Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 19:22

İnterneti dolaşan üzü xallı adam [Video]


Interneti dolaşan üzüxallı adam
Gözlə

No media source currently available

0:00 0:05:57 0:00

Interneti dolaşan üzüxallı adam

-

«Qabaqda mağazanın yanından sağa dönərsiniz, sonra da sola. Kimdən soruşsanız, evini göstərəcəklər. Adı Coşqundur…».

Beləcə soruşa-soruşa, axır ki, son iki həftənin trendinə çevrilmiş adamı tapdıq. Evdəkilər başımıza yığıldı. Xoş xəbərlə gəlmişik deyərkən, bizi qabaqlayıb, «xəbərimiz var», – dedilər.

BİR FOTONUN İZİ İLƏ…

«Bir az şok vəziyyətinə düşdüm», – internetdə haqqında gedən xəbərlər üzüxallı adamı – Coşqun Allahverdiyevi lap çaş-baş salıb. Ailəsinin də, özünün də başında sual dolaşır ki, axı bu necə oldu?

Düz bir il öncə fotoqraf Famil Mahmudbəylinin obyektivinə düşən bu ailə birdən-birə sosial şəbəkə və online veb səhifələrini dolaşmağa başladı. Səs-sorağı o qədər yayıldı ki, Coşqunun müalicəsini düşünənlər də tapıldı. İndi bütün «facebook» əhli onu əliçıraqlı axtarır...

Coşqun Allahveridyev: «Özüm xəcalət çəkdim ki, məni bu qədər axtarıblar. Biri deyir «NZS»də qalır, biri deyir Yasamalda...».

«Facebook»daki səhifələrdə onun axtarıldığını paylaşınca, azı, 400 adam şərh yazır və onu harda gördüklərini bölüşürdü. AzadlıqRadiosu ən çox hallanan ünvanları arayıb, Coşqunu tapdı. Ona xoş bir müjdə var deyə, axı Gömrük Xəstəxanası onun müalicəsini öz üzərinə götürdüyünü bildirmişdi.

NAZİRİN GÖSTƏRİŞİ

Coşqun Allahverdiyevin anası Zemfira xanım xəbəri eşitdikləri günü belə xatırlayır:

«Zəng-zəng üstündən gəlir, o deyir, bu deyir… Bir də gördüm bir maşın gəldi və içindəki adam – «Xala, biz Coşqunu axtarırıq» – dedi. Söhbətləşəndə məlum oldu ki, bəs, bir jurnalist onu verib internetə. Mən də nə bilirəm internet nədir? Bu yaşımda internet görməmişəm. Dedi ki, sizi Gömrük Xəstəxanasına çağırırıq. Nazir Kəmaləddin Heydərovun göstərişi olub ki, gedin gətirin, müalicəsi ilə bağlı».

Coşqun Allahverdiyev
Coşqun Allahverdiyev

Coşqun Allahverdiyevin anası Gömrük Xəstəxanasına getdiklərini deyir. Amma məlum olub ki, indiyədək Coşqun Allahverdiyev 2 dəfə əməliyyat olunub. Daha bir əməliyyat onun sonu ola bilər:

«Mən Coşqunu Moskvaya, Soçiyə, Tbilisiyə aparmışam. İki dəfə Qələndər həkim öz hesabına əməliyyat edib. Dövlətdən heç bir şikayətimiz yoxdur. Gözü də əməliyyat olunub. Səhiyyə Nazirliyinin köməyi dəyib. Hara getmişik, üzümüzə qapı bağlayan olmayıb».

ÖMÜRLÜK YOLDAŞ

Üzündəki xal doğulandan bəri Coşqun Allahverdiyevin ömür yoldaşıdır. Tibbi dildə «şişən katarakta» adlanır...

«Rəşad, Mehman, Natiq, Elşad, Hümmət, Coşqun... Hə, 6-cı uşaqdır. Olanda istəmədilər saxlasınlar. Dedim yox, Allah-tala verib, mən uşağı atmaram. Saxlayan Allahdır, mən kiməm ki? Saxlayıram, arvadı, bir uşağı da var», – Zemfira Allahverdiyeva bunları deyib, Coşqunu necə evləndirdiklərini bölüşür:

«İki dəfə evlənmişdi, oturmadılar. Biri özü istəmədi, ikincisi də gəldi toy vaxtı – toyxana tutmuşduq, – xalası qoymadı, götürdü apardı. 3-cü dəfə də toy etmişəm. Coşqun həmişə deyirdi ki, o biri oğlanların qəşəngdi, onlara toy edirsən, mənə etmirsən. Mən onun dərdindən ona toy etmişəm. Ki, qoy onun da qəlbi qırılmasın».

İndən belə müalicəsinin mümkünsüz olduğunu bilsə də, Coşqun Allahverdiyev ruhdan düşməyib:

«Ruhdan da düşmədim, qoymadılar düşməyə. Dedilər, get qabağa. Dostlar itələdilər qabağa ki, axır bir nazir, bir dövlət adamı sənə kömək edəcək. Bir ürəyi ağrıyan olacaq».

12 İLLİK EV NÖVBƏSİ

1-ci qrup əlil Coşqun Allahverdiyev 12 ildir ev növbəsindədir. Müalicəyə yox, evə ehtiyacı olduğunu deyir.

Ailəsi ilə qaldığı bir otağı göstərib, – «Bura mənim evimdir», – deyir. Otaqda bir paltar dolabı, bir çarpayı, bir masa və bir uşaq beşiyi var. O, sonuncu təmirin nə vaxt olduğunu belə xatırlamır:

«Subaylığımda da bu evdə olmuşam... Ailəmlə də bu evdə yaşayıram».

«Ya bəxtə-bəxt» deyib onu tapmağa getdiyimizdən nə həyat yoldaşını gördük, nə də uşağını. Həyat yoldaşı paylaşımlarda vəfalı və fədakar qadın adını qazanmışdı:

«Ailəmdən narazılığım yoxdur. Mehribançılıqdır. Rahatlığım, geniş yerim olsa, yaşamaq da asanlaşar. Hər tərəfdən köməyim, işim də olsa, yaxşıdır. İki dəfə ailəm olub, oturmayıblar, indi bu bəyənib, oturmuşuq. Hökumət mənə kömək edib, mənə hər cür yardımını əsirgəməyib. Şikayətim yoxdur. Minnətdaram ki, nazir görüb, hətta maraqlanıb. Baş əyirəm o insanın qarşısında».

Coşqun Allahverdiyev, Zemfira xanım, Vüsalə Əlibəyli və Famil Mahmudbəyli
Coşqun Allahverdiyev, Zemfira xanım, Vüsalə Əlibəyli və Famil Mahmudbəyli

Anası onu hamıdan qorumaq istəyir ki, qəlbi qırılmasın. Amma sosial şəbəkələrdəki yüzlərlə insandan qoruya bilməyib.

– Əsas sizi incidən nə oldu bu paylaşımlarda?

– Bəziləri artıq-əskik şeylər yazdı. Adamlar da var ki, fikrimi tuta bilmirlər. Mənim nə istədiyimi tuta bilmirlər. İndi şəklim internetdə yayılıb, o insanlar bilmir mən nə istəyirəm. Yaxınlar bilir nə istədiyimi. Bəziləri lazımsız sözlər yazır, o mənə pis təsir edir...».

GÜLÜŞ USTASI...

Uşaqlıqdan bəri arzusu kino aktyoru olmaqdı. Sən demə, onunla 1982-ci ildə xaricdən maraqlanıblar da. Amma ailəsi icazə verməyib.

«Aktyorlar, müğənnilər səhnəyə çıxanda, televizordan baxanda elə bilirəm ki, o aktyor mənə güc verir. Az qalıram gedəm o rolu mən oynayım, beləcə, insanların diqqətini çəkəm».

– Hansı rolu oynamaq istərdiniz? Yəni çox sevdiyiniz rol hansıdır?

– Gülüş Ustası rolu.

İnsanları güldürmək istəyən insan. O, bəzən zarafatsız da bunu bacarır. Nə qədər kədərli səslənsə də…

«Bəzən sizin yaşda qızlar məni görüncə «vaaay» deyib qışqırırlar. Niyə qışqırırsınız, axı? Bir də görürsən, – ya yaşlı, ya cavan, ya da uşaq olsun, – zarafatlaşırlar... Mən də, – üzr istəyirəm, – pis sözlər deyirəm. Özüm də utanıram ki, insan nə qədər söyüş söyər».

– Bəs o insanlara nə arzulayardınız?

– O insanlara deyirəm ki, qoy Allahı bilsin, özü bilsin. Qoy Allahın qarşısında öz cəzasını alsın. Ancaq elələri olub ki, gözüm görə-görə gülüb mənə. Bir dəfə, – neçə il əvvəlin sözüdür, – Səhiyyə Nazirliyinə müalicə üçün müraciət etməyə gedirdim. Yolda təxminən 55 yaşlı bir qadın məni görüb o ki var güldü. Dedim, xala, gülürsən, gül ürəkdən... Amma sənə 6 ay vaxt qoyuram, 6 aya elə günə düşəcəksən ki, dizin-dizin sürünəcəksən. Üstündən 1-2 il keçdi. Müalicə ilə bağlı xəstəxanaya gedəndə, həmin qadınla rastlaşdım. Üzdən tanımasam da, səsindən tanıdım o adamı. Gəldi ki qardaş bağışla, qələt etmişəm. O vaxt mən ailəmlə getdim, yol qəzasına düşdüm. Dedi bağışla, dedim, keçmirəm mən».

«ALLAH BİZİMLƏDİR…»

Üzündə xal olsa da, öz gülüşünü sezmək elə də çətin deyil. O, insanlara gülmür. Onu güldürən, həyatına rəng qatan 2 yaşlı oğludur:

«Mən həyatda əziyyət çəkmişəm, qoy mənim balam əziyyət çəkməsin. Heç kəsdən narazılığım yoxdur. İstədiyim budur ki, bu uşağımın bir sənəti olsun. Yəni Famil kimi, sənin kimi jurnalist olsun.

Onlara sağlıq arzulayıb ayrılarkən, Zemfira Allahverdiyeva vəfat etmiş yoldaşının əl işini göstərir. Evin üzərində ulduzlar oyulub, bir də almanca bu yazı:

«Allah bizimlədir...».

Bu fikrin almanca yazılmasını Zemfira Allahverdiyeva yoldaşının bu dilə sevgisi ilə izah edir.

XS
SM
MD
LG