Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:37

Əli Hüseynli: «ABŞ-ın mövqeyinə mənfi yanaşırıq»


Əli Hüseynli
Əli Hüseynli
-
Prezident İlham Əliyev bu il fevralın 13-də «Elektron məhkəmə» informasiya sisteminin yaradılması haqqında sərəncam verib. Martın 17-də Məhkəmə-Hüquq Şurası həmin sərəncamın müzakirəsini keçirib. Şuranın üzvü, parlamentin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli AzadlıqRadiosuna müsahibəsində deyir ki, regional məhkəmələrin də iştirak etdiyi, bəzilərinin videobağlantıyla qatıldığı iclasda məhkəmə-hüquq islahatlarının mövcud durumu dəyərləndirilib:

– Əsas məqsəd məhkəməyə vətəndaşların inamını gücləndirməkdir. Vurğuladıq ki, bu inamın hazırkı durumu kifayət qədər narahatlıq yaradır. Mövcud problemlərin məhz bu yolla aradan qaldırılması haqqında düşünmək, bu sistemin tətbiqi barədə tədbir görmək lazımdır.

– Bu, məhkəmə sistemində nəyi dəyişəcək?

– Mən özüm Məhkəmə-Hüquq Şurasının üzvü kimi bəzən müşahidə edirəm ki, vətəndaş vaxtında sənədi ala bilməyəndə düşünür ki, bu, süründürməçilikdir. Süründürməçilik də korrupsiya cinayətlərinin bir növüdür. Amma araşdırmalara görə, məhkəmənin iş yükü o qədər çoxdur ki, sənəd dövriyyəsini vaxtında həyata keçirmək mümkün deyil. Elektron məhkəmə informasiya sisteminin yaradılması, fikrimcə, vətəndaşlarla məhkəmə aparatı arasındakı bütün bu münasibətləri – iddianın verilməsindən məhkəmə qərarlarının icrasınadək olan prosesi vətəndaş üçün şəffaflaşdıracaq. Bundan, əlbəttə ki, məhkəmə sistemi də bəhrələnəcək, onların işi daha rahat olacaq və çevikləşəcək.

Daha vacib bir məqsəd odur ki, virtual kabinetə daxil olan vətəndaş İnternetdən yararlanıb şəxsiyyət vəsiqəsindəki müəyyən məlumatları yükləməklə bütün prosesi müşahidə edəcək. Biləcək ki, özüylə, müdafiə etdiyi şəxslə bağlı iş hansı mərhələdədir, ona necə baxılır. Bu bir başlanğıcdır, ideyamız odur ki, bütün proses şəffaf olmalıdır. Vətəndaşlarda narahatlıq doğuran məsələlərin heç də az olmayan bir qismi prosesə şübhəylə yanaşmaqdan törənir. Bəzən inanmırlar. Bəzən bizi narahat edən odur ki, tam qanuni, ədalətli qərarla bağlı da vətəndaşlarda inam olmur. Hesab edirlər ki, qərar hansısa marağa görə qəbul olunub. Deməli, elə etmək lazımdır ki, vətəndaş o prosesin iştirakçısına çevrilsin, onu şəffaf görsün və inansın.

– Bu sistemin tətbiqi sifarişli məhkəmə qərarlarının azalda biləcəkmi? Vətəndaş narazılığı və inamsızlığı, adətən, bu səbəbdən doğur.

– «Sifarişli məhkəmə qərarı» anlayışı məhkəməyə inamı yaratmaq prosesinə mane olur. Biz, eyni zamanda mətbuat da məhkəmə hakimiyyətinə inamın formalaşdırılmasında iştirak etməliyik. Hətta müşahidə etdiyimiz problemləri araşdırarkən də məhkəmə hakimiyyətinin müstəqilliyinə çox ciddi və hörmətlə yanaşmalıyıq. Hətta problemi, korrupsiya halını görəndə yenə məhkəmə hakimiyyətinə, hakimin özünə, müstəqillik elementinə hörmətlə yanaşmalıyıq. Axı biz onu həm də formalaşdırmalıyıq.

– Əksər beynəlxalq qurumların tövsiyələrində, Avropa Şurası Parlament Assambleyasının ötən ilin yanvarına aid və Azərbaycan hakimiyyətinin də qəbul etdiyi qətnaməsində məhkəmə sisteminin icra hakimiyyətindən asılılığı vurğulanır. Bu asılılığı azaltmaq mümkün olacaq?

– Tanışıq o sənədlə. Bütün gördüyümüz işlər ona yönəlib. Elə etməliyik ki, nəinki icra hakimiyyətinin, hakimiyyətin heç bir qolunun məhkəməyə təsiri, müdaxiləsi olmasın. Deyərdim ki, heç bir diskussiya və təmasdan da söhbət getməməlidir.

– İsmayıllı hadisələrinə görə saxlananlara dünən (martın 17-də) hökm oxundu. ABŞ səfirliyi bu hökmlərdən təəssüfünü bildirib, prosesdə ciddi pozuntuların olduğunu bəyan edib. Siz nə düşünürsünüz bu barədə?

– ABŞ səfirliyinin mövqeyinə çox mənfi yanaşırıq. Ona görə ki, ABŞ səfirliyi verdiyi bəyanatlarla Azərbaycanda müstəqil məhkəmə sisteminin formalaşdırılmasına çox ciddi maneçilik törədir. Axı bu, yol verilməyən haldır. Siz necə təsəvvür edirsiniz, hansısa ölkədə bizim səfirliyimiz məhkəmə sisteminin qəbul etdiyi qərarla bağlı siyasi bəyanat versin? Bunu necə qəbul etmək olar?

– Düşünürsünüz ki, belə bir bəyanat verilməməliydi?

– Əlbəttə, verilməməliydi. Hörmətlə yanaşılmalıydı. Hətta pozuntu olan halda da hüquqi mexanizmdən istifadə etmək lazımdır. Bu bəyanat birmənalı şəkildə verilməməliydi. Bunu biz onlarla diskussiyalarda da söyləmişik, söyləyəcəyik. Buna yol vermək olmaz.

– Həmin məhkəmə prosesi ona görə mübahisə doğurdu ki, şahid ifadələri üst-üstə düşmədi, ifadələr bir-birini təkzib etdi və bir şou təsiri bağışladı...

– Nə AzadlıqRadiosu, nə ABŞ səfirliyi, nə də mən – Məhkəmə-Hüquq Şurasının üzvü kimi məhkəmə prosesini dəyərləndirməməliyik. Məhkəmə prosesi ilə bağlı bütün mübahisələr növbəti instansiya məhkəməsində mübahisələndirilə bilər. Azərbaycan Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasındadır. Azərbaycan o ölkədir ki, Avropa Məhkəməsində işlərin sürətli baxılmasına dair 14 saylı protokola bir çox ölkədən tez qoşulub. Yəni bizim hüquq sistemi bu baxımdan açıqdır. Ancaq biz, siz, mətbuat, ABŞ səfirliyi və başqaları istəyiriksə ki, müstəqil məhkəmə sisteminin formalaşdırılmasına töhfə verək, belə hər hansı müdaxilədən çəkinməliyik. ABŞ-da buna görə məsuliyyətə cəlb edərlər. Bu, məhkəmənin işinə birbaşa müdaxilədir.

Azərbaycanda korrupsiya ilə mübarizənin özəlliyi nədir? Bu mübarizədə niyə ancaq xırda balıqlar güdaza gedir?

Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyanın üzvü Əli Hüseynli ilə bu barədə müsahibə yaxın günlərdə AzadlıqRadiosunun saytında olacaq.


«Xüsusi Reportajlar» rubrikasını izləyin.
XS
SM
MD
LG