Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:33

«ASAN hələlik hökumətin atdığı yeganə addımdır»


Malena Mard
Malena Mard
-
Avropa Birliyinin Azərbaycandakı səfiri xanım Malena Mard aprelin 2-də AzadlıqRadiosuna qısa müsahibə verib. O, Avropa Qonşuluq Siyasətinin Tərəqqi Hesabatının təqdimatında bildirib ki, Azərbaycanda islahatlar sahəsində tərəqqi qeyri-bərabər olub və AB daha çox islahat görmək istəyir:
Gözlə

No media source currently available

0:00 0:05:34 0:00
Direct-ə keçid
- Hesabatda İnsan Haqlarına dair Milli Fəaliyyət Planının icrasının vacibliyi vurğulanır. Ancaq ölkə rəsmiləri, parlament üzvləri bu proqram çərçivəsində qəbul edilən qanunları, hazırlanan sənədləri sadalayır, iş getdiyini önə çəkirlər. Sizcə, bu işləri yetərli saymaq olarmı?

- Bir fikirlə razıyam ki, proqramın icrasına başlanıb və bu, həddən artıq vacib plandır. Ancaq fikrimcə, plan qəbul olunanda onun bütövlükdə icrası nəzərdə tutulub. Ona görə Avropa Birliyi bildirir ki, biz Planın tam icrası yönündə irəliləyiş gözləyirik. Bəzi uğurları görürük, ancaq planın tam icrasını görmək istəyirik.
- Tərəfdaşlıq Proqramında korrupsiya ilə mübarizədə sistematik yanaşmanın vacibliyi vurğulanır. Bu mübarizədə nə çatışmır fikrinizcə?

- Hər şeydən öncə qanunvericilik sahəsində bəzi işlər görülməlidir. ASAN Azərbaycan hökumətinin böyük uğurudur. Məncə, buna dayanaraq növbəti mərhələyə keçmək olar. Azərbaycanın «Transparency International» indeksini görəndə bu ölkənin görməli işləri olduğu anlaşılır. Ümid edirik ki, hökumət ASAN-ın uğurlarından yararlanacaq və müxtəlif sahələrdə korrupsiya ilə mübarizədə irəli gedəcək. Bu, həm qanunvericilik bazasında, həm də mövcud qanunların praktik icrasında həyata keçiriləcək.

- ASAN Xidmətini korrupsiya ilə mübarizədə həqiqətən də böyük uğur sayırsınız?

- Məncə, ASAN sıravi adamlar üçün çox vacibdir. Gördüyüm və eşitdiyim odur ki, indi ASAN-da bir sıra sənədlərin alınması əvvəlkindən çox asandır. Bu cür bir pəncərə sistemi çox mühümdür. Dünyada bir çox gözəl nümunələr var ki, bu, irəliyə doğru yaxşı addım ola bilər.
- Tənqidçilər korrupsiya ilə mübarizədə siyasi iradənin çatışmadığını, əsasən kiçik rütbəli məmurların cəzalandırıldığını, böyük vəzifə daşıyanların məsuliyyətdən kənarda qaldığını bildirirlər.

- Məsələ həmişə siyasi iradəyə söykənir. Korrupsiyanın ciddiyə alınması, mübarizədə nəticələrin göstərilməsi çox vacibdir. ASAN mühüm addımdır, ancaq hələlik hökumətin atdığı yeganə addımdır. Avropa Birliyi olaraq daha çox irəliləyiş gözləyirik. Korrupsiya ilə mübarizə tək Azərbaycanda deyil, AB-nin bütün üzvləri ərazisində aparılır. Bu, tez-tələsik, bir günün işi deyil. Korrupsiya ilə daimi olaraq mübarizə aparılmalıdır. Hər bir ölkədə bunun üçün siyasi iradə də lazımdır.
- Proqramda məhkəmələrin müstəqilliyi barədə bənd var. Bu yaxınlarda İsmayıllı məhbuslarına hökmlər oxundu. Avropa Birliyinin təmsilçisi olaraq bu proses barədə fikirlərinizi bilmək istərdik.

- «Şərq Tərəfdaşlığı» hesabatında ədliyyənin müstəqilliyinin vacibliyini vurğulamışıq. Cənab İlqar Məmmədov və Tofiq Yaqublunun işiylə bağlı bəyanatlarımız olub. Avropa Birliyinin səsi çox aydın eşidilir. Bu, elə bir sahədir ki, biz həqiqətən də hökumətə cəhdlərini gücləndirməyi tövsiyə edirik. AB ilə Azərbaycan qanunun aliliyi sahəsində əməkdaşlıq edir. Bu, illərdir davam edir, ümid edirik belə də olacaq. Əlbəttə, bu sahəyə ciddi diqqət ayrılmalıdır, daha çox islahat görmək istəyirik.
- Bələdiyyə seçkilərinə cəmi 6 ay qalır. Seçki qanunvericiliyinin ATƏT/DTİHB-nin tövsiyələrinə uyğunlaşdırılması üçün hakimiyyətin əməkdaşlığını necə dəyərləndirirsiniz?

- Doğrudur. Hesabatda da hakimiyyəti ATƏT/DTİHB-nin tövsiyələrini yerinə yetirməyə çağırırıq. Bu, ancaq və ancaq Azərbaycan hökumətindən asılıdır. Biz də onların tövsiyələri ciddiyə alıb-almayacağını görəcəyik. Bu, həm də qarşıdakı seçkilər baxımından vacibdir. Digər tərəfdən qarşıdan Azərbaycanın Avropa Şurasında sədrliyi gəlir. Bu, Avropa və dünyanın diqqətini Azərbaycandakı hadisələrə və uğurlarına yönəldəcək. Sədrlik xüsusi diqqət və məsuliyyət gətirir. Bu, kiçik məsələ deyil.
XS
SM
MD
LG