Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 18:52

Nils Muižnieks: «Azərbaycan insan haqlarını pozmaqda davam edir»


Nils Muižnieks
Nils Muižnieks
-
Avropa Şurasının insan haqları komissarı Azərbaycanda insan haqlarının vəziyyətinə dair müşahidələrinin nəticələrini açıqlayıb.

Bu gün – aprelin 23-də açıqlanan sənəddə deyilir ki, Avropa Şurasının insan haqları komissarı Nils Muižnieks 2013-cü ildə Azərbaycana səfərindən sonra hesabat təqdim etmişdi.

Sənəd şəklində diqqətə yetirilən müşahidələr bu baxımdan həm 6 may 2013-cü il tarixli hesabatda göstərilən nöqsanların aradan qaldırılması üçün Azərbaycan hakimiyyətinin fəaliyyətini əks etdirir, həm də sözügedən hesabatın yeniləyir.

AZƏRBAYCAN HAKİMİYYƏTİ BİR ADDIM DA ATMAYIB

Müşahidələrə dair sənədin elə ilk abzasındaca təəssüflə qeyd edilir ki, Azərbaycan hakimiyyəti ifadə və sərbəst toplaşma azadlıqları, azad təşkilatlanma və mülkiyyət hüquqları sahəsində heç bir irəliləyişə nail olmayıb.

Nöqsanları bir daha Azərbaycan hökumətinin diqqətinə çatdıran insan haqları komissarı eyni zamanda bu sahədə rəsmi Bakı ilə birgə çalışmağa hazır olduğunu da bildirir.

Sənədin ifadə azadlığına aid bölümündə deyilir ki, Azərbaycanda jurnalistlərə və öz fikrini ifadə edən başqalarına – blogerlərə və internet fəallarına qarşı əsassız cinayət təqibləri intesivləşib. İnsan haqları komissarı bəyan edir ki, öz ifadə azadlığı hüququndan yararlandığına görə həbsə atılanların dərhal buraxılması Azərbaycan hakimiyyətinin ilk işi olmalıdır.

KOMİSSAR BAKININ İZAHATINA İNANMIR

Komissar onu da bildirir ki, Azərbaycan hakimiyyəti jurnalistlərin azad edilməsi tələblərinə, bir qayda olaraq, onların guya peşə fəaliyyəti ilə əlaqədar məhkum edilmədikləri cavabını verir. Halbuki başqa mənbələrdən alınan çoxsaylı məlumatlar bunun tam əksini göstərir.

İnsan haqları komissarı son zamanlar tutulan jurnalistlərin – “Bizim yol” qəzetinin müxbiri, qanunsuz silah saxlamaq ittihamı ilə həbs olunmuş Pərviz Həşimlinin, 2013-cü ildə həbs edilmiş internet fəalı Əbdul Əbilovun, 2014-cü ilin yanvarında həbsxanaya salınmış bloger Ömər Məmmədovun adlarını çəkir. Sənəddə qeyd olunur ki, Əbilov və Məmmədov “facebook”da hakimiyyəti tənqidə tutan satirik səhifə yaradıcıları kimi tanınırlar.

Müşahidələrə dair sənəddə araşdırma jurnalisti Xədicə İsmayılovanın ölkədə səfərdə olan ABŞ Konqresi müşavirlərinə guya dövlət sirləri sızdırdığına görə prokurorluqda sorğu-suala tutulmasına da diqqət çəkilir.

BELƏ İZLƏMƏ QURĞULARI YALNIZ HÖKUMƏTDƏ OLA BİLƏR

İnsan haqları komissarı jurnalistləri və insan haqları fəallarını izləmə əməliyyatlarının artmasından da narahatlıq ifadə edərək bildirir ki, bu zaman istifadə edilən Məsafədən Nəzarət Sistemi, adətən, hökumətlərin ixtiyarında olur.

Sənəddə Azərbaycanda diffamasiyanın cinayət sayılmaması sahəsində heç bir addım atılmadığı vurğulanır və göstərilir ki, Venesiya Komissiyasının açıqladığı rəydə də Azərbaycanın diffamasiya ilə bağlı qanun layihəsinin Avropa İnsan Haqları Konvensiyasına zidd olduğu bildirilir. Venesiya Komissiyası sözügedən qanun layihəsində cinayət təqibi doğuracaq əməllərin azaldılmaq əvəzinə miqyasca daha da genişləndirildiyinə diqqət çəkmişdi.

QANUNLAR MÜRTƏCELƏŞİR

İnsan haqları komissarı bildirir ki, 2014-cü ilin fevralında Azərbaycan Ali Məhkəməsinin plenumu diffamasiya haqqında qanunun Avropa İnsan Haqları Konvensiyasına uyğunlaşdırılması barədə təkliflə çıxış edib. Ancaq bu təkliflərdə də diffamasiyanın ağır formalarına üçillik həbs cəzası saxlanıb. Bununla belə, plenumun təklifi müsbət hal kimi qeyd olunur.

Sənəddə 2013-cü ilin sentyabrından “Azadlıq” qəzetinin bank hesabının dondurulduğu da xatırladılır və bildirlir ki, media orqanlarına ağır cərimələrin tətbiqi İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə ziddir.

İnsan haqları komissarı qanunlara 2013-cü ildəki dəyişikliklərin QHT-lərin fəaliyyət və azadlığını məhdudlaşdırdığına və hökumətin onlara daha sərt nəzarətinə yol açdığına diqqət çəkir. Sənəddə bildirilir ki, Venesiya Komissiyasının daha öncəki rəyində QHT-lərə dair qanunların sərtləşdirilməsinin Avropa İnsan Haqları Konvensiyasının 11-ci maddəsinə zidd olduğu vurğulanmışdı.

TUTULANLAR AZADLIĞA BURAXILMALIDIR

İnsan haqları komissarı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədlinin həbsindən və hələ sürən istintaqından da ciddi narahatlığını ifadə edərək bildirir ki, onun haqqında məhkəməyədək həbs-qətimkan tədbirinin seçilməsi tam qanunsuz və məntiqsizdir.

Sənədin sərbəst toplaşma hüququna aid bölümündə qeyd olunur ki, Azərbaycanın rayonlarında və Bakıda mitinq və aksiyaların keçirilməsinə xüsusi yerlər müəyyənləşdirilsə də, sonradan bu yerlərdən yalnız prezident seçkiləri kampaniyası dövründə istifadəyə icazə verildiyi bilinib.

Sözügedən bölümdə 2013-cü ilin yanvarında İsmayıllı rayonunda baş vermiş hadisələrə görə tutulan şəxslərə uzunmüddətli həbs cəzalarının verilməsi də pislənir və müxalif Müsavat Partiyası sədrinin müavini Tofiq Yaqublunun, REAL hərəkatının lideri İlqar Məmmədovun və İsmayıllı hadisələri ilə bağlı həbsxanaya salınmış başqa şəxlərin azadlığa buraxılması istənir.

EVİ SÖKÜLƏNLƏRƏ ƏDALƏTLİ KOMPENSASİYA

Sənədin mülkiyyət hüquqlarına dair hissəsində Azərbaycanda tikinti layihələrinə görə evlərin sökülməsinin və ev sahiblərinin hüquqlarının pozulmasının yenə davam etdiyinə diqqət çəkilir. Bu zaman ilk növbədə Bakıda gerçəkləşdirilən “Ağ Şəhər” layihəsi və Avropa Olimpiya Oyunlarına hazırlıqla bağlı söküntü işləri xatırladılır.

İnsan haqları komissarı bildirir ki, Azərbaycan hakimiyyəti belə işləri şəffaf və ədalətli aparmalı, evlərini itirmiş şəxslərə bazar qiymətlərinə uyğun kompensasiyalar ödəməlidir.

ƏSASI OLMAYAN İDDİALAR...

Komissar Nils Muižnieks öz müşahidələri ilə yanaşı Azərbaycan hökumətinin bu müşahidələrə dair şərhini də yayıb. Həmin şərhdə deyilir ki, Komissarın 2013-cü il 6 avqust hesabatına dair müşahidələrində saysız əsası olmayan iddialar var:

“Hökumətin komissarın bu müşahidələri hazırlayarkən əsaslandığı mənbələrin etibarlılığına dair ciddi şübhələri var. Bu baxımdan hakimiyyət Komissarı bu mənbələri yoxlamağa, gələcək hesabatların ədalətli və balanslı olması üçün hakimiyyətlə yaxın əməkdaşlığa çağırır”.
XS
SM
MD
LG