Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:02

Rəşad Həsənov: «Möhkəmik və yola davam edirik»


Rəşad Həsənov (sağda)
Rəşad Həsənov (sağda)
-
NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Rəşad Həsənov Bəxtiyar Quliyevin əfv ərizəsi ilə bağlı müraciətinə münasibət bildirib. Onun açıqlaması NİDA-nın facebook səhifəsinə yerləşdirilib.

Rəşad Həsənov açıqlamasında müraciətdən sarsılmadığını və bu addımın Bəxtiyar Quliyevin özünə aid olduğunu bildirir:

«Bəxtiyar Səməndəroğlunun bəyanat və müraciətindən sonra sarsılıb etməmişəm. Ağır zərbə filan da almamışam. Sadəcə həmin yazılanların bizə qarşı olan ittiham hissəsi qısa bir müddət canımı sıxdı. Bəxtiyarın niyə belə etdiyini çox gözəl anlayıram. Lakin qətiyyən haqq vermirəm! Bu, mənəvi intihardır! Köləcə rahatlığı seçməkdir...»

Rəşad Həsənov çətin və uzun olmasına baxmayaraq, tutduqları yola davam etdiklərini bildirir:

«Getdiyimiz yol çox uzun və çətindir. Yola çıxmazdan əvvəl yüz ölçüb bir biçmək lazımdır ki, həmin yoldakı maneələrə ilişib yoldan çıxmayasan. Yoldan çıxanlara da vaxt itirənlər fərqində olmadan məhz həmin maneələrə ilişib qalıblar. Keçin bu maneələri və yola davam edin. Kimin necə yoldan çıxmasından asılı olmayaraq hamımız möhkəmik və yola davam edirik».

İyunun 2-də Ədliyyə Nazirliyi Penitensiar Xidməti NİDA-çı məhbus Bəxtiyar Quliyevin bəyanatını yayıb.

Bəxtiyar Quliyev müraciətində yazır ki, NİDA-nın üzvlüyündən imtina edir.

Bəxtiyar Quliyevin atası Səməndər Quliyev isə əfv olunması üçün oğlunun prezidentə müraciət etdiyini bildirirdi.

NİDA Vətəndaş Hərəkatının 8 üzvü 6-8 il, o cümlədən Bəxtiyar Quliyev 7 il azadlıqdan məhrum edilib.

Onlar, əsasən, kütləvi iğtişaşların təşkilinə cəhddə təqsirləndirilirlər.

Mayın əvvəlində bitən məhkəmədə ittihamları qəbul etməyən NİDA-çılar həbslərinin siyasi sifariş olduğunu bildirmişdilər.

Rəşad Həsənovun müraciətinin tam mətn linkdə.
XS
SM
MD
LG