Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:39

Həsən Hüseynli niyə həbs olunub? [Video]


-
Martın 31-də Gəncədə «Kamil Vətəndaş» Maarifləndirmə Mərkəzinin rəhbəri Həsən Hüseynli saxlanıb. Daxili İşlər Nazirliyi onun öz həmyerlisi Arzu Qəhrəmanova bıçaqla bədən xəsarəti yetirdiyini bildirir.

«İşdən Sonra» verilişində Hüquq müdafiəçisi Əvəz Həsənov, vəkil Əlayıf Həsənov və tələbəsi Tural Abbasov Həsən Hüseynlinin həbsi barədə danışıblar.

«BELƏ BİR ŞƏXSİ ŞƏRLƏMƏK AĞLASIĞMAZDIR»

Əvəz Həsənov deyir ki, Həsən Hüseynlinin cinayət işləməsi iddiası absurddur:

«Həsən Hüseynli kifayət qədər aktiv və vicdanlı insandır. Hər zaman onun optimizminə, vətənpərvərliyinə heyran olmuşam. O, Gəncədə kifayət qədər tanınmış bir nəslin nümayəndəsidir. Onun cinayət işləməsi iddiası absurddur. Həsən müəllim maarifçiliyin, Gəncədə vətəndaş cəmiyyətinin inkişafında mühüm xidmətlər göstərib. Belə bir insanı ləkələmək, şərləmək ağlasığmazdır...».

Hüquq müdafiəçisi məsələylə əlaqədar DİN-ə müraciət etdiklərini bildirir:

«Həsən müəllimin məqsədi insanları öyrətmək, maarifləndirmək olub. Gəncənin icra başçısı Elmar Vəliyevə bu cür şəxs sərf etmir. Həsən Hüseynlinin oturduğu ofisi elə bu yaxınlarda söküb, ofisinin qarşısında kamera qoyublar. Bu iş Elmar Vəliyevin oyunudur. Onu saxlamaqla öz hüquqlarını müdafiə etməsinin qarşısını da alırlar. Daxili İşlər Nazirliyinə məktub yazıb xahiş etdik ki, onun azadlığını təmin etsinlər. Ona böhtan atan şəxs cinayətə cəlb olunmalıdır. Cəmiyyət bu cür böhtançı insanları qınamalıdır...».

«HƏSƏN MÜƏLLİM İNTELLEKTUAL GƏNCLƏRİN MƏNƏVİ ATASI OLUB»


Tural Abbasov Həsən müəllimin bu cür həbsinə təəssüf edir:
«Onun tələbəsi olmaq böyük qürurdur. Həsən müəllim Gəncədə intellektual gənclərin mənəvi atası olub. Yüzlərlə gəncin xaricdə təhsil almasına yardım edib. O, maarifin, mədəniyyətin inkişafında xidmətlər göstərib. Həsən müəllim vətənpərvər insandır. Həmişə Azərbaycan haqqında ürəklə danışıb. Çalışıb ki, xaricdə Azərbaycan yüksək səviyyədə təmsil olunsun. Onun bu cür absurd ittihamlarla həbsinə çox təəssüf edirəm...».

«HƏSƏN HÜSEYNLİNİN CİNAYƏT İŞİ QURAMADIR»

Vəkil Əlayıf Həsənov Həsən Hüseynlinin həbsinin qanunsuz olduğunu deyir:
«Müstəntiq Həsən Hüseynlinin həbsinə dair qərarların sürətini mənə verməkdən imtina etdi. Mən qərarların sürətini Həsən Hüseynlidən almalı oldum. Hazırda Gəncə şəhər Nizami rayon Məhkəməsinə müstəntiqdən şikayət hazırlayıram. Həsən Hüseynlinin saxlanma şəraitindən şikayəti olmasa da, qanunsuz həbs olunduğunu iddia edir...».

Vəkil bu həbsi qurama cinayət işlərindən biri sayır:
«Bu məsələ analoji cinayət işlərindən biridir. Onu ictimai fəaliyyəti ilə bağlı həbs ediblər. Qurama bir cinayət işidir. Kəskin siyasi fəaliyyəti olmasa da, QHT rəhbəri olub. Onun rəhbəri olduğu QHT gənclərin maariflənməsi ilə məşğul olub. Zaman-zaman hakimiyyətin basqılarına, tez-tez vergi yoxlamalarına da məruz qalıb. QHT-nin ofisinə gələn gənclər təzyiqlərə məruz qalıblar. Bu həbsi siyasi həbslərdən biri hesab etmək olar...».
XS
SM
MD
LG