Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:29

Yeni tikililərin «kupça» dərdi


Foto: Arxiv
Foto: Arxiv

-
Bakıdakı yeni tikililərdən cəmi-cümlətanı üçdə birinin «kupça»sı var. Son illər tikilmiş təxminən mindən çox yeni yaşayış binasından 300-ə qədəri dövlət qeydiyyatına alınıb.

Mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların əldə edilməsi niyə belə çətindir? Məsuliyyət tikinti şirkətinin, yoxsa dövlət orqanlarının üzərinə düşür? Bu yazıda həm bu, həm də «kupça»sızlığın vətəndaşa yaratdığı əngəllərdən danışacağıq.

YAŞAMADIĞIN EVƏ GÖRƏ KOMMUNAL XİDMƏT HAQQI

«Yeni Bakı» yaşayış kompleksinin sakini, araşdırmaçı-jurnalist Gülər Mehdizadə deyir ki, 2 il əvvəl bu kompleksdə mənzil alanda 3 ilin tamamında binanın dövlət qeydiyyatına alınacağı deyilib. Yəni «kupça»nın alınmasına hələ bir il var deyə, Gülərlə həyat yoldaşı səbirlə gözləyir. Ancaq bu gözləmək onlara heç də havayı başa gəlmir:

Gözlə

No media source currently available

0:00 0:02:32 0:00
Direct-ə keçid

«O vaxtacan kompleks tam hazır olmalı, liftlər quraşdırılmalı, FHN təhlükəsizliyinə təminat verməlidir. Sonra söz veriblər «kupça» da olacaq. Bunun üçün binada 50 faiz yaşayış olmalıdır. Bizim mərtəbədə 2 ailə yaşayır, qalan 4 mənzil boşdur. «Kupça» yoxdursa, qeydiyyata düşə bilmirsən.

Xüsusi reportajlar - 22 aprel 2014

Canlı müzakirə
Məsələn, mən anamgildə, həyat yoldaşım bacısıgildə qeydiyyatdadır. Məsələ bundadır ki, biz qeydiyyatda olduğumuz yerlərdə də bəzi xərcləri ödəyirik, yeni mənzildə də. Bu binalarda kommunal xidmət haqqı kvadratmetrə görə hesablanır. Bu da anormaldır. 102 kvadratmetrlik evdə yoldaşımla mən yaşayacağıq. Ancaq 30 kvadratlıq yerdə daha çox adam yaşasa, daha çox xidmətdən yararlansalar da, daha az ödəyirlər. 2 ildir kommunal xidmətə görə hər ay 37 manat ödəyirik. «Kupça» verilməsi üçün 50 faiz yaşayış olmasını gözləyirlər, ancaq yaşamasan da, səndən pul alırlar».


130-DAN ARTIQ SƏNƏD İSTƏNİLİR

Bakıda istismara qəbul olunan və çıxarış verilən yetərli sayda yeni tikili var. Təkrar bazara, təkrar alqı-satqıya daxil olanların da sayı az deyil. Ümumilikdə isə Bakıda inşa olunmuş 1000-dən artıq binadan təqribən 300-ə qədərinin, yəni təxminən 30 faizinin dövlət qeydiyyatına dair çıxarışı var. Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı yeni tikilinin dövlət qeydiyyatına alınmamasının səbəbini tələb olunan çeşidli sənədlərdə görür:

Gözlə

No media source currently available

0:00 0:03:54 0:00
Direct-ə keçid

«Əsas problemlərdən biri ilkin qeydiyyat sənədlərinin, tikinti üçün alınan icazə və sərəncamların qaydasında olmaması, tikintinin aparıldığı torpaq sahəsinin sənədlərindəki problemlərdir. Məsələn, icarə, istifadə hüququyla götürülmüş torpaq sahəsində tikinti aparılıb.
Ramil Osmanlı
Ramil Osmanlı
Yaxud tikinti şirkəti 12-mərtəbəli binanın tikintisi üçün sərəncam alıb, ancaq tikdiyi bina 16-18 mərtəbədir. Yaxud 1-bloklu bina 2-blokluya çevrilib. Tikintiyə icazə alınıb, ancaq inşaat pasportu yoxdur. 130-dan artıq sənəd tələb olunur. 2-3-ü olmadıqda, problemlər yaranır. Vətəndaş müqavilə imzalayanda, MTK-nın təsis sənədlərinə, torpaq sahəsinə dair sərəncam və digər sənədlərə diqqət etməlidir. MMC-dirsə, tikilən binanın, azından torpaq sahəsinin ilkin çıxarışı mövcud olmalıdır. Təsdiqlənmiş eskiz və işçi layihələr olmalıdır. Müvafiq qurumların tikinti ilə bağlı razılaşdırılmış rəyi olmalıdır. İnşaat pasportu, tikintiyə icazəsi olmalıdır».


Bir tikinti şirkətinin adının çəkilməsini istəməyən təmsilçisinin fikrincə, bina sahibi bütün sənədləri qaydasında təqdim edirsə, əslində binanın qeydiyyata alınmasında heç bir problem yaşanmır. Yeni tikili FHN tərəfindən istismara qəbul olunandan sonra binanın təhlükəsizliyi ilə bağlı məsuliyyət dövlət orqanının üzərinə düşür deyə, dövlət orqanının bu işə tələbkar yanaşması anlaşılandır. Bu səbəbdən, məsələn, hansısa mərtəbədə betonun sıxlığı uyğun olmayanda, FHN sənədə qol çəkmir və bu da normaldır.

Gözlə

No media source currently available

0:00 0:03:06 0:00
Direct-ə keçid


ANCAQ İSTİSMARA QƏBUL AKTI İLƏ

Bakıdakı yeni tikililərdən neçəsi dövlət qeydiyyatına alınıb? Qeydiyyata alınmayanlar üçün əsas səbəb nədir? Dövlət qeydiyyatına alınma prosesinin asanlaşdırılması gözlənirmi?

AzadlıqRadiosu bu suallara Əmlak Məsələləri Dövlət Komitəsindən cavab ala bilməyib. Fövqəladə Hallar Nazirliyi Dövlət Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi də nə telefon zənglərini, nə də elektron poçt məktublarını cavablandırıb.

Kərəm Həsənov
Kərəm Həsənov

Ancaq Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bir müddət əvvəl bildirib ki, Bakıdakı yeni tikilmiş çoxmənzilli binalardakı mənzillərin dövlət qeydiyyatına alınması yalnız həmin binaların istismara qəbulundan sonra mümkündür. Onun dediyinə görə, yeni tikililərdəki mənzillərin hamısı qeydiyyata alınacaq, ancaq istismara qəbul aktı ilə. Komitə sədri bunu bəzi binaların tikintisinin yarımçıq qalması ilə əlaqələndirib:


«Bəzi işbazlar tikəcəkləri binalardakı mənzilləri hələ bina tikilməzdən satmağa başlayırdılar. Hətta evlərin nömrəsini göstərməklə satırdılar. Amma bəzi hallarda o binaların tikintisi yarımçıq qalır, sonadək başa çatdırılmırdı».


Bütün bu halları nəzərə alaraq Komitə əmlakın qeydiyyatı üçün binaların istismara qəbulunu vacib sayır:


«Ona görə də vətəndaşın məmnunluq prinsiplərini nəzərə alaraq biz yalnız faktiki mövcud olan, yəni istismara buraxılmış binaların qeydiyyatını aparacağıq».


MÜLKİ MƏCƏLLƏDƏ ZİDDİYYƏT

Hüquqşünas Vəfa Rüstəm yeni tikililərin çoxunun çıxarış ala bilməməsinin səbəbini bina sahiblərinin uyğun razılaşmaları əldə etməsi yolundakı əngəllərdə görür:

Gözlə

No media source currently available

0:00 0:06:28 0:00
Direct-ə keçid

«Xeyli mürəkkəb vəziyyətdir. Xeyli sənədlər, icazə almalıdırlar. Tikinti Məcəlləsində icazə nəzərdə tutulan və tutulmayan binalar var. Mərtəbələrin sayı 3-dən, hündürlüyü 12 metrdən az olan binanın tikintisi üçün məlumatlandırma tətbiq olunur. Yeni tikililər üçün icazə alınmalıdır. Fundament, 1-ci, 2-ci mərtəbə, dam örtüyü üçün icazə alınmalıdır. Şəxslərin təhlükəsizliyi baxımından vacib görünə bilər. Ancaq düşünürəm ki, bu, uzun prosesdir. Qazın, suyun çəkilməsi üçün sənədlər var.
Foto: Arxiv
Foto: Arxiv
​Ünvan verilməsi nisbətən rahat prosedurdur. İstismara qəbul aktı alınandan sonra Dövlət Reyestrindən çıxarış alırsan. Burda mühüm bir məqam Mülki Məcəllədə 178.8-ci maddənin yaratdığı situasiyadır. Belə ki, şəxs pulunu ödədiyi gündən evin mülkiyyətçisi sayılır. Dövlət reyestrinə düşməyən yeni tikilidəki mənzillər isə dəfələrlə satılır. Beləliklə, pul ödəyənlərin hamısının mülkiyyət hüququ yaranır. Bu səbəbdən dələduzluqla bağlı xeyli işlərə baxılır. Yəni, eyni məcəllədə qeyd olunur ki, çıxarış aldığı gündən şəxs mülkiyyət hüququ əldə edir. Digər tərəfdən, MTK-nın üzvü mənzilə görə haqqın ödənişi bitdiyi andan mülkiyyət hüququ əldə edir».


BİNA TİKİLİB, DÖVLƏT ORQANI GÖZ YUMUBSA...

Yeni tikilinin qeydiyyatı üçün tələb olunan sənədlər içərisində Bakı şəhər, yaxud rayon icra hakimiyyətlərinin sərəncamları, Torpaq və Xəritəçəkmə Komitəsi, Əmək Müfəttişliyi, Fövqəladə Hallar Nazirliyi, tikintiyə nəzarət üzrə digər aidiyyəti olan qurumların sənədləri var. Ancaq hüquqşünas İntiqam Əliyev həmin sənədlərin tam siyahısını əldə edə bilmədiyini söyləyir. Hüquqşünas məsələnin kökündə xaos və korrupsiyanın dayandığını düşünür:

Gözlə

No media source currently available

0:00 0:06:06 0:00
Direct-ə keçid

«Qanunvericiliyə görə, şəhərsalma planı olmalı, evlərin tikintisi bu plana uyğun aparılmalı, evlərin tikintisinin reyestri aparılmalıdır. Vətəndaş, media da istənilən məlumatı almalıdır. Bu sahə korrupsiya mənbəyi olduğundan məlumatsızlıq var. Azərbaycanda hər kvadratmetrin qiyməti hətta Avropa ölkələrində olduğundan yuxarıdır. Çünki vətəndaşın şirkətə ödədiyi pulun bir hissəsi rüşvət formasında dövlət orqanlarına verilib. Yeni tikilini FHN-nin, yaxud digər dövlət orqanının qəbul etməməsi anormal situasiyadır.
İntiqam Əliyev
İntiqam Əliyev
Tikinti qanunidirsə, dövlət orqanları ilk andan ona nəzarəti həyata keçirməlidir. 15-20-30 mərtəbəli bina şəhərin mərkəzində yüksəlməli deyil. Bina tikilib və dövlət orqanı da buna göz yumubsa, mənzil vətəndaşa satılıb, vətəndaş də pulu ödəyibsə, deməli, o bina qanunidir. Deməli, vətəndaş da rahatca sənədini ASAN-a təqdim edib, qeydiyyat çıxarışını almalıdır. Bizim apardığımız işlər var. Vətəndaşların evlərini, obyektlərini dövlət ehtiyacı adı altında sökürlər, sonradan həmin evlərin tikintisi üçün ayırırlar. Bu, çox zaman qeyri-rəsmi ayrılır. İcazəni kimin verdiyi, digər məlumatları almaq mümkün deyil. Yəni, tikilinin qanunsuz olmasının günahı pis idarəçilik sistemindədir».


POTENSİAL «BOMJ»

İndiliksə köçünü istismara verilməmiş, dövlət qeydiyyata alınmammış yeni tikililərə daşıyıb yaşayanlar az deyil. Çoxunu yaşadığı binanın qeydiyyatından çox, əlavə kirayə pul verməmək, borc-xərc təmir elətdirdiyi yeni mənzilində yaşamaq qayğılandırır. Qışın şaxtasında qazsızlıqdan yeni tikilidə soba qalayanlar da olur. Elə ictimai fəal Laçın Məmişov da vaxtilə yaşadığı yeni tikilini qazsızlıq üzündən tərk edib. Deyir, yeni mənzilinə qaz çəkilib, ancaq binanın dövlət qeydiyyatına alınmasından hələ səs-soraq yoxdur:

Gözlə

No media source currently available

0:00 0:02:13 0:00
Direct-ə keçid

«Fövqəladə Hallar Nazirliyi binanı nə vaxt təhvil götürsə, sakinlərə də şəhadətnamə veriləcək. Ancaq hələ bilinmir. Hər dəfə deyirlər ki, gələn ay olacaq. Binaya qaz çəkilişi başa çatdırılıb. Yəni, FHN təhvil alıb ki, qaz çəkilib. Hazırda mən öz mənzilimdə qeydiyyatda deyiləm. Qeydiyyatda olduğum ev də satılıb və yeni sahiblər qeydiyyatdan çıxmağımı istəyirlər. İndi müvəqqəti qeydiyyata düşmək üçün yer axtarıram. Yəni ordan da çıxsam, «BOMJ»a çevriləcəyəm. Gərək FHN təhvil almamış binada heç yaşayış olmasın. Ancaq təmir edənlər başlayır köçməyə. 15-ci mərtəbədə yaşayan qonşum lift qoyulmamışdan köçdü. Birinci girişdə lift vardı. Onunla qalxırdılar 18-ci mərtəbəyə, çıxırdılar dama, damdan keçib piyada düşürdülər 15-ci mərtəbəyə».
XS
SM
MD
LG