Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:30

İlham Əliyevin 2 sərəncamı: Nurçuluq, qəza və cəza fürsətləri


Elnur Aslanov
Elnur Aslanov
-
Media və sosial şəbəkələr prezident İlham Əliyevin sərəncamıyla martın 17-də işdən çıxarılan iki vəzifəli şəxsi diqqət hədəfinə çəkib. Söhbət Prezident Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanovdan və «Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Mübariz Mədətovdan gedir.

İŞDƏN ÇIXARILMANIN SƏBƏBLƏRİ AÇIQLANMIR

Həmin şəxslərin işdən çıxarılma səbəbləri haqqında heç bir məlumat verilmədiyindən bu boşluğu müxtəlif ehtimal və rəylər doldurur.

Hələ sərəncamdan öncə sosial şəbəkələrdə Elnur Aslanovun Türkiyədə məşhur olan «nurçu»larla bağlılığına dair ittihamlar səslənirdi. «Nurçu»ların lideri və «Hizmet» hərəkatının rəhbəri, hazırda ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fethullah Gülen-e yazılmış və elnur_aslanov ünvanlı elektron poçtdan göndərildiyi iddia olunan məktubu yerli media da yaymışdı.

Məktubda Fethullah Gülen-in səhhətindən narahatlıq ifadə olunur, məktub müəllifinin hərəkata «sadiq» qaldığı vurğulanırdı. Müəllif anası «Rəbiyyət xanımın salam və hörmətləri»ni də izhar edirdi.

Elnur Aslanovun özü belə bir məktubu yazıb-yazmadığını indiyədək nə təsdiqləyib, nə də yalanlayıb.

Milli Məclisin insan hüquqları komitəsinin sədri, deputat Rəbiyyət Aslanova oğlu Elnur Aslanovun tutduğu vəzifədən azad edilməsi barədə məlumatdan xarici səfərdə xəbər tutduğundan deyib ki, «bu barədə nəsə deyə bilməyəcəyəm».

«BU, HAKİMİYYƏTDAXİLİ MÜBARİZƏNİN GÖSTƏRİCİSİDİR»

Siyasi təhlilçi Ərəstun Oruclunun fikrincə, Elnur Aslanovun işdən çıxarılması nurçuluqla bağlı deyil, hakimiyyətdaxili mübarizənin göstəricisidir:

«Bu, əslində, hakimiyyətin yüksək pillələrində gedən mübarizənin üzə çıxmasıdır, onun təzahürlərindən biridir. Güman eləmək olar ki, belə əlamətlər çox olacaq. Sadəcə, «nurçu» söhbəti məsələni gündəmə gətirmək, rəy formalaşdırmaq üçün ortaya atılıb. Səbəb bu deyil. «Nurçu»luqla bağlı media azı 2 ildir yazır.
Fərhad Məmmədov
Fərhad Məmmədov
Səbəb bu olsaydı, məsələ çoxdan araşdırılmalıydı».

SAM RƏHBƏRİ: «NƏ MƏNİM, NƏ HƏYAT YOLDAŞIMIN, NƏ DƏ ÖVLADIMIN ADINA...»

Mediada adı «nurçu»luqda hallanan Strateji Araşdırmalar Mərkəzinin (SAM) rəhbəri Fərhad Məmmədov bu günlərdə deyib ki, Azərbaycanda kim onların izinə düşüb bağlantılarını tapmaq istəyirsə, ilk növbədə, Türkiyədə hansı sahədə çalışdıqlarına diqqət yetirməlidir:

«Buraya, ilk növbədə, təhsil ocaqlarını və hazırlıq kurslarını aid etmək olar. Daha sonra tibb ocaqlarını və kütləvi informasiya vasitələrini. Nə mənim, nə həyat yoldaşımın, nə də övladımın adına hər hansı hazırlıq kursu, təhsil müəssisəsi, radio, prodakşn, klinika, tibb ocağı yoxdur. Yəni potensial olaraq sözügedən cərəyanın nümayəndələri əgər Türkiyədə bu sahələrdə fəaliyyət göstərirlərsə, Azərbaycanda da eyni sahələrdə fəaliyyət göstərməlidirlər. Kim onların izinə düşmək istəyirsə, ilk növbədə, hazırlıq kurslarına, radio, qəzet və digər sahələrə xüsusi fikir verməlidir».
«Mercedes Galenvagen G55 AMG»
«Mercedes Galenvagen G55 AMG»

Fərhad Məmmədov Elnur Aslanovun vəzifədən çıxarılması haqqında danışmaq istəmədiyini də bildirib.

«İLHAM ƏLİYEV FAKT QARŞISINDA QALDI...»

«Xəzər Dəniz Gəmiçiliyi» Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini Mübariz Mədətovun oğlu Xalid Mədətov martın 15-də Bakıda avtomobil qəzası törətmişdi. Onun «Mercedes Galenvagen G55 AMG» markalı maşını «VAZ-2106» markalı avtomobillə toqquşmuşdu. Nəticədə «VAZ-2106»da olan xalq artisti, tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həlak olmuşdu.

Bu hadisə baş verməzdən öncə prezident İlham Əliyev məmurlara, onların övladlarına bir neçə dəfə xəbərdarlıq etmişdi:

«Belə olmaz. Harınlayırlar, qudururlar, heç kimi saymırlar. Vəzifəli şəxslərin uşaqları qudurğanlıq edirlər. İnsanları təhqir edirlər, özlərini apara bilmirlər. Kim onlara bu statusu verib? Onların güvəndiyi adamları vəzifəyə mən təyin etmişəm. Lazım bildikdə mən də çıxaracağam. Əgər bir də bilsəm ki, kiminsə ailə üzvü haradasa xuliqanlıq edir, nadanlıq edir, özünü apara bilmir, o adam həbs ediləcək, atası işdən qovulacaq».
Ərəstun Oruclu
Ərəstun Oruclu

«PREZİDENTƏ SAYQISIZLIQ ETDİLƏR...»

Ərəstun Oruclu da İlham Əliyevin xəbərdarlığını yada salır:

«İlham Əliyev məmurlara övladlarının davranışı, qudurğanlığı ilə bağlı xəbərdarlıq edəndən sonra sanki məmur övladları ona əlcək atdılar. Özlərini daha azğın və zəngin həyat tərzlərini daha nümayişkaranə göstərməklə, əslində, prezidentə sayqısızlıq etdilər. Burda da kimsə gəldi, qapaz altına düşdü. Hadisə də bundan rəvac tapdı. Axı ailə üzvlərini itirən insan da sıradan biri deyildi. Sosial şəbəkələr və media bu hadisəni qabartmaqla İlham Əliyevi fakt qarşısında qoydu – ya onun dedikləri havaya uçan sözlərdir, heç bir əhəmiyyəti yoxdur, ya da bu qudurğanlığa son qoyulmalıdır. Prezident də bundan yararlandı».

Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, İlham Əliyevin bu iki sərəncamı prezidentin öz xəttini daha yüksək iradə ilə yerinə yetirməyə həvəsli olduğunu göstərir.
XS
SM
MD
LG