Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:04

İlham Əliyev: «Xalqın birinci xidmətçisi mənəm...» [Video]


İlham Əliyev: "... alnıaçıq, üzüağ olsunlar"
Gözlə

No media source currently available

0:00 0:03:19 0:00
-
«Azərbaycanda korrupsiyaya və rüşvətxorluğa yer yoxdur. Xalqın birinci xidmətçisi mənəm və bütün dövlət məmurları belə işləməlidirlər».

Prezident İlham Əliyev fevralın 5-də keçirilən və regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrasına həsr olunan konfransda belə deyib.

Prezident həmin konfransda onu da deyib ki, «növbəti beş il ərzində Azərbaycan korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə nümunəvi ölkə olmalıdır».
Dövlət başçısı daha əvvəlki çıxışlarında da korrupsiyayla mübarizədən söz açıb. Ekspertlər belə çıxışların, hətta sözlü çıxışların bəlli effekt verdiyini də söyləyir və elə prezidentin də tez-tez adını xatırlatdığı ASAN xidmətini buna misal çəkirlər.

«KORRUPSİYAYA QARŞI MÜBARİZƏDƏ DAVAMLI SİYASİ İRADƏ OLMALIDIR»

Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov deyir ki, bu mübarizəyə dair qanun və sənədlər gələcək 5 ildə Azərbaycanı korrupsiya ilə səmərəli mübarizə aparan ölkələr sırasına çıxara bilər.
Vasif Mövsümov
Vasif Mövsümov
O, belə mübarizədə davamlı siyasi iradə göstərilməsini çox önəmli sayır:

«Qalır məsələlərin icrası, bu icrada da ciddi addımlara çox ehtiyac var. Qanunların icra olunmasına laqeyd qalan məmurların cəzalandırılmasına çox böyük ehtiyac var. Yaxşı olardı ki, dövlət vəsaitinin necə xərclənməsi araşdırılsın. Hüquq-mühafizə orqanları diqqət yetirsələr, regionlarda bu sahədə çox böyük əyintilər üzə çıxa bilər. Hətta bir dəfə dövlət başçısı vurğulamışdı ki, yerlərdə infrastruktur layihələrinin işlənilməsinə dövlət vəsait ayırır, onlar əhalidən də pul yığırlar, sahibkarlardan da».

«SON SEÇKİ MÜXALİFƏTİN SONU, ONLARIN RƏZALƏT ZİRVƏSİ İDİ»

Azərbaycanda daxili durumun sabit olduğunu bildirən prezident müxalifəti tənqid atəşinə tutaraq deyib:

«Bəzi satılmış müxalifət qruplarının fəaliyyəti heç bir səmərə vermir. Bizim ayağımıza dolaşmaq istəyənlər yenə də rəzil olurlar. Son prezident seçkisi də bunu göstərdi.
Zəfər Quliyev
Zəfər Quliyev
Xalqın böyük əksəriyyəti onların çirkin kampaniyasına uymadı. Xalq reallığa, inandığı adama səs verdi. Ona görə xaricdən ianə alan, vicdanını xaricilərə satan ünsürlərə Azərbaycan siyasətində yer yoxdur. Bunu son seçki də göstərdi. Son seçki müxalifətin sonu idi. Bu, onların rəzalət zirvəsi idi».

«PREZİDENT MÜXALİFƏT HAQDA ARZUSUNU GİZLƏTMİR»

Politoloq Zəfər Quliyev prezidentin müxalifətə münasibətinin Azərbaycan reallığında adi hala çevrildiyini söyləyir:

«Bizim yüksəkvəzifəli məmurlar, o cümlədən dövlət başçısı müxalifət haqqında danışanda aşağılayıcı ifadələr işlədirlər. Çox vaxt öz arzularını gizlətmirlər, deyirlər ki, bu cür müxalifətdənsə, müxalifətin olmamağı yaxşıdır. Onlar məqsədlərini – müxalifəti zəiflədib siyasi meydandan silmək niyyətlərini gizlətmirlər. Hakimiyyət öz istəyini açıq deyir və onu hansısa demokratik ritorika ilə pərdələmək istəmir. Bu səbəbdən prezident tam arxayındır – qalib gəlib və bu qələbənin necəliyi bir başqa mövzudur».

Cəmil Həsənli
Cəmil Həsənli
«XALQIN SƏSİ İLƏ SEÇİLƏN PREZİDENT OLSA, ELƏ İFADƏLƏR İŞLƏTMƏZ»

Milli Şuranın sədri, 2013-cü il seçkilərində prezidentliyə namizəd olmuş Cəmil Həsənlinin fikrincə, İlham Əliyev xalqdan səs almadığı üçün belə danışır:

«İlham Əliyev hakimiyyəti yalnız Mərkəzi Seçki Komissiyasından alıb. Ötən seçkilər göstərdi ki, İlham Əliyevin və onun komandasının xalq arasında nüfuzu və dayağı yoxdur. Xalq da İlham Əliyevə səs verməyib. Xalqın səsi ilə seçilən prezident olsa, elə ifadələr işlətməz».

1 MİLYON 200 MİN İŞ YERİ VƏ 5 FAİZ İŞSİZLİK VAR?

İlham Əliyev çıxışında ölkədə 1 milyon 200 min iş yeri açıldığından, yoxsulluğun 50 faizdən 5.3 faizə, işsizliyin 5 faizə düşməsindən də danışıb:

«Bu göstəricilər görə Azərbaycan hətta inkişaf etmiş ölkələri qabaqlayır».

«REALLIĞI ƏKS ETDİRMİR...»

Səslənən rəqəmlərin reallıq dərəcəsinə münasibət bildirən iqtisadçı-ekspert, «Güzəran» Araşdırmalar Mərkəzinin rəhbəri Qadir İbrahimli deyir ki, 1 milyon 200 min iş yerinin yaradılması özünü fiziki şəxslərdən gəlir vergisinin artımında, Dövlət Sosial Müdafiə Fonduna ödənilən sosial sığorta ayırmalarının artmasında göstərə bilərdi:
Qadir İbrahimli
Qadir İbrahimli

«Ancaq faktiki olaraq, o rəqəmlərdə əhəmiyyətli artım yoxdur».

Yoxsulluğa gəlincə, ekspert deyir ki, yoxsul adamlar evə ehtiyac meyarından aşağı gəlir gətirən adamlardır. Onlara ünvanlı sosial yardım verilir:

«2006-cı ilin iyulundan bəri Azərbaycanda ünvanlı sosial yardımın verilməsinə 1 milyard 500 milyona yaxın vəsait xərclənib. Hazırda 140 min ailə ünvanlı sosial yardım alır – başqa sözlə, 615 min 516 nəfər. Bu rəqəm bir neçə ildir həmin səviyyədə qalır. Yoxsulluğun səviyyəsi azalıbsa, ünvanlı yardım alanların sayı niyə azalmayıb? Və ayrılan məbləğ də o halda dəyişməz qala bilər ki, bunu alanların sayı azalsın, aldıqları yardımın məbləği artsın. Ancaq görürük ki, bu məbləğ bir ailə üçün indi 126 manat 88 qəpikdir və dəyişiklik yoxdur. Bu da onu göstərir ki, əslində, o yoxsulluq göstəriciləri də reallığı düzgün əks etdirmir».

İşsizlik məsələsinə də toxunan Qadir İbrahimli deyir ki, yalnız Məşğulluq Mərkəzində qeydiyyatda duranların işsiz sayılması reallığı əks etdirmir:

«Ünvanlı sosial yardım alanları mütləq məşğulluq mərkəzlərinə göndərirlər ki, qeydiyyata düşsünlər. Bundan sonra müəyyən müddətdə işlə təmin olunmasalar, onlara ünvanlı sosial yardım təyin edilir. 615 min nəfər adama ünvanlı sosial yardım verilirsə, heç olmasa, onları işsizlərin siyahısına daxil etsəydilər, işsizlik 5 faiz yox, daha yüksək olardı».
XS
SM
MD
LG