Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:38

Günel Mövlud. Məmə davası


Günel Mövlud
Günel Mövlud
-

Üç gündü sosial şəbəkələrdə xəbər lentindən döşlərinin yarısı açıq bir xanımın şəkli düşmür.

Adətən bu şəkilləri yanında bir yazı ilə paylaşırlar və yazıların da başlıqları belə olur: «Kosmetoloq biabırçı geyimdə efirə çıxdı!», «Sinəsi açıq efirə çıxan aparıcı işdən qovuldu!», «Əri onu boşadı!», «Efirə biabırçı geyimdə çıxan aparıcı üzr istədi!»…

Adətən, belə başlıqlı yazıları oxumuram. Amma bu açıq sinə məsələsi çox uzandı və xəbərlərin bir neçəsini açıb, məsələ ilə tanış oldum. Məlum oldu ki, neçə gündü ölkəni bir-birinə vuran hadisə bundan ibarət imiş ki, yerli televiziyalardan birində xanım həkim-kosmetoloq efirə dekoltedə çıxıb.

Mən dekolteyə münasibətimdən danışmaq istəmirəm. Çünki insanın geyimi barədə tənqidi fikir yürütməyi ayıb bir şey sayıram.

Geyim, hər insanın özünüifadəsidir. Və hər kəs bunu bacardığı kimi edir. Geyimə görə fəxr eləmək axmaq bir iş olduğu kimi, geyimə görə utanmaq və utandırmaq da ayıbdır.

Amma bir halda ki, məsələ dekolte məsələsidi, deyim ki, o xanım kosmetoloqun dekoltesi bizim hər gün yerli televiziyaların efirində müğənnilərin, ulduz yarışmalarındakı münsif xanımların, aparıcıların, aktrisaların dekoltesindən heç nə ilə fərqlənmirdi.

Özü də belə dekolteni biz o müğənnilərin, aktrisaların əynində görmüşük ki, onlar əllərinə mikrofon alıb, «qurban olum xalqımızın milli mentalitetinə», «bizim milli dəyərlərimiz var», «qurban olaram İslam kimi gözəl dinimizə» ifadələrini bir-birinin ardınca düzürlər.

Heç kim də heç vaxt o müğənnilərə, aktrisalara irad tutmayıb ki, ay bacı, İslam hara, mentalitet hara, məmənin yarıaçıq olmağı hara? Düzdü, məməni açıq qoymaq nə ayıbdır, nə də günah, amma məmənin açıqlığı ilə mentalitet və din bir araya sığmır axı…

Yenə də məsələ mənə qaranlıq qaldı ki, niyə məhz o həkim-kosmetoloq xanımın dekoltesi belə qalmaqala, sarsıntılara səbəb olub və xanım niyə belə amansız reaksiyaya məruz qalıb? Axı o din, nə bilim, hətta məişət əxlaqı barədə veriliş aparmayıb, verilişi azyaşlılara hesablanmayıb, yəni məmənin problem doğuracağı heç bir mövzuya girişməyib.

Xanım deyəsən, kosmetologiyadan danışıb ki, adamın üstündə allah var, o sahənin də məməyə ciddi aidiyyatı var.

Hələ üstəlik, bütün qınaqlar, qalmaqal, səs-küy azmış kimi, xanım kosmetoloq xalqdan üzr də istədi. Hadisənin bura qədəri gülməli və məntiqsiz idisə, burası artıq hiddətləndirici oldu. Adama deyərlər, sinə açmaq ayıbdısa, niyə açırsan, ayıb deyilsə, niyə üzr istəyirsən?

Sonradan məsələdən agah oldum ki, sən demə, xanım aparıcı çal-çağırlı, qalmaqallı, şou-biznesli telekanallarda deyil, İctimai Televiziyada efirə çıxıb.

Bundan sonrası, daha doğrusu, bundan əvvəli tamam aydın oldu. Əlbəttə, sən pulunu, çörəyini reytinq allahından çıxaran özəl telekanallarda məmə açırsansa, bu başqa məsələdi.

Amma dövlətin büdcəsindən maliyyələşən, maraqlı, rəngarəng, baxımlı olmağa məcbur qalmayan, özündə belə bir məsuliyyət hiss eləməyən, sadəcə milli mentalitet, din, dəyərlər keşikçisi rolu ilə kifayətlənən bir telekanalın efirinə məməsiaçıq çıxırsansa, bu, tamam başqa məsələdir.

İctimai Televiziya elə bir telekanaldır ki, filmlərdəki ən məsum öpüşləri doğrayır, ən zərif sığalları çıxarır, ən effektli sözləri ayıb hesab edərək, qayçılayır. Bununla filmin bədii harmoniyasını pozmaqları, rejissorun, yaradıcı adamın haqlarını tapdamaqları, bədiilik-zad onları maraqlandırmır.

Neçə ildir ki, bu telekanal «Təhminə» filmini idbar günə salıb, tamaşaçılara təqdim edir. Filmdəki sərrast söyüşlər, epataj, öpüşlər, Anar müəllimin bütün zəhməti və o vaxtkı qəhrəmanlığı gedib işinin dalınca. İctimai Televiziyada bir öpüş, məmə, bədən fobiyası var. Onlar öpüşdən, məmədən, qadın bədənindən qorxurlar.

Vəziyyət o həddədir ki, gün uzunu aşıq yaradıcılığına bol-bol efir verən İTV Aşıq Ələsgərin, Aşıq Alının «məmə» ilə dolu qoşmalarından, gəraylılarından birini də efirə vermir. baxmayaraq ki, bu kanalın efirindən düşməyən aşıqlar həmin bol məməli qoşmaları məclislərdə bəh-bəhlə oxuyurlar.

Bunların əllərindən gəlsə, xalqa təlqin edərlər ki, qadının bədəni yoxdur, məməsi isə heç yoxdur. Təlqin etmək bir yana, hətta istəyərlər ki, qadın deyilən varlığın, ümumiyyətlə, məməsi olmasın. Ya da lazım olanda məmə peyda olsun, funksiyası bitəndən sonra məmə yoxa çıxsın.

Mənə hərdən elə gəlir ki, onlar qadın deyilən varlığın bədəninə məmə yerləşdirdiyi üçün Yaradanı qınamağa belə cəsarət edir, ürəklərində onunla ciddi polemikaya girirlər. Sonra bir az güzəştə gedirlər ki, yaxşı, məmə yaradırdın, yaradırdın, bəs niyə hamısını bəzi qadınlardakı kimi balaca, yastı, görünməz yaratmırdın. Bu böyük, şux, dik məmələri neylərdin...?!

Amma nə etmək olar ki, biz qadınıq. Nə edək ki, məməmiz var. Nə edək ki, hərdən o məmələr görünür. Məmə ilə mübarizə aparmaq mənasızdır. Məmə həmişə olub və olacaq. Məmə ilə mübarizə aparanların hamısı isə məğlub olmağa məhkumdur.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)
XS
SM
MD
LG