Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 07:08

Facebook fəalının anası: «İnsanların verdiyi tikələrlə necə yaşaya bilərəm?»


Əbdül Əbilov
Əbdül Əbilov

-

İyulun 10-da Azərbaycan mediası nədən yazır? AzadlıqRadiosu qəzetlərdə və internet resurslarında dərc olunan ən maraqlı yazıarın qısa xülasəsini təqdim edir

AZƏRBAYCANDAN BEYİN AXINI?

Azərbaycandan beyin axını ötən əsrin 90-cı illərinin ortalarında müşahidə olunub. Miqrasiya sahəsi üzrə ekspert Azər Allahverənov echo.az-a deyib ki, hazırda Azərbaycanda belə bir sosial cərəyan yoxdur. Azərbaycanda professional kadrların çoxalması müşahidə olunur. Belarus və Qazaxıstan isə post-sovet ölkələri arasında ən aşağı beyin axını ölkələridir. Belə bir reytinqi «Foreign Policy» Amerika jurnalı və «The Fund for Peace» təşkilatı hazırlayıb. Həmin reytinqdə Azərbaycanın balı 4.7-dir ki, bu da ölkədən peşəkar kadrların getdiyini göstərir. Ukrayna - 5.4, Gürcüstan- 5.5, Ermənistan 5.7 balla daha çox beyin axınına məruz qalan ölkələrdir.

«DUZLU GÖL» XƏSTƏLİK MƏNBƏYİDİR?»

Duzlu göl
Duzlu göl

«Yeni Müsavat» yazır ki, Hövsan-Zığ magistral yolunun kənarında yerləşən «Duzlu göl» xəstəlik mənbəyinə çevrilib. «Bunu redaksiyamıza müraciət edən daimi oxucularımız deyir. Onların sözlərinə görə, şəfa tapmaq məqsədilə getdikləri «Duzlu göl»dən yeni xəstəliklər tapıblar». 1 saylı şəhər Kliniki Xəstəxananın tanınmış dermatoloqu, həkim Adil Qəmbərovun fikrincə, yaxşı olardı ki, o gölün suyu və palçıq yüksək avadanlıqla təchiz olunmuş laboratoriyalarda yoxlanılsın: «Həmin gölə gedib dərd tapanlar var. Neçəsi mənə müraciət edib. Ötən gün özüm həmin gölə gedib sudan və palçıqdan nümunə götürdüm. Paslı vannalardakı palçığa girmək üçün növbəyə dururlar. Bilmirlər, bəlkə birinin ağır dəri xəstəliyi var. O xəstəlik keçici də ola bilər. İnsanlar bu barədə qətiyyən düşünmürlər. Kor-koranə palçıq vannası qəbul edib, göldə çimirlər. Belə yerlərə getməmişdən mütləq həkimlə məsləhətləşmələr aparmaq lazımdır. Mən gördüm insanlar bədənlərinə tərkibini bilmədikləri palçığı yaxıb saatlarla günəşin altında qalırlar. Qətiyyən belə olmaz».

AZƏRBAYCAN HAKİMİYYƏTİNİN İDXAL PRİPİSKASI

«Azadlıq» qəzeti: Ölkədə istehsal olunan taxılın yarısının yemlik üçün yararlı olmasına aydınlıq gətirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov bildirdi ki, ölkədə taxıl istehsalı müstəqillik dövrünə qədəm qoyulandan qaydasına salınmayıb. Sovet dövründə də Azərbaycanın istehsal etdiyi taxıl məhsulların yemçilikdə istifadə olunduğunu deyən V. Məhərrəmov bildirdi ki, Azərbaycan ərzaq buğdasına olan tələbatını özü ödəməyi üzərinə öhdəlik götürsə də, müvafiq addımlar atılmayıb: «Azərbaycan gərək ərzaq buğdası standartına uyğun buğda istehsal etsin. Bunun olmamasının bir neçə səbəbi var. Birinci səbəb bizim fermerlərin aqrotexniki qaydalara tam əməl etməməsidir. Bu da onunla bağlıdır ki, fermerlərin bu istiqamətdə bilgisi kifayət qədər deyil. Eyni zamanda texniki avadanlıqların çatışmazlıqları da özünü göstərir. Səpinin aparılmasına baxmayaraq suvarmanın vaxtında edilməməsi də bitkinin normal qidalanmamasına gətirib çıxarır. Nəticədə bitki məhsul formalaşdıra bilmir».

FACEBOOK FƏALININ ANASI AİLƏNİN AĞIR DURUMUNDAN DANIŞIR

«Mənim oğlumu şərləyib həbs ediblər. O, Facebook-dakı fəaliyyətinə görə həbs edilib. Əbdül haqsızlığa qarşıdır», deyə həbsdə olan Facebook fəalı Əbdül Əbilovun anası Nurcahan Əbilova Turan agentliyinə bildirib. Nurcahan Əbilova oğlunun həbsindən sonra ailəsinin çox ağır durumda olduğunu deyib. «Oğlum ailənin yeganə təminatçısı idi. O, həbs edildikdən sonra həyat yoldaşını göndərdim atasıgildə qalsın. Özüm isə rayona getdim. Bir müddət qardaşımgildə qaldım. İndi Bakıya qayıtmışam. Bu ana oğulsuz, gəlinsiz necə yaşaya bilər? İşləyənim yox, qazananım yox, insanların verdiyi tikələrlə necə yaşaya bilərəm?», deyə o, göz yaşları ilə sual edir.

ATƏŞ ALTINDA ÖMÜR SÜRƏNLƏR

Arxiv foto
Arxiv foto

«Bizim Yol» qəzeti Tərtərin Qapanlı kəndindən reportaj dərc edib. «3 dəfə dağılıb mənim evim. Üçündə də özümüz öz xərcimizlə bərpa etmişik. Çünki ən axırıncı ev mənimkidir. Görünən yerdir. Bir sözlə, atəş altındayıq biz», - Tərtərin Qapanlı kəndində yaşayan Xuraman Məmmədovanın sözləridir. X. Məmmədovanın evinin ön çəpəri istinad divarıdır. Elə ona görə də Qarabağ müharibəsi başlayandan evi 3 dəfə dağılıb. Deyir bu evi o qədər əziyyətlə tikib başa gətiriblər ki, bundan sonra başqa yerə köçməyə imkanları çatmaz: «Evin içində istifadə etdiyimiz kərpiclərin hamısını yoldaşımla ikimiz əllərimizlə kəsmişik. Bax, bu zülmlə başa gətirmişik evimizi. İndi mənim 47 yaşım var. Bundan sonra bu boyda evi harada tikə bilərəm? Heç tikməyə də imkanım yoxdur. Nə yalan deyim? Bundan sonra gedib başqa yerdə yaşaya bilmərəm».

ASAN XİDMƏTİN YENİ BÖLMƏLƏRİ AÇILACAQ

ASAN xidmət
ASAN xidmət

İlin sonunadək ASAN Xidmətin daha 4 regional bölməsi açılacaq. Bunu Moderator.az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. Onun sözlərinə görə, hazırda Sabirabad, Bərdə, Masallı və Qəbələdə ASAN xidmətin regional bölmələri üçün yeni binalar tikilir:

«Sabirabad və Qəbələ rayonlarında fəaliyyət göstərəcək regional bölmələrin açılışı yaxın zamanlarda olacaq və bu regional bölmələr üçün artıq vakansiya iş yerlərinə elan da verilib».

İ. Kərimov onu da bildirdi ki, Bakı qeydiyyatında olanlar paytaxta fəaliyyət göstərən istənilən 4 xidmət bölməsinə müraciət edə bilər və bu məsələdə heç bir problem yoxdur.

XANIM QAFAROVA İSRAİLƏ GÖNDƏRİLİR

Xərçəng xəstəliyindən əziyyət çəkən əməkdar artist Xanım Qafarovanın müalicə xərclərini Heydər Əliyev Fondu öz üzərinə götürüb. Bu barədə məlumatı ANS PRESS-ə aktrisa özü verib. X. Qafarova açıqlamasında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə İsrailə müalicə olunmağa gedəcəyini deyib:

«Dünən axşam fondan zəng vurdular. Dedilər ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım bütün müalicə xərclərimi ödəyəcək və məni İsrailə göndərəcək. İyulun 12-də İsrailə gedəcəm».

XS
SM
MD
LG