Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 10:23

Marquez vəfat etdi. Yazıçının ailəsində mübahisə


Gabriel Garcia Marquez
Gabriel Garcia Marquez
-

Nobel mükafatlı yazıçı Gabriel Garcia Marquez-in yaxınları arasında ciddi mübahisə yaranıb: Yazıçının külü harda saxlansın?

Bu barədə "Exo Moskvı" xəbər verir.

Marquez-in Mexikoda yaşayan yaxınları istəyirlər ki, onun külü onlara yaxın yerdə qalsın.

Kolumbiyada yaşayan yaxınları isə yazıçının külünü Vətəninə aparmaq istəyirlər.

Hətta külün bölünüb bir hissəsinin Meksikada. bir hissəsinin isə Kolumbiyada saxlanması variantı nəzərdən keçirilir.

Bu arada məlum olub ki, Marquez-in nəşi elə öldüyü gün özəl bir mərasimdə yandırılıb. Mərasimdə yalnız yazıçının ən yaxın adamları iştirak ediblər.

Yazıçının böyrək çatışmazlığı və respirator infeksiyadan öldüyü bildirilir.

Aprelin 21-də Mexikoda keçiriləcək vida mərasiminə Meksika və Kolumbiya prezidentləri də qatılacaq.

Kolumbiyada doğulan Marquez 30 il idi ki, Meksikada yaşayırdı.


***

Azərbaycan prezidenti İlham Əliyev Kolumbiya prezidenti Juan Manuel Santos-a başsağlığı verib:

"Böyük yazıçı, Nobel mükafatı laureatı Gabriel Garcia Marquez-in vəfatı xəbəri bizi olduqca kədərləndirdi.

Bu əvəzsiz itki ilə əlaqədar kədərinizi bölüşür, Sizə, mərhumun ailəsinə, bütün Kolumbiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm". (AzərTAc)

***

Bir zamanlar Kolumbiyalı yazıçı Gabriel Garcia Marquez-lə münasibətləri düşmənçilik həddinə çatmış Peru yazıçı, Nobel mükafatçısı Mario Vargas Llosa deyib:

"Böyük insan vəfat etdi. Onun əsərləri bizim dilimizdə ədəbiyyatı həm çox zənginləşdirib, həm də ona böyük nüfuz qazandırıb. Onun romanları ölümündən sonra da yaşamağa, oxucu qazanmağa davam edəcək".

Marquez solçu görüşlərə malik idi və Kubanın sabiq lideri Fidel Castro ilə dostluq edirdi.

Llosa vaxtilə buna görə Marquez-i "Fidelin məşuqəsi" adlandırmışdı.

"Mən ədəbiyyatın ənginliklərinə baş vurmaq impulsu və azadlığına görə ona borcluyam. Mən onun kitablarında öz ailəmi, öz ölkəmi, həyatım boyu tanıdığım insanları, qitəmin rəngləri, ritmləri və zənginliyini tapmışam". - bunu isə Çili yazıçısı Isabel Allende Marquez-in ölümü ilə bağlı deyib.

Britaniya yazıçısı Ian McEwan isə BBC-yə bildirib ki, ədəbiyyat tarixində Marquez kimi "yüksək ədəbi istedada və bütün dünyada insanlara qeyri-adi təsir gücünə malik" yazıçılar az olub. Beləsini xatırlamaq istəsən "gərək Dickens-ə gedib çıxasan".
McEwan
McEwan


***

"Dünya özünün ən geniş təxəyyülə malik görkəmli yazıçılarından birini itirdi. Həm də gənc yaşlarımda mənim sevdiyim yazıçılardan birini" - bunu Amerika prezidenti Barack Obama.Kolumbiya yazıçısı Gabriel Garcia Marquez-in ölümü ilə bağlı bildirib.

***

Məşhur kolumbiyalı pop-ulduz Shakira da Marquezin ölüm xəbərinə öz saytında münasibət bildirib:

"Əziz Gabo, sən bir dəfə demişdin ki, həyat heç də insanın yaşadığı həyat deyil, insanın xatırladığı həyatdır, həmin həyatın hekayətini söyləmək onu necə xatırlamasıdır... sənin həyatın, əziz Gabo, bizim hamımızın yadında unikal və bənzərsiz bir hədiyyə, ən orijinal bir hekayə kimi qalacaq. Bizlərə nələr bəxş etdiyini xatırladığımız üçün sənə "əlvida" demək bizim üçün ağırdır. Sənin xatirən həmişə mənim qəlbimdə, eləcə də səni sevən və heyran olan hər bir kəsin ürəyində yaşayacaq. Shak."

Shakira saytına yazıçıyla olan fotosunu da yerləşdirib.

Kolumbiya prezidenti Juan Manuel Santos isə Marquez-i "bütün dövrlərin ən böyük kolumbiyalısı" adlandırıb.

ABŞ-ın keçmiş prezidenti Bill Clinton deyib ki, "Yüz ilin tənhalığı"nı 40 il öncə oxuyub və Marquez-in təxəyyülünə, əsərdəki fikirlərin aydınlığına, emosional səmimiliyə heyrət edib: "Mən onun kimi böyük ürəyə, dərin zəkaya malik insanla 20 ildən çox dost olduğumla fəxr edirəm".

Kuba Kommunist Partiyasının orqanı olan "Granma" qəzeti yazıb: "Latın Amerikası mədəniyyəti hüzn içindədir. Gabriel Garcia Marquez vəfat edib."
Marquez-in Azərbaycan dilində kitabları ("Qanun")
Marquez-in Azərbaycan dilində kitabları ("Qanun")

***
Gabriel Garsia Marquez
Gabriel Garsia Marquez


87 yaşlı Gabriel Garcia Marquez Meksikanın paytaxtı Mexikoda vəfat edib.

Milyonların sevimlisi, Kolumbiyalı yazıçı sətəlcəm diaqnozu ilə xəstəxana düşmüşdü.

Bu həftənin əvvəli o. evə buraxılmışdı.

Yazıçının evdə antibiotiklərlə müalicəsini davam etdirdiyi deyilirdi.

Onunla vida mərasimi aprelin 21-də Mexikodakı İncəsənət Sarayında olacaq.

Amma bundan əvvəl onun nəşi kremasiya olunacaq (yandırılacaq).

Marquez 30 ildən çox idi ki, Meksikada yaşayırdı.

Onun doğulduğu Kolumbiyada isə 3 günlük matəm elan edilib.

Yazıçı 1999-cu ildə xərçənglə mübarizədən qalib çıxmışdı.

Onun son illərdə demensiya xəstəliyindən əziyyət çəkdiyi deyilirdi. Demensiya - ağlın zəifləməsi, əvvəllər əldə edilmiş bilik və vərdişlərin, həyat keyfiyyətlərinin bu və ya digər dərəcədə itirilməsi, yenilərinin isə əldə edilməsinin mümkünsüzlüyü ilə xarakterizə olunan patoloji haldır.

Marquez 1982-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı alıb.

Görkəmli yazıçı «magik realizm» ədəbi cərəyanının təmsilçisi sayılır.

O, Latın Amerikasının, bütövlükdə 20-ci əsr dünya nəsrinin azman sənətkarlarından biri, dünyaca məşhur «Yüz ilin tənhalığı», «Patriarxın payızı», «Polkovnikə yazan yoxdur» əsərlərinin müəllifidir.
XS
SM
MD
LG