Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:05

«Anar Məmmədliyə hökm ATƏT dəyərlərinin alçaldılmasıdır»


Anar Məmmədli
Anar Məmmədli
-
ATƏT Parlament Assambleyasının Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər üzrə Komitəsinin sədri, Portuqaliyadan olan deputat Isabel Santos hüquq müdafiəçisi Anar Məmmədlinin 5 il yarım azadlıqdan məhrum edilməsini pisləyib.

DƏYƏRLƏR ALÇALDILIR

“Azərbaycan hökumətinin sistematik olaraq mülki cəmiyyəti hədəfə alması Anar Məmmədliyə həbs cəzasının verilməsi ilə yeni həddə çatdı. Qorxuram ki, Məmmədlinin yeganə cinayəti onun ölkə seçicilərinin hüquqlarını müdafiə etmək olub. Onun məhkum edilməsi ATƏT-in insan hüquqları və demokratik öhdəliklər sahəsində dəyərlərinin alçaldığını göstərir,” Santos deyib.

Bu həftə Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDTM) sədri Anar Məmmədli vergidən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti və seçkinin nəticələrini dəyişdirmək üçün səlahiyyətlərindən istifadə etməkdə ittiham olunaraq həbsə atılıb. Mərkəzin icraçı direktoru Bəşir Süleymanlı və Könüllülərin Beynəlxalq Əməkdaşlıq Birliyinin direktoru Elnur Məmmədov da həbs cəzası alıb.

“POZUNTULAR DİQQƏTDƏN KƏNAR QALMAYACAQ”

Bəyanatda deyilir ki, SMDTM Azərbaycanda son prezident seçkisində pozuntuları qeydə alıb. Qurum qeydiyyata alınma yolunda saysız problemlərlə üzləşib.

İyunun 28-dən iyulun 2-dək Bakıda ATƏT PA-nın 23-cü illik sessiyası keçiriləcək.

“Ümid edirəm ki, iştirakımızdan dolayı məhkəmə sistemi ATƏT öhdəliklərinin yerinə yetirilməsinə nəzər salacaq. Bu iclas həm də bu pozuntuların diqqətdən kənar qalmayacağını göstərəcək,” Santos deyib.

Anar Məmmədlinin həbsi bu ilin fevralında onun Vyanada ATƏT PA-nən qış sessiyasında iştirakını əngəlləyib. Əvəzində vəkili Rəşid Hacılı çıxış edib.

BÖYÜK BRİTANİYA AZƏRBAYCANI VƏTƏNDAŞ CƏMİYYƏTİNİN ROLUNA HÖRMƏT ETMƏYƏ ÇAĞIRIR

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi də hüquq müdafiəçisi Anar Məmmədliyə son məhkəmə hökmünə dair bəyanat yayıb. Xarici İşlər Nazirliyi Azərbaycanı vətəndaş cəmiyyətinin roluna hörmət etməyə çağırıb.

TENDENSİYANI DƏYİŞİN

Bəyanatda deyilir ki, mayın 26-da Bakıda üç vətəndaş cəmiyyəti fəalına cəza kəsilməsi ölkədə vətəndaş cəmiyyətinə təzyiqlərdə narahatlıq yaradan cərəyandır. Öncə NİDA-çı gənclərə və siyasi müxalifət fəallarına məhkəmə cəzaları kəsilib.
Xarici İşlər Nazirliyinin sözçüsü deyib:

“Xarici İşlər Nazirliyi Anar Məmmədli, Bəşir Süleymanlı və Elnur Məmmədova iş kəsilməsindən dərin məyusluq keçirir. Bu iş çoxlarının Azərbaycanda hüququn aliliyinin seçimlə tətbiqi sarıdan narahatlığını bir daha üzə çıxardı. Müstəqil seçki müşahidəçiləri demokratik cəmiyyətin inkişafında mühüm rol oynayır və onların öz işini təhdid qorxusu olmadan davam etdirilməsinə şərait yaradılmalıdır. Böyük Britaniya Azərbaycanı ədalət prinsiplərinə hörmət etməyə və bu narahatedici tendensiyanı dəyişməyə çağırır”.
XS
SM
MD
LG