ki, cərimələrin artırılması guya təşkilatların nizam-intizama marağını yüksəldəcək. Ancaq cərimələr adekvat deyil. Ayrı-ayrı şirkətlər vergi hesabatlarını təqdim etmədikdə 40-45 manat cərimə ödəyirlər. Ancaq daimi gəliri olmayan qeyri-hökumət təşkilatları hər hansı qanunazidd hərəkət etdiyi halda daha böyük cərimələrlə, sanksiyalarla üzləşə bilər. Bir qorxu da odur ki, İnzibati Xətalar Məcəlləsinin 80 faizi QHT-lərə tətbiq edilə bilər.

– Layihə müəllifləri bu dəyişiklikləri daha çox xarici QHT-lərin fəaliyyətini tənzimləmək zərurəti ilə əsaslandırırlar. Bu arqument nə dərəcədə əsaslıdır və sizcə, əsl səbəb budurmu?

– Bu arqument layihə müəllifinin – Milli Məclisin komitə sədri Əli Hüseynlinin dilindən səslənib. Əslində, dəyişikliklər həm də yerli vətəndaş cəmiyyətinin fəaliyyətinin məhdudlaşdırılmasını hədəf götürüb. Məqsəd – QHT sektoruna dövlət nəzarətini artırmaq, dövlətin (hökumətin) müdaxiləsinə hüquqi imkanlar yaratmaqdır.

– Sizcə, bu təkliflərin yaratdığı narazılığa hakimiyyətin reaksiyası nədən qaynaqlandı?

– Hesab edirəm ki, bu məsələnin müzakirəsi Prezident Administrasiyası səviyyəsində təklif olunub. Bu da yaxşı haldır. Vətəndaş cəmiyyətindən, beynəlxalq təşkilatlardan prezidentə müraciət olunub ki, bu qanunu imzalamasın.

– Milli Məclisin komitə sədri Əli Hüseynli bildirib ki, hazırda Prezident Administrasiyasında olan layihənin geri qaytarılacağı gözlənilmir. Sizcə, layihə bu şəkildə imzalanacaq?

– Qanunun imzalanması onu göstərəcək ki, Azərbaycan cəmiyyəti demokratik dəyərlərin inkişafında, qanunların islahatında maraqlı deyil, əksinə, keçmişə qayıtmaq istəyir. Azərbaycan bir sıra beynəlxalq qurumların üzvüdür və insan haqlarıyla bağlı öhdəliklər götürüb. Məncə, Azərbaycan prezidenti demokratik imicini qorumaq üçün bu qanunu parlamentdə yenidən müzakirəyə yönləndirəcək. Əlavə və dəyişikliklər şəffaflıqla bağlanır, ancaq qanunun qəbulunda şəffaflıq pozulub. QHT-lərə aid əlavə və dəyişikliklər mütləq həmin sosial qrupun üzvləri ilə müzakirə olunmalıydı. Bizdə əksinə olur. Qanun qəbul olunur, hansısa neqativ reaksiya doğurandan sonra yenidən müzakirəyə çıxarılır. Bu, prosedurların pozulmasıdır, həm də qeyri-peşəkar yanaşmadır.
XS
SM
MD
LG