Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:11

Taksi sürücüləri illərlə pul ödədikləri «Fiat»ları tələb edir


Foto: Arxiv
Foto: Arxiv
-
“Vaxtilə bizi aldatdılar ki, 5 illik icarə haqqını ödəyin, sonra maşınlar sizindir. İndi isə valı başqa tərəfə çeviriblər”.

Bir qrup taksi sürücüsü “İnter” MMC-dən AzadlıqRadiosunun “Qaynar xətt”inə müraciət edib. Onlar iddia edirlər ki, 8 il əvvəl MMC ilə aralarında bağlanmış müqavilə şərtləri pozulub. Bu isə onların icarəyə götürdükləri avtomobillərdən məhrum olması ilə nəticələnib. Sürücü Şükür Şahbazov:

"O MAŞINLAR ÇOXDAN MÜLKİYYƏTİMİZƏ KEÇMƏLİ İDİ"

“MMC ilə bizim aramızda 2006-cı ildə müqavilə bağlanıb. Həmin müqaviləyə görə, taksi xidməti göstərmək üçün MMC-dən 5 illik müddətə icarəyə götürdüyümüz “Fiat”lar 5 ildən sonra bizim şəxsi mülkiyyətimizə keçməli idi”.

Müqavilənin üstündən 8 il keçib, sürücülərin avtomobillərə görə ödənişləri də bitib. Ancaq avtomobillər hələ də onların mülkiyyətinə verilməyib. Sürücülər deyirlər, onlardan əlavə icarəhaqqı ödəmələri tələb olunur.

Sürücü Elxan Həmzəyev:

“Maşını 2007-ci ildə icarəyə götürmüşdüm. 450 manat icarəhaqqı ödəyirdim. 5 il də bitdi, ödənişim də. Ancaq maşını hələ də özümünküləşdirə bilməmişəm. Şirkət rəhbərliyi əvvəl bir söz deyirdi, indi başqa söz deyir”.

Arxiv fotosu
Arxiv fotosu
"BANKIN BORCUNU QAYTARA BİLMİRSƏ, BİZƏ NƏ?"

Sürücülərin sözlərinə görə, şirkətin partnyorluq etdiyi hansısa banka borcu yaranıb. Hazırda onların idarə etdikləri avtomobillər də həmin bankda şirkət tərəfindən girovdadır. Bildirirlər ki, 3 il əvvəl şirkət rəhbərliyi onlara icarəhaqqını daha bir il ödəməkdə davam etmələrini təklif edib. Vəd verib ki, əlavə 1 illik ödənişdən sonra avtomobillər onların mülkiyyətinə keçəcək:

“Deyir, əlavə icarəhaqqını ödəməkdə davam edin, bankın borcunu bağlayaq. Bankdan öz işləri üçün götürdüyü pulları qaytara bilmirsə, bunda bizim nə təqsirimiz var? Bizimlə müqavilə bağlayanda deməmişdi ki, bankrot olsam mənim əvəzimə bankın pulunu siz ödəyəcəksiniz”.

Başqa sürücü Rəhman Hacıyev:

“Əgər pulunu bizdən artıqlaması ilə aldıqları maşınları adımıza sənədləşdirməsələr, etirazımızı bildirmək üçün hər yola əl atacağıq. Aclıq aksiyasına başlayacağıq. Kimsə banka külli miqdarda borcludur, bundan bizə nə?”

“İnter” MMC-nin rəhbəri Fuad Abdullayev isə deyir ki, bankla işlər qaydasına düşməyənədək avtomobilləri girovdan xilas etmək mümkün deyil:

“Bankla şirkət arasındakı problemlər məndən əvvəlki rəhbərliyin vaxtından qalıb. Burada mənlik bir iş yoxdur. Şirkətin banka olan borcu tam ödənilməsə, maşınları girovdan çıxara bilməyəcəyik. Bunün üçün isə mütləq borc ödənilməlidir. Maşınlar bankda həbsdədir”.

BANKDA GİROVDA OLAN MAŞINLARA HƏBS QOYULUB

Şirkət rəhbəri sürücülərdən əlavə icarəhaqqı alınmasını təkzib edir:

“Biz yalnız icarəhaqqını tam ödəməmiş sürücülərdən tələb edirik ki, gətirib borclarını ödəsinlər. Elələri var ki, icarəhaqqını vaxtında ödəməyib və faizlər yığılıb. İndi faizləri ödəmək istəmir. Adını da qoyur ki, məndən əlavə icarəhaqqı alınır”.

Şirkət rəhbəri bildirib ki, yaxın aylarda bankla problemi həll etməyə və avtomobillər icarəhaqqını tam ödəmiş adamların adına sənədləşdirməyə çalışacaq.
XS
SM
MD
LG