Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:32

Şahbaz Xuduoğlu. Bir kitabın sirri


Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu
-

"Mənim 52 yaşım var. Sağlam olsam da, vəsiyyətimi yazmışam..."


Şahbaz Xuduoğlu


BİR KİTABIN SİRRİ

İkinci Məktub


Almaniyadan bir məktub aldım.

Hans adında biri yazmışdı ki, "Əli və Nino" kitabının kolleksioneridir və bizdə çıxan kitabları almaq istəyir.

Həm bizim nəşr etdiyimiz, həm də digər nəşrləri toplayıb ona göndərdim.

Ödəniş məsələsi gələndə isə dedim ki, Frankfurtda kitab yarmarkasında görüşsək, bir kofe alarsan.

Bu dəfə Frankfurtun mərkəzi küçəsində, Hauptewache kafesinin qarşısında görüşdük. Evinə dəvət etdi. Bəxtim gətirib, mərkəzdə yaşayıram, - dedi.

Üçüncü mərtəbədə yaşayır. Qapını açan kimi uzun tüklü kök bir pişik qarşımıza çıxdı. Qucağına alıb ""Koşka"dır, İstanbulludur", - dedi.

Mənzilinin üç otağından biri həm də ofisidir. Xırda bir nəşriyyatı var. Cəmi 50-60 kitab nəşr edib. İş otağının bütün divarları kitabdı.

"Sevirəm taxtadan düzələn kitab rəflərini". Birinin qarşısında dayanır, "bu dolab "Əli və Nino"dur", - deyir.

Gerçəkdən, beş rəfli bir dolab "Əli və Nino" idi. İlk nüsxədən tutmuş bütün dillərdəki nəşrləri. Kitab 67 ölkədə 33 dildə nəşr olunub.

İlk dəfə almanca çıxan 1937-ci nəşrini götürüb bu araşdırmanın səbəbini izah edir. Bu nüsxəni tapmağa 3 il vaxt sərf edib.

"Kitabxanaya getmişdim. Məhəmməd Əsəd bəyin kitabını gördüm. Ad məni cəlb etdi. Kitabda müəllif haqqında olan hissədə bir cümlə oxudum. Yazılmışdı ki, İtaliyada ölüb, amma hələ də bilinmir ki, o, Qurban Səiddir, ya yox. Bu cümlə məndə maraq yaratdı, özümə dedim ki, mən müəyyən edəcəyəm. Və o vaxtdan axtarışlara başladım. Məni dəli hesab edənlər də var. Kimə lazımdır bu, bilmirəm. Amma mənə çox lazımdır".

On ildir məlumat yığır. İlk olaraq Azadlıq Radiosunda 1972- ci ildə səslənən verilişin stenoqramını, 1990-cı ildə "Azərbaycan" jurnalının "skan" olunmuş variantını, Məhəmməd Əsəd bəyin şəkillərini, kitabxanalarda rastlaşdığı məlumatların surətini, kitablarını nəşr edən naşirlər barədə məlumatları, o vaxtkı qəzet materiallarını göstərir. Bəlli olur ki, ən xırda nüsxəyə belə, pul ödəyib.
Hans
Hans

Məhəmməd Əsəd bəyin dostlarından birinin oğlunu tapıb, hazırda onunla məktublaşır. O, atasının gündəliklərini göndərib, orada Məhəmməd Əsəd bəydən də söhbət gedir. Həmin hissəni həvəslə oxuyur. O vaxtan qalan qədim bir fotoda Məhəmməd Əsəd bəyi və dostunu göstərir.

Divardan Məhəmməd Əsəd bəyin şəcərəsini asıb. Amma onlardan heç biriylə əlaqə yoxdur. O dövrdən kimsə həyatda qalmayıb.

Arabir fasilə verib "nə yaxşı gəldin və bunları sənə danışıram" - deyir: "Axı burada bu mövzu heç kəsə maraqlı deyil. Kimə danışım".

Məhəmməd Əsəd bəyin Bakıya, müsəlman mühitinə olan sevgisindən danışır. "Kiyevdə doğulub, amma Bakıda böyüyüb. Beş yaşı olanda anası intihar edib. Səbəb Stalin olub. Anası barmağındakı almaz üzüyünü Stalinə göndərib. Fəhlə hərəkatına yardım məqsədiylə. Bundan xəbər tutublar. Güman ki, elə ona görə də intihar edib".

O, Hitlerin Məhəmməd Əsəd bəyə münasibətindən, Almaniyanı tərk edib İsveçrəyə getməsindən, bir müddət üzləşdiyi aclıqdan, imzasının Qurban Səid olma səbəblərindən danışdı.

"Əli və Nino"nun tərcümələri arasındakı fərqlərdən də danışdıq. Söhbətə fasilə vermədən bir kofe dəmlədi.

Amma, iki saatdan çox vaxt ötmüşdü. Aeroporta getmək lazım idi. "Əli və Nino"nun ilk nüsxəsinin fotosunu çəkirəm. Bir də kitab dolabı önündə Hansı. "Yalnız özün üçün", - deyir.

"Mənə elə gəlir ki, sənin kitabın hazırdı artıq", deyirəm. Gülür. Demək olar ki, deyir.

Görüşdüyümüz meydana qayıdırıq. İllərin dostları kimi ayrılırıq. Son sözü "bu qədər məni heç kəs, heç vaxt dinləməyib", oldu.

Bakıya enəndə məktub aldım. "Məni maraqla dinlədiyinə görə təşəkkür edirəm. Hiss etdim ki, üzdüyüm gəmidə tənha deyiləm. Mənim 52 yaşım var. Sağlam olsam da, vəsiyyətimi yazmışam. Qurban Səidlə bağlı bütün arxivimi Alman Milli Kitabxanasına vəsiyyət etmişəm. Bildiklərimin yalnız iyirmi faizindən də azını danışa bildim. Qalanı qaldı. Başqa vaxta. Hans".

Hələ də ağlımda Hansdı. Necə ola bilər ki, heç zaman Azərbaycanda olmadan, həyatının on ilini, vəsaitini, düşüncələrini bir kitaba, tarixdə qalan bir düyünü açmağa həsr edəsən.

Məgər bu, böyük insan ruhunun və kitaba olan sevginin qüdrəti deyilmi.
XS
SM
MD
LG