Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 15:16

Camaat, bu serial ki var, çox qəliz məsələdir...


Elvin Əhməd
Elvin Əhməd
-

İlk öncə ədəbiyyata, "romançılığa" sərmaye qoyulmalıdır...


Elvin Əhməd


SƏNAYE İLİNDƏ SERİAL SƏNAYESİ


Proloq:
Tutuquşu digər quşları yamsılamağa başlayandan sonra öz dilini itirdi.


Kişi daşdan da pul çıxarar deyibən, yurdda hər işə baş vuran vətəndaş çox, amma, bir işə ciddi-ciddi baş vuran vətəndaş yox.

Əlqərəz cılxa-teyxa bir sahədən bərk yapışanı olmayan məmləkət, təbii olaraq hərşeyşünaslığa meylli olur.

Adam bütün işlərlə maraqlanır, bir tək öz sahəsindən başqa. Necə ki, sıravi vətəndaşı siyasətlə məşğul olan dövlətin siyasətçisi "biz siyasətə qarışmırıq" - deyə cavab verir.

Daha bilmirlər ki, sən onunla məşğul olmasan, bir gün o, səninlə məşğul olacaq. Hansı biznes daşını yırğalasan məmur izi görünən kimi hansı sahəni də qurdalasan diaqnozu - onurğa sütununun ağır patologiyası.

Səbəbi beldən aşağı müalicə, orqanizmə qarşı kortəbii, laqeyd rəftar və süni təravət verən islahatlar.

İndi bir nəfər ssenarist ola bu islahatları yaza, amma, qətiyyən siyasətlə məşğul olmaya. Çünki siyasət birinin mədəsinə elə toxundu ki, müxalifət hələ də onu "qaytar"a bilmir.

Əslində siyasi ambisiyası olmayan adamın siyasətlə məşğul olması gərəksiz vaxt itkisidir.

Mövqeyində qətiyyətsiz olmaqdansa öz peşəsində faydalı və məhsuldar olmaq elə əsl vətəndaş mövqeyi sərgiləməkdir. Məmləkətdə baş verənləri qeydə alsan və bir az da dramaturji əlbisə geyindirməkdə müvəffəq olsan, seriallar üçün kifayət qədər vəsait var. Di ya Allah, keçək mövzuyi mətləbə.

Serial janrı audiovizual sənət nümunəsi olaraq tərkibində televiziya məzmunu daşıdığı üçün kinoteatr mətbəxinə girməz.

Kinofilmlər tamaşaçını kinoteatra - ayağına gətirər, bu da böyük kütləni əhatə etməz, amma, seriallar birbaşa tamaşaçının evinə - ayağına gələr. Bu, anlamda serial sahəsin kino sahəsindən fərqli olaraq böyük avantajı var.

Serial televiziya sektoruna, kino isə kinoteatr sektoruna aiddir. Bu səbəbdən serial sahəsi ilə kino sahəsinin kəmiyyət və keyfiyyət indikatorları eyni olmaz. Alternativ görüntü vasitələrinin ixtirasına baxmayaraq televiziya hələ də geniş kütləyə xitab etməkdə hegemonluğunu sürməkdədir. Televiziyanın bütün kütləyə istiqamətli olması serial sahəsinin inkişafına və məhşurluğuna əlverişli şərait yaradır.
"Möhtəşəm yüzil" serialı
"Möhtəşəm yüzil" serialı

Serial sektoru inkişaf etməkdə olan ölkələrdə, ilk öncə mövzular daxili bazara, yerli düşüncəyə uyğun quruluşda hazırlanır.

Müəyyən vaxtdan sonra serial sektoru ölkədaxili maraq dairəsini aşdıqdan sonra nisbətən yaxın çevrələrə - düşüncə və mental oxşarlığı olan ölkələrə çıxmağa başlayır.

Bu, sahəyə yatırılan investisiyalar sektorun kommersiya səviyyəsindən sənayeləşməsinə gətirib çıxarır.

Əgər dövlətin sənaye siyasətində serialların inkişafı prioritet kimi önə çəkilmişsə və bu sahənin inkişafına dövlət tərəfindən sərmaye yatırılmışsa bu, mütləq əlavə dəyər formasında ölkə büdcəsinə qayıdacaqdır.

Bundan əlavə yerli istehsallı serialların xarici bazara uyğun çəkilməsi və ixrac olunması ölkəyə gələn turist artımında da hiss olunacaq. Bu, faktı serial sektoru inkişaf etmiş ölkələrin təcrübəsinə dayanaraq söyləmək olar. Sərhəd ölkələrdən İranda və Türkiyədə bu, sənayenin inkişafı turizm sektoruna da böyük canlanma gətirmişdir.

Üstəlik büdcəsi neft-qaz hasilatından asılı olan ölkələr üçün daha əlverişli biznes sahəsidir. Çünki qeyri neft sektorunun inkişafı iqtisadi artım tempinin yüksəlməsinə yardım göstərəcək.

Əlavə iş yerlərinin artmasına, işsizlik sayının azalmasına və büdcənin yalnız neft sektorundan formalaşmamasına gətirib çıxaracaq.

Dövlətin iqtisadiyyata müdaxilə etdiyi və üzərində nəzarət mexanizmi güclü olan ölkələrdə qeyri neft sektorları yalnız büdcədən ayrılan subsidiyalar hesabına fəaliyyət göstərir.

Digər variant isə üzərində dövlət nəzarəti məhdud səviyyədə olan və yaxud da dövlətin müdaxilə etmədiyi azad iqtisadi sistem.

İqtisadiyyat azad dayaqlara söykəndiyi halda sərmayeçilərdə rəqabətə davamlı məhsulların istehsalına maraq yaranacaq.

Dövlətin ayırdığı subsidiyaların yenidən əlavə dəyər kimi büdcəyə qayıtması daha aşağı faiz nisbətindədir. Bunu dövlətin 10 il ərzində regionların sosial-iqtisadi inkişafına ayrılan 51 mld-ın timsalında həm keyfiyyət həm də kəmiyyət etibarı ilə müşahidə etmək olar.

Sərhəd ölkələrlə müqayisədə ən optimal örnək İran İslam Respublikasıdır.

Bu ölkədə 50-dən çox televiziya kanalı fəaliyyət göstərir. Xaricdən maliyyələşən televiziya kanallarını çıxmaq şərtilə bütün kanalların maliyyə mənbəyi dövlətə bağlıdır. İranda kinematoqrafiya və serial sənayesi öncül səviyyədədir.

İnqilabdan sonrakı kinematoqrafiya daha da inkişaf etdi və nəhayət 90-larda serial sənayesi formalaşdı. İranda hal-hazırda yüksək keyfiyyətdə, dünya səviyyəli seriallar istehsal edilir, hansı ki, bir çox orta şərq ölkələrinə satılır, o, cümlədən Azərbaycana. Bir vaxtlar həm disk satışında zirvəyə çıxan həm də televiziya yayımında rekord səviyyədə izlənilən "Həzrəti Yusif" serialı məhz İran istehsalıdır.

İranda serial sənayesinə həm dövlət yardım göstərir, həm də azad sahibkarlar, çünki müstəqil sahibkarlıq mövcuddur və bu da rəqabətə rəvac verir. Bütün istehsalçı şirkətlər daha yaxşı məhsul ortaya çıxartmaq üçün adətən bir-biri ilə yarışırlar. İranda şəriət üsulu ilə idarə olunan rejim olduğu üçün Latın Amerikan serialları yayımlanmır, amma, yerli seriallara izləyicinin əcaib marağı var.

yayımından və satışından həm ölkə iqtisadiyyatına xeyir gəlir, həm də qeyri neft-qaz sənayesi inkişaf edir. Təbii ehtiyatların hesabına digər sahələrin inkişafına dəstək dövlətin iqtisadi siyasətinin əsas tərkib hissəsidir.

Araşdırma apararkən aydın oldu ki, serial sahəsində Cənubi Qafqaz ölkələri təqribən eyni aqibəti yaşayırlar. Gürcüstanda və Ermənistanda da televiziya kanalları bir istiqamətdən idarə olunur.

Bizdən fərqli olaraq onlarda "milli seriallara dəstək naminə" xarici serialların yayımına qadağa qoyulmayıb. Hər iki ölkədə Latın Amerikan, rus serialları hətta Gürcüstanda türk serialları da yayımlanmaqdadır.

Gürcüstanda dövlət daha çox kinematoqrafiya sahəsinə sərmaye qoyur, serial sahəsində ölkə maraqlı deyil. Amma, Ermənistanda kinematoqrafiya ilə yanaşı serial sahəsinə həm dövlət həm də elita sərmaye yatırmaqda maraqlıdır. Lakin bu, ölkələrdə serial biznesi İran, Türkiyə və Rusiya ilə müqayisə olunacaq dərəcədə deyil. Erməni əsilli istehsalçılar daha çox Rusiyada məşhurdular. Hətta bir neçə televiziya kanallarını kompleks şəkildə idarə edirlər.

Serial sənayesi yüksək səviyyədə olmasada, kinematoqrafiya sahəsində ABŞ, Frnasa, Almaniya və digər Avropa ölkələri ilə müştərək filmlərin istehsalına imza atmışlar. Araşdırma zamanı gürcü kinematoqrafçıları "siz neft ölkəsisiz, nə əcəb bu, sahəyə investisiya yatırmır dövlət?" - deyə eyham vurdular.

Rusiyada və Türkiyədə bu, sənaye daha yüksək səviyyədə inkişaf etmişdir.

Türkiyə və Rusiya özəl investorların hesabına serial sənayesi üzrə pik həddə çatmışlar. Rusiyanın tarixində kino ənənəsinin olması irsən keçən məziyyətdir, lakin, Türkiyə bu, məziyyətləri öz təşəbbüsü sayəsində qazanıb. Sovet dövründə Azərbaycan kinematoqrafiyası Türkiyə kinematoqrafiyasından qat-qat üstün səviyyədə olub.

Lakin 90-lardan sonra Azərbaycanın tarixi məcradan yayınması digər sənayelər kimi kino sənayesinin də geriləməsinə gətirib çıxarıb.

Türk serialları artıq bütün dünyaya - orta şərqə, Afrika ölkələrinə hətta Avropanın bir çox ölkələrinə belə ayaq açıb.
Qurdlar vadisi
Qurdlar vadisi

Türk serial qəhramanları gənclərin kumiri, dəb ikonu, məşhur dünya markalarının reklam üzü olmaqla yanaşı hətta bir çox ölkələrdə insanların həyat tərzinə nüfuz etmək üzrə Latın Amerikan dominantlığını geridə buraxmışdır.

Azərbaycanın ən ucqar nöqtəsində belə Türkiyə türkcəsində xitab etmək, serial qəhrəmanları kimi davranmaq istəyi, həmin serialların yayımlandığı ölkələrə öz danışıq üslubu ilə, hal-vəziyyətdə davranma modeli ilə diffuz etməsinin bariz nümunəsidir.

Dövlətin və özəl sərmayeçilərin bu, sənaye sahəsinə yatırdığı sərmayelər yalnız "kültürel və sanatsal" ölçüdə deyil, həmçinin özəl sərmayeçilərin adının "Forbes"in əsrarəngiz siyahısına düşməsi ilə qarşılığını verir.

Serial sferası üzrə Azərbaycanı sərhəd ölkələrlə müqayisə edən zaman yerli vəziyyətlə bağlı müəyyən nüanslara toxunduq, amma, bu, mərhələdə daha dəqiq ştrixlər üzərindən hərəkət edəcəyik.

2011-ci ildən etibarən "Prezidentin Ehtiyat Fondu"ndan günün aktual mövzularına həsr olunmuş serialların çəkilişi üçün vəsait ayrılır. Xərclənən 5 milyon manatın heç bir renta verməməsi 2012-ci ildə Azərbaycan kanallarında xarici serialların yayımına rəsmi şəkildə qadağa ilə nəticələndi. MTRŞ sədri Nuşirəvan Məhərrəmlinin təbirincə desək "gənclərin xarici serialların ruhunda böyüməsinin qarşısının alınması" məqsədi ilə.

Növbəti addım, prosesi davam etdirmək məqsədi ilə 2013-cü ildə 6 milyon manat maliyyə vəsaiti nəzərdə tutan ikinci sərəncam imzalandı. MTRŞ həmin məbləği yerli kanallar arasında bölüşdürüb, köçürülmə mərhələsindədir və yaxud da tam köçürülüb.

Seriallar çəkilir, hər kanalda 2-3 serial yayımlanır, lakin əfsus, səd əfsus, yenə türk və rus serialları əvvəlki təki, hətta deyərdim daha həvəslə izlənilir.

Səbəb yalnız ayrılan vəsaitin az olması, iyerarxik formada köçürülməsi, mövzuların aktual olmaması və aktyorların maraqsız, təsirsiz oyun sərgiləməsi deyil.

Əsas səbəb situasiyaya düzgün və praqmatik yanaşma metodunun olmamasıdır. Bu, halda sektora "fransız" olan adamlar ayrılan məbləği faydasız istiqamətdə istifadə edirlər. Atalar demişkən "çörəyi ver çörəkçiyə, birini də üstəlik".

Serialın əsas vəsaiti çox şaxəli əhvalatlar toplusudur. Bu, toplunun məcmusu daha çox romançılığın tərkib hissəsidir.

Əslində ehtiyat fonddan ayrılan vəsaitin yarısı ədəbiyyata - romançılığın inkişafına yatırılseydi daha uğurlu addım olardı.

Məmləkətdə roman yazmaq və oxumaq ənənəsi formalaşmadığı halda serial sahəsinə pul yatırmaq bihudə gedişdir. Bu, gediş Üzeyir Hacıbəyovun "Biz necə iş görürük?" felyetonundakı gedişin eynisidir.

İlk öncə ədəbiyyata, "romançılığa" sərmaye qoyulmalıdır.

Bu, halda paralel olaraq həm ədəbiyyatın - "romançılığ"ın həm də serial sənayesinin ilkin toxumları atılmış olar. "Serial izləyən məmləkət kitabdan uzaq düşər." - Bu, yanlış fikirdir, hətta praktikada eyni adlı serialın kitab variantının yüksək tirajla satılma nümunələri var.

Növbəti məqam serial literaturunu, dramaturji texnologiyanı öyrənmək və qazanılmış təcrübəni prosesə tətbiq etməkdir.

Mexanizm mükəmməl olduğu halda bir neçə təcrübədə uğurlu nəticəsini verəcəkdir.

Serial üzrə mütəxəssislərin bu, sahədə inkişaf etmiş ölkələrdə - Avropada, Amerikada yetişdirilməsinə, təhsil almasına sərmaye qoymaq lazımdır.

İnsana qoyulan kapital əlavə dəyər kimi bu, sənayenin yaranmasına zəmin yaradacaq. Bu, gediş dünya praktikasında sınaqdan keçmiş üsuldur. Aktyor oyunu, yüksək keyfiyyətli texniki avadanlıqlar və digər vasitələr növbəti mərhələyə aiddir.

Düzdür, sənayenin formalaşması və sistemin yaranması uzun zaman çəkəcək, amma, proses uğurlu olacaq. İstehsal mexanizmi yaranmadan lap illik neft gəlirinin yarısı belə serialların çəkilişinə ayrılsa da səmərəsi olmayacaq. Çünki proses situativ kontekstdən uzağa getməyəcək və serial istehsalçıları ələbaxan qismində fəaliyyət göstərəcəklər. Effekt olmadığı halda məcburiyyət qarşılığında bu, sahəyə ayrılan subsidiyalar dayandırılacaq.

Hər sistemin özəl yanaşma metodu, instruksiyası, funksional idarəetmə quruluşu var. Kobud nümunə: biz, sabah qalxıbda mobil telefon istehsal edə bilmərik, ən uzağı zahiri modifikasiya əməliyyatı apara bilərik. Prosesin alqoritmi - yəni qarşıya qoyulan problemi həll etmək üçün yerinə yetirilməsi vacib olan əməliyyatlar ardıcıllığına riayət olunmadığı halda nəticə uğursuz olacaq.

Ümid edək ki, 2014-cü il cari "sənaye ili"ndə təqdim etdiyimiz müasir çağırışlar, dünya praktikasında sınaqdan keçirilmiş ideyalar və yeni təşəbbüslər dövlətin sənaye proqramının tərkib hissəsi olacaq.


Epiloq:
Düşüncələr felə keçmədikcə hesabdan sayılmaz.
XS
SM
MD
LG