Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:22

«Sovetski» camaatının dediyi olmayacaq


«Sovetski» camaatı verilən kompensasiyaya etiraz olaraq fevralın 16-da aksiya keçirib.
«Sovetski» camaatı verilən kompensasiyaya etiraz olaraq fevralın 16-da aksiya keçirib.
-

2 mart- Media icmalı

Maliyyə Nazirliyi «Sovetski»də nəzərdə tutulan söküntü işləri və burada daşınmaz əmlaka malik olan mülkiyyətçilərə təklif olunan məbləğ barədə açıqlama verib. Bu barədə modern.az saytı məlumatı yayıb.

Nazirliyin açıqlamasında deyilir ki, «Sovetski» adlanan ərazidə evlərin alınması tam könüllülük prinsipi əsasında həyata keçirilir. Bu ərazidə yerləşən əmlakların dövlət tərəfindən alınması zamanı, əmlakın faktiki ümumi sahəsinin hər bir kvadrat metrinin dəyəri 1500 (bir min beş yüz) manat həcmində yuxarı hədd müəyyən olunub. Qeyd edilən məbləğin müəyyən olunması üçün həmin ərazidə kifayət qədər təhlillər aparılıb və müstəqil ekspert rəyləri nəzərə alınıb. Belə ki, qeyd olunan sahənin Bakı şəhərinin mərkəz hissəsinə yaxın ərazidə yerləşməsinə baxmayaraq, bir sıra amillər həmin ərazidə yerləşən əmlakların bazar dəyərinə mənfi təsir göstərməkdədir. Belə ki, ərazidə yerləşən tikililərin böyük əksəriyyəti bugünki şəhərsalma qayda və tələblərinə uyğun gəlmir, yaşayış sahələri müvafiq təhlükəsizlik və yaşayış üçün müəyyən edilmiş ümumi tələblərə cavab vermir, kommunal, kommunikasiya və digər infrastruktur sistemləri qənaətbəxş vəziyyətdə deyil və onların yenidən qurulması üçün xüsusi təyinatlı texnikanın əraziyə daxil olmasında darısqal, ensiz yollar ciddi maneələr yaradır.

«Sovetski» camaatı verilən kompensasiyaya etiraz olaraq fevralın 16-da aksiya keçirib. Hökumət sakinlərinin tələblərinin nəzərə alınacağını bildirib. «Sovetski» sakinləri isə kompensasiyanın məbləğinin artırılmayacağı təqdirdə martın 3-də yenidən aksiya keçirəcəklərini bəyan edib.

NEFT ŞİRKƏTİNDƏ İXTİSARLAR...

Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı
Neftçilərin Hüquqlarının Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı «Yeni Müsavat»a açıqlamasında bildirib ki, ixtisarlarla bağlı ARDNŞ-in açıqlaması reallığı əks etdirmir: «Təkcə bir faktı deyim. Neft-qaz elmi layihə institutundan işçilərin tən yarısı ixtisar ediləcək. Rəhbərlik işçiləri yığıb deyib ki, 50 faiz ixtisar olacaq».

Onun sözlərinə görə, 2013-cü ildə prezident seçkisi ili olduğundan, ixtisarlar nisbətən az olub: «İxtisar olunan işçilərin sayı 5 min nəfər olub. Əlavə olaraq müvəqqəti müqavilə bağlanan işçilər müqavilə müddəti bitdiyindən, işdən çıxarılıb, təqaüdçülərə məcburi ərizə yazdırıb işdən çıxarıblar. ARDNŞ hələ 2012-ci illə bağlı illik hesabatını öz saytına yerləşdirməyib. Şirkətdən bildirilir ki, bu ilin 7 yanvarından 24 fevrala qədər 7 min işçi ixtisar edilib və bunun 6 mini başqa yerlərə yerləşdirilib. O boyda vakansiya haradandır?»

POLİSLƏRİ GÜLLƏLƏYƏN ŞƏXSİN DÜKANINI YANDIRDILAR

Fevralın 23-də Sabunçuda ikisi polis olmaqla 4 nəfəri güllələyən Gülağa Lətifovun dükanı yandırılıb. AzNews.az-a daxil olan məlumata görə, hadisə ötən gecə Gülağanın qonşuları tərəfindən törədilib:

Arxiv foto
Arxiv foto
«Əraziyə polislər və Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Xatırladaq ki, Gülağa Lətifov mübahisə zəminində 4 qonşusunu güllələmişdi. Güllənənlər arasında Sabunçu Rayon Polis Şöbəsinin rəis müavini Akif Nəzərov və onun oğlu Suraxanı polisinin əməkdaşı Asif Nəzərov var idi. Hazırda onlar müalicə olunur. Güllənənlərdən digər ikisi isə rəhmətə gedib.

İnsidentə səbəb qəsəbə sakini Gülağa Lətifovun 68 nömrəli orta məktəbin balansında olan stadionda tikdirmək istədiyi tikinti ətrafında qonşularla yaranan mübahisə olub.
Hadisədə baş verən gün stadionda Çay evinin tikdirilməsinə etiraz əlaməti olaraq Gülağa Lətifovun əraziyə tökdürdüyü daşları stadion boyu əraziyə düzüblər. Bundan qəzəblənən qəsəbə sakini G.Lətifov avtomobilində gəzdirdiyi «Vinçester» markalı tüfənglə qonşularına atəş açıb».

AZƏRBAYCAN BMT-NİN ƏN NÜFUZLU ÜZVLƏRİNDƏNDİR

1992- ci il martın 2-də Azərbaycan BMT-yə üzv olub. «Azərbaycan» qəzetində dərc olunmuş yazıda deyilir ki, Azərbaycan BMT dəyərlərini bölüşərək insan hüquqları, iqtisadi və sosial sahələrdə həyata keçirilən müxtəlif proqramlar çərçivəsində qurumla əməkdaşlığını ildən-ilə genişləndirir.

«Azərbaycan 2012-2013-cü illərdə Şərqi Avropa bölgəsini Təhlükəsizlik Şurasında təmsil edən qeyri-daimi üzv kimi mühüm addımlar atmışdır. 2012-ci ilin yanvarından Azərbaycan BMT TŞ-də səlahiyyətlərinin icrasına başladı. 2012-ci ilin may ayında bu quruma sədrlik etdi. BMT TŞ-yə üzv qəbul olunması və dövlət başçısı İlham Əliyevin sədrliyi ilə 2012-ci ilin may ayında TŞ-nin iclasının keçirilməsi Azərbaycanın diplomatiya tarixində əldə edilmiş ən böyük nailiyyətlərdən biri olmaqla beynəlxalq aləmdə çəkisinin artması, dünya siyasətindəki müxtəlif qlobal problemlərin müzakirəsinə cəlb olunması, regional siyasətlə yanaşı, dünya siyasətinin də əsas aktorlarından birinə çevrilməsi deməkdir».
XS
SM
MD
LG