Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 04:04

«Qədir Rüstəmov «Sona bülbüllər»i oxuyandan sonra hamının əlinə girəvə düşdü»


Ağakərim Nafiz
Ağakərim Nafiz
-
«65 yaşın ən azı 50 ilini musiqiyə sərf eləmişəm, onun, heç olmasa 45 ilini şeir və təsniflər qoşmaqla keçirmişəm».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına şirvanlı muğam ustası Ağakərim Nafiz söylədi.

«O QƏDƏR MAHNI-TƏSNİF QOŞMUŞAM Kİ...»

Onun sözlərinə görə, o qədər mahnı və təsnif qoşub ki, hətta bəstəkarları yarışa çağıra bilər:

«Ona görə qoşmuşam deyirəm ki, bəstələmişəm desəm, başlayacaqlar ki, sən təhsilli bəstəkar deyilsən... Amma onları yarışa çağıra bilərəm--görək kim bir neçə dəqiqəyə neçə mahnı, ya təsnif bəstələyəcək. Mənim mahnılarım xəlqidir, qədim mahnılara oxşayır. Sözləri də dürüst, yerində olar. Qədim mahnıların sözlərində nöqsan tapa bilərsən. Çünki kamil adamın əlindən çıxmayıb. Onu kimsə qoşub. Eləsi var sözlərini eşidəndə, adamın qıdığı gəlir. Odur ki, mən mahnı qoşanda, çalışıram şair sözü olsun. Yaxşı şairlərin, qədim şairlərin. O olmayanda, onu tapmayanda, özüm quraşdırıram...(gülüşmə) Bir az şairliyim də var. Klassik formada--qəzəl, müxəmməs, mürəbbi formasında yazıram».

«MƏNİM 200 TƏSNİFİM VAR!»

AzadlıqRadiosu müxbirinin: «Nədən gözdənuzaq bir musiqi həyatı yaşayırsınız» sualına verilişin qonağı belə cavab verdi:

«Sözün düzü, axır zamanlar məni dəvət eləmədilər… Mən də baxdım gördüm bəs deyincə təsniflər qoşmuşam ki, 7 əsrə çatar. Ramiz Zöhrabov Moskvada bir təsniflər kitabı buraxıb-- 100 təsnif adıyla. Kitab mənim əlimə çatanda, 72-nin üstündən xətt çəkdim. Çünki təsnif deyildi. Təsnif musiqinin bir janrıdır. Onun özəllikləri var. Təsnif təsnifə oxşamalıdır. Mənim özümün 200 təsnifim var».

İLK DƏFƏ DƏSGAHI KİM YARADIB?

Ağakərim Nafiz Azərbaycan musiqisində bu vaxtacan 28 təsnif olduğunu deyir:

«Bəlkə yaddan çıxanı da var. Qoy olsun 35. Muğamata (əslində məğamatdır) dəsgahlaşandan sonra təsniflər əlavə olundu. O vaxtdan bu vaxtacan İranda və Azərbaycanda oxunur. Başqa yerdə yoxdur. Dəsgah da yoxdur. Bizimkilər dəsgahlaşdırıblar. İlk dəfə dəsgahları Hacı Nəcəf bəy Şirvanı yaradıb. Həsən Çap adında bir xanəndə olub –Fətəli şahın sarayında oxuyub. İran musiqiçiləri də orda olublar. Heyrətə gəliblər ki, məğamat dəsgah şəklində oxunur… Ondan 10-15 il sonra Əli Əkbər Fərəhani dəsgahlar yaradıb, amma Azərbaycan dəsgahlarının təsirindən çıxa bilməyib… Bunu Azərbaycanda kimdən soruşsan bilməz. Cəsarətlə deyirəm bu sözü…».

Ağakərim Nafiz
Ağakərim Nafiz
QƏDİR RÜSTƏMOV «SONA BÜLBÜLLƏR»İ OXUDU, HAMININ ƏLİNƏ GİRƏVƏ DÜŞDÜ…

Ağakərim bəyin sözlərinə görə, hərdən Azərbaycanda hər şeyi bir-birinə qatıb oxuyurlar:

«Məsələn, «Çahargah» təsnifi—mahnını oxuyurlar, adına təsnif deyirlər. Bu, ayıbdır. Mahnı ayrı janrdır. 20-30 il əvvəl Azərbaycan televiziyasında mahnıda muğamat eləməyə qoymurdular. Sonra Qədir Rüstəmov «Sona bülbüllər»i oxudu, gözəl alındı. O vaxtdan hamının əlinə girəvə düşdü, başladılar mahnının içində muğamat oxumağa. Muğamatı oxuyarsan, sonra arxasınca təsnif oxuyarsan--şöbədən-şöbəyə keçməkdən ötrü. Təsnif bu deməkdir».

OĞURLUQ TƏSNİFLƏR VAR…

Ağakərim Nafiz indi yüngül, dayaz musiqilərin təsnif adı ilə oxunduğunu dedi:

«Mən elə həvəskar tanımıram ki, Qulu Əsgərov kimi sanballı mahnıları olsun. Amma adı heç yerdə çəkilmir… İndi elə adamlar var ki, yüngül dayaz şeyləri təsnif adı ilə xalqa sırıyırlar. Mən belə şeylərin əksinə gedərəm. Yeri gəldikcə üzünə də deyərəm. Gəlsin otursun--sübut eləyim. Məsələn, belə bir təsnif oxunur: «Qəmindən qönçə tək dilqamə döndü»—«Dəşti»də oxunur, Əlibaba Məmmədov oxuyur. Bu, İran mahnısıdır. Əli Əkbər Şahnazinin mahnısıdır. Mən bunu İranda öyrəndim… Sonra bizdə belə bir təsnif oxuyurlar—«Dağların başı qışda qar olar»—bunu Mərziyyə xanım oxuyub Filarmoniyada vaxtilə. Radionun fondunda bu mahnı farsca var. Sonra buna dilimizdə söz qoşublar. Belə mahnılar çoxdur».

«AXIRINCISI MƏNƏM…»

Nafiz dünyada təsnif yaradan 4-5 sənətkarın olduğunu bildirdi:

«Ney Davud deyilən bir bəstəkar olub. İranda yaşayıb, əslən yəhudi olub. Çoxlu təsniflər yaradıb. İkincisi, Şeyda olub İranda. Biri də xanəndə Mirzə Məmmədhəsən olub bizdə--Şamaxıda. Axırıncısı da mənəm. İndi bir-iki təsnif yaradanlar var. Məsələn, Hacıbaba Hüseynov—hamımızın ustadı idi, onun sənətindən böyük sənət tanımıram. Çox yaradıcı adam idi. Özünün dediyinə görə, 10-15 təsnifi var. 10-15 mahnı bəstələyənə bəstəkar demək olmaz. Ən aciz bəstəkarın 300-400 mahnısı olur. Hind yazıçısı Taqorun 2 min mahnısı olub—amma özünü həvəskar bəstəkar adlandırıb».

ŞİRVAN XALÇASINA BƏNZƏDİLƏN SƏS…

Ağakərim bəy Fransada olmasının tarixçəsini danışdı:

«2000-ci ildə Fransadan bir musiqiçi gəlmişdi. Alimin tarçalanı Maliklə görüşmüşdü. Ona Azərbaycan televiziyasının mənim barəmdə çəkdiyi «Naməlum səs» filmini göstərmişdi.
Ağakərim Nafiz
Ağakərim Nafiz
Mənimlə də gəlib görüşdü. Malik tarı gətirmişdi, çaldı, oxudum. Aparıb mənim kasetimi o vaxtkı Fransa səfiri Genout-a da göstərib. O da mənimlə görüşmək istədiyini bildirib. Görüşdük, tanış olduq. O, Azərbaycandan gedərkən mətbuat işçiləri üçün bir görüş keçirib və orda ən çox mənim haqqımda danışıb… Deyib ki, Ağakərimi bilmirəm nəyə bənzədim? Axırda qərara gəldim ki, Ağakərimi Şirvan xalçalarına bənzədim… Sonra mən Fransada olanda, vaxtilə Bakıda olan musiqiçi həmin səfirə zəng vurdu, dedi Ağakərim burdadır. Onda onu Əfqanıstana səfir göndərmişdilər. Səfir qayıtdı ki, Ağakərimə denən mənim üçün bir ağız oxusun. Telefonda bir ağız oxudum onun üçün».

AĞAKƏRİM QOCALDI GETDİ…

65 yaşlı xanəndə ilk diskinin də elə xaricdə çıxdığını bildirdi:

«Bir neçə dəfə Fransada oldum. Kənar adalarına qədər gəzdim. İlk diskim də orda çıxdı. Sonra İspaniyada, İtaliyada, İsveçrədə oldum. 2011-ci ildə Amerikaya da dəvət aldım. Son vaxtlar daha heç kəs xatırlamır məni. Yəqin deyirlər Ağakərim qocaldı getdi…».

MUĞAM SARAY SƏNƏTİDİR

Nafiz Şirvan muğam məktəbi ilə Qarabağ muğam məktəbinin fərqini də bizə izah etdi:

«Oxuma üslubu var. Qarabağlıların üslubu ayrılır. İndi də, qədim xanəndələrdə belədir. Şirvan məktəbi qədimdir. Qarabağda XIX əsrin ortalarında başlayıblar muğamata keçməyə. O çağacan orda xanəndə olmayıb, aşıqlar olub. Xanların - Pənahəli xanın, İbrahim xanın əsilləri İrandangəlmədir. Onlar saraya İrandan musiqiçilər gətirib oxudardılar. Muğam saray sənətidir, Xalq sənəti deyil. Xalqın içinə çıxan kimi öz mahiyyətini itirir. Xalq ona bir az maraq göstərir, sonra soyuyur. Şirvanda muğam qədimdir. Çünki Şirvanda şahlıq olduğundan, saraylarda yaşayıb bu sənət. Şirvanşahlarda adlı-sanlı musiqiçilər, xanəndələr olub. Ancaq bir təəssüf doğuran məqam var. Səsyazma çıxanda, Şirvan xanəndələri səslərini yazdırmayıblar… Bircə Davud Səfiyarov, bir də Mirzə Güllər səsini vala yazdırıb».

«İz» qarşınızdadır. Mütləq dinləyin. Sonda Ağakərim Nafizin canlı ifasını eşidəcəksiniz.
XS
SM
MD
LG