Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:49

"Ayıb deyilmi, bu biabırçılığa necə susmaq olar?"


Məmməd İsmayıl
Məmməd İsmayıl
-

"İldə 70 nəfərə prezident təqaüdü verirsiniz, o adamlar içində bircə nəfər də alternativ, müstəqil yazar varmı?"


Türkiyədə yaşayan, bu günlərdə Azərbaycan Yazıçılar Birliyinin Bakıdakı qurultayında tənqidi çıxış etmiş şair Məmməd İsmayılla müsahibə


- Məmməd bəy, sizin AYB-nin XII qurultayında çıxışınız demək olar qurultayın ən yaddaqalan məqamı olub. Xeyli ictimai müzakirəyə səbəb olub. Siz alternativ ədəbi qüvvələrin qurultaya dəvət olunmamasını pisləmisiniz. Bəs alternativ ədəbi qüvvələr deyəndə kimləri nəzərdə tuturdunuz? Qurultayda görmək istədiyiniz, amma görə bilmədiyiniz kimlər idi?

- Mən bilirəm ki, ölkədə gənc ədəbi qüvvələr var. Bunlar müxtəlif saytlar ətrafında birləşiblər. Kulis.az, kultura.az, kult.az kimi ədəbi saytlarda onları izləyirəm və bilirəm ki, bu qüvvələr ya AYB-yə üzv olmamış, ya da ordan istefa vermiş keçmiş AYB üzvləridir.

Heç də onların hamısının fəaliyyətini dəstəklədiyimi deyə bilmərəm. Ancaq onların AYB qurultayında görmək istərdim, görə bilmədim.

- Qurultaya əsasən AYB üzvləri dəvət edilmişdilər. Sizcə alternativ ədəbi qüvvələrin qurultayda təmsil olunması nəyə görə vacibdir?


- Əgər bir məmləkətdə alternativ ədəbi qüvvələr yoxdursa, AYB-dəki 1600 üzvün isə hamısı sadəcə bir adamın varlığına adaptasiya olunublarsa, o zaman1599 üzv də elə yox kimidir.

- Siz də o 1599 üzvdən birisiniz amma. İndi ki bu vəziyyətdən şikayətçisiniz, onda hələ də AYB-də qalmağınızın səbəbi nədir? Heç AYB-dən çıxmağı düşünməmisinizmi?

- Bu yaxınlarda 75 yaşım tamam olacaq. İndi Azərbaycan Yazıçılar Birliyinin 80 illiyini qeyd edirlər. O 80 ilin 45 ili mənim həyatımın bir parçasıdır. Mən AYB-yə gələndə indi burda rəhbərlik edənlərin heç biri rəhbərlikdə deyildilər. Dünən qurultayda Vaqif Səmədoğlu deyirdi ki, mən Yazıçılar İttifaqının binasında böyümüşəm. Kənddən gələnlər isə Yazıçılar İttifaqının binasına girmək üçün növbədə gözləyirdilər.

O vaxtlar qapıya bir rus qadın qoymuşdular, içəri girmək istəyəndə soruşurdu: “kuda?”, mən “tuda” sözünü bilmədiyim üçün, onun yuxuya getməyini gözləyirdim ki, Osman Sarıvəllinin yanına gedə bilim. Hətta bir dəfə də gözlədim o qadın yuxuya getdi, sonra mən içəri girdim. Kənddən gələn nə qədər yazıçı o “kuda” sözünə taxılıb qaldı, o binaya girə bilmədi. O binaya girib o binada şəxsiyyətini, istedadını, ilhamını qoruyan adamlar çox azdır. O adamlardan biri də mən özüməm. Bu halda niyə çıxmalıyam AYB-dən, kimin təşkilatından çıxıram ki, mən. AYB həm də mənimdir, mənə doğmadır, öz təşkilatımdan çıxmağı niyə düşünüm ki?

- Amma sizin dediklərinizi nədənsə başqa kimsə demədi...

- Bax bu da çox mühüm bir məsələdir. Elə bilirsiniz o sözləri deməklə mən qəhrəmanlıq etdim? Xeyr, həqiqəti demək heç də qəhrəmanlıq sayılmamalıdır.

Mən AYB-dən çıxmış olsaydım, o sözləri kim deyəcəkdi. Əgər deyən olsaydı, niyə indiyə qədər demirdi? Kim istəyirsə yaxasını çəksin dursun kənarda, bəs mən niyə kənarda durmalıyam. Ayıb deyilmi, bu biabırçılığa necə susmaq olar?

Mən orda üzümü salonda oturanlara tutub dedim ki, siz öz içinizə diqqət yetirin, görün neçəniz mənlə razısınız. Dedim ki, mən sizdən heç fəxri adlar da istəmirəm, öz adım dünyanın ən gözəl adıdır, Məhəmməddir. Amma bircə nəfər də alternativ düşünən, müxalif düşünən istedadlı adama dəyər veribsinizmi? İldə 70 nəfərə prezident təqaüdü verirsiniz, o adamlar içində bircə nəfər də alternativ, müstəqil yazar varmı?

Qurultayla bağlı solaxay çıxış etmişəm, ona görə çürüyür bu söhbətlər...
XS
SM
MD
LG