Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:05

Paul Goble: «Putin müasir dünya düzənini ciddi təhlükə qarşısında qoyub»


Paul A. Goble
Paul A. Goble
-
Post-Sovet məkanı üzrə ekspert Paul Goble düşünür ki, Vladimir Putin-in Krıma müdaxiləsi İkinci Dünya müharibəsindən bəri beynəlxalq sistemin sabitliyinə ən böyük təhlükədir. Suveren dövlətin ərazisini ilhaq etmək və etnik mənsubiyyəti vətəndaşlıqdan yüksəyə qaldırmaqla Putin sülhün və sabitliyin əsasını təşkil edən prinsipləri pozub.

Cənab Goble «Amerikanın səsi»nə müsahibəsində beynəlxalq ictimaiyyətin Rusiyanı cəzalandırmasının vacibliyini qeyd edir:

- Cənab Goble, siz Rusiya üzrə tanınmış ekspertsiniz və oradakı prosesləri diqqətlə izləyirsiniz. Rusiyanın Krımı ilhaq etməsinə necə baxırsınız? Bu, yeni dünya düzəninin başlanğıcıdırmı? Biz yeni eranın astanasındayıqmı?

- Krımı Rusiya Federasiyasına zor gücünə ilhaq etməklə Vladimir Putin beynəlxalq sistemi İkinci Dünya müharibəsindən bəri ən böyük təhlükə ilə üz-üzə qoyub.

Baş verənlər 1945 və 1991-ci ildə əldə olunan beynəlxalq konsensusu sual altında qoyur. Burada söhbət böyük dövlətlərin zor gücünə sərhədləri dəyişməyə hazır olmasından və etnik mənsubiyyətin vətəndaşlıqdan üstün tutulmasından gedir. Vladimir Putin aydın edib ki, etnik rus olmaq Ukrayna vətəndaşı olmaqdan daha mühüm amildir. Belə bir arqument irəli sürürsənsə, onda sən yeni dünya nizamına yox, nizamsızlığına yol açmış olursan ki, bu da minlərlə insan həyatına başa gələcək. Ümumilikdə, bu, bəşəriyyəti daha böyük təhlükələr qarşısında qoyacaq.

- Bəzi qərbli müşahidəçilər iddia edirlər ki, baş verənlərə səbəb Rusiyanın aşağılanması, lazımi ehtiram görməməsi olub. Yaxud başqaları Krımın əvvəllər Rusiyanın tərkibində olduğuna diqqət çəkir. Sizin buna cavabınız nədir?

- Əvvəla, Sovet İttifaqında mövcud olan sərhədlər ideal sərhədlər olmayıb. Onları millətlərin özləri yox, Moskva və şəxsən Stalin müəyyənləşdirib. Ona görə də bu sərhədlərə hansısa mənəvi müstəvidə haqq qazandırmaq cəhdləri problematikdir. Amma o biri tərəfdən, 1992-ci ildə beynəlxalq ictimaiyyət, o cümlədən ABŞ bir araya gələrək razılaşdılar ki, Sovet İttifaqının inzibati sərhədləri beynəlxalq sərhədlər kimi tanınsın, çünki istənilən başqa hərəkət sonsuz zorakılıqlara və toqquşmalara yol açardı. O ki, qaldı ABŞ-ın Rusiyanı küncə sıxışdırmasına, mən bunun nə demək olduğunu anlamıram. Geosiyasi rəqabət gedib və Sovet İttifaqı uduzub. ABŞ bunun nəticəsini diktə etməyib və Rusiyaya bu məğlubiyyətə görə heç bir bədəl ödətdirməyib. Onlar çox şey ediblər ki, etməsəydilər daha yaxşı olardı. Məsələn, Çeçenistanda minlərlə adamın ölümünə bais olan iki müharibə və başqa hüquq pozuntuları. Ona görə də bu ideya ki, ruslar nəyəsə haqq ediblər, bu, yanlış fikirdir. Əslində, Krım Krım tatarlarına məxsusdur ki, hazırda rus qüvvələri onları yarımadadan qovmağa çalışırlar. Hər halda Putinin israr etdiyi kimi, Krım Rusiya dövlətinə məxsus deyil.

- Çox eşidirik ki, Ukrayna Krımı birdəfəlik itirdi. Bəs Ukraynanın özü necə, o, Rusiya üçün əbədi itirilibmi?

- Bəli! Vladimir Putin indiyədək tarixdə heç bir rus hökmdarının nail olmadığı şeyə nail oldu. O, Rusiyaya böyük simpatiya ilə yanaşan bir milləti anti-rus etdi. Ola bilər Rusiya hökuməti Krımı tutsun, amma bunu etməklə o, Ukraynanı birdəfəlik itirib. Polşalılar heç vaxt unutmayacaqlar ki, 1863-cü ildə və Katında onların başına nə gətirilmişdi. Eləcə də heç bir ukraynalı heç zaman Krımın Rusiya hökuməti və şəxsən Vladimir Putin tərəfindən zəbt edilməsini unutmayacaq. Bu elə bir məsələdir ki, nə vaxtsa Rusiyanı peşman edəcək. Mən əminəm ki, Putin bu son hərəkətləri ilə elə bir qüvvələr qatarına yol açıb ki, bu, əvvəl-axır Rusiya Federasiyasını parçalayacaq. Ola bilsin, bu, gələn həftə olmasın, amma qarşıdakı aylarda və illərdə bu, baş verəcək.

Putin çox təhlükəli bir iş görüb. Yəqin ki, biz bu hərəkəti geri qaytara bilmərik, amma beynəlxalq ictimaiyyət bunun necə yanlış bir addım olduğunu qeydə almalıdır. Putin-in əməllərinə görə Rusiya dövlətinə qarşı ciddi sanksiyalar və ölçülər götürülməlidir. Tanınmış rus memuaristi Nadezhda Mandelstam deyərdi ki, «xoşbəxt o ölkədir ki, orada alçaq hərəkətlər ən azı nifrətlə qarşılanır». Biz Putin-ə aydın etməliyik ki, o, alçaq bir iş tutub və bu hərəkət onu sülh və stabilliyə can atan millətlər icmasından təcrid edir.
- GUAM blokuna daxil olan Gürcüstan, Azərbaycan, Ukrayna və Moldova kimi dövlətlər hadisələrə necə reaksiya verməlidirlər?

- Qeyd etmək lazımdır ki, 2008-ci ilin avqustunda Rusiya torpaqlarının bir hissəsini zəbt etdikdən sonra Gürcüstan Müstəqil Dövlət Birliyindən çıxdı. Ukrayna hökuməti də bildirib ki, o, MDB-ni tərk edir. Ümid edirəm ki, Moldova və Azərbaycan da bu addımı atacaqlar. Belə bir addım Moskvaya güclü siqnal göndərərdi ki, Qara dənizdəki bir yarımadanı tutmaqla o, öz qonşuları ilə münasibətlərinə ağır zərbə endirib və bu istiqamətdə əlavə addımlardan çəkinməlidir.
XS
SM
MD
LG