Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 17:36

Şahid: «109 min manatı mənimsəmək mümkün deyil axı...»


Anar Məmmədli
Anar Məmmədli
-
Mayın 8-də Bakı Ağır Cinayətlər Məhkəməsində Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli, qurumun icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlığı İctimai Birliyinin rəhbəri Elnur Məmmədovun cinayət işi üzrə məhkəmə davam edib.

Məhkəmədə 10 şahid dindirilib. Şahidlərdən SMDT-nin müsahibi Mübariz Diniyev bildirdi ki, təşkilatın maliyyə işləri ilə məşğul olsa da məvacib verilməsində iştirak etməyib:

“Mənim vəzifəm maliyyə hesabatları hazırlamaq olub. Donorla da hesabatı mən hazırlamışam. SMDT rəhbərlərinin göstərişlərini yerinə yetirmişəm. Nə pulun alınmasında, nə də ki verilməsində iştirak etməmişəm. Özüm əmək haqqı almışam. 2012-2013-cü illərdə vergidən yoxlamalar olub, elə ciddi pozuntular müəyyən olunmayıb. Mənə indiyə kimi SMDT-nin heç bir əməkdaşı maaşla bağlı şikayət etməyib. Heç kim mənə şikayət etməyib ki, ona çox maaş yazıb, az ödəyiblər. İstintaq sənədlərində keçir ki, guya SMDT 128 min manatlıq qrant alıb və onun 109 min manatı mənimsənilib. 109 min manatın mənimsənilməsi mümkün deyil axı. Belə çıxır ki, biz iş görməmişik? Axı hər şey göz qabağındadır”.

Digər şahidlərin əksəriyyəti SMDT-nin bölgələr üzrə koordinatorları idi. Onlar da öz ifadələrində təşkilatdan şikayətçi olmadıqlarını, maaşlarını normal qaydada aldıqlarını bildirdilər.

SMDT-nin Şəki rayonu üzrə koordinatoru Razim Rzayev ötən proseslərdə şahidlərdən birinin onun haqqında yanlış məlumat verdiyini diqqətə çatdırdı:

“Ötən proseslərdə şahidlərdən SMDT-nin hüquqşünası olmuş Həsən Həsənov bildirib ki, guya mən maaşımın düzgün ödənilməməsi ilə bağlı ona şikayət etmişəm. Mənim belə bir şikayətim olmayıb”.

“MƏNİM ÜÇÜN DƏ MARAQLIDIR Kİ, İSTİNTAQ ONLARI NİYƏ DƏVƏT EDİB”

Məhkəmədən sonra AzadlıqRadiosuna müsahibə verən vəkil İradə Cavadova prosesin hələ ki, normal keçdiyini bildirdi:

“Əsas şahidlərdən dindirilməmiş 6 nəfər qalıb. Güman edirəm növbəti prosesdə onlar dindiriləcək. Proses hələ ki, normal keçir. Şahidlərin də ifadələrində hər hansı bir qanun pozuntusu aşkar edilmədi. Onların ifadələrində heç bir ziddiyyət də yox idi. Mənim üçün də maraqlıdır ki, istintaq niyə onları dəvət etmişdi. Çünki, onlar bütün vəsaitləri aldıqlarını və heç bir şikayətləri olmadığını vurğulayıblar ”.
Məhkəmə mayın 12-də davam edəcək.

Anar Məmmədli 2013-cü ilin dekabrın 16-da həbs olunub. O, qanunsuz sahibkarlıq, vergidən yayınma, vəzifə səlahiyyətlərini aşma, seçkinin nəticələrinə təsir məqsədilə törədilən vəzifə səlahiyyətlərindən sui-istifadədə təqsirli bilinir. Müdafiə tərəfi Anar Məmmədlinin həbsinin əsl səbəbinin keçən ilin oktyabrında keçirilmiş prezident seçkilərində qanun pozuntularının monitorinqinin aparılması olduğunu bildirir.

Beynəlxalq hüquq müdafiə təşkilatı Amnesty International Anar Məmmədlini vicdan məhbusu sayır.
XS
SM
MD
LG