Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:55

Müsavatçı: «Ağzıma dəyən yumruqdan üç... dişim sındı»


Arxiv foto
Arxiv foto

-

Gözlə

No media source currently available

0:00 0:02:34 0:00
Direct-ə keçid

Goranboy Rayon Məhkəməsi Müsavat Partiyası yerli təşkilatının sədri Yusif Namazoğlunu 200 manat cərimələyib. O, polisi təhqir etməkdə ittiham olunur. Yusif Namazoğlu iyulun 11-də yol polisi ilə mübahisə etdikdən sonra Goranboy Rayon Polis Şöbəsinin Yuxarı Ağcakənd bölməsinə aparılıb. O, AzadlıqRadiosuna müsahibəsində mübahisənin səbəblərindən və polis bölməsində başına gələnlərdən danışıb:

- Mən təsərrüfat və heyvandarlıqla məşğul oluram. Yayda günümüz yaylaqda keçir. Anam xəstələnəndə, ailəlikcə rayona getmişdik. Qayıdanda taksi tutduq. Yuxarı Ağcakənddə bizi yol polisləri saxladı. Məlum oldu ki, sürücümüzün sənədləri yerində deyil. Polislər bizi buraxmaları üçün sürücüdən pul umduqlarını sezdirirdilər. Sürücünü gitaraçı kimi toylara çağrıldığını da bildiklərindən, buna eyham vurub deyirdilər ki, bizim də gitaramız çubuğumuzdur. Sürücü də pul verməyə razılaşmırdı. Aralarında mübahisə yarananda yol polisinin biri söyüş söydü. Etiraz edib, polisə dedim ki, maşında qadın var, mədəni davran. Polis söyüşlərinə ara vermədi. Beləcə, aramızda mübahisə yarandı, əlavə polis çağırdılar və bizi bölməyə apardılar.

- Şöbədə nə baş verdi, sizinlə necə davrandılar? Axı məhkəmə qərarını onunla əsaslandırıb ki, siz həm də rəisin otağını dağıtmısınız...

- Tam yalandır. Məni əvvəlcə rəisin otağına apardılar. Dərhal qapını bağlayıb, üstümə düşdülər. Ağzıma dəyən yumruqdan üç düzəltmə dişim sındı. Sonra rəis otaqdan çıxdı. Telefonumu almamışdılar deyə, dərhal zəng edib olanları partiya rəhbərliyinə məlumat verdim. Partiya mənsubiyyətimi bilən rəis daha da aqressivləşdi. Başladı otaqdakı bəzi əşyaları dağıtmağa. Sonra dedi ki, guya mən onlara hücum çəkmişəm və otağı dağıtmışam. Məndən izahat istədilər. Təzyiqləri gözə almadan hər şeyi olduğu kimi yazdım. Sonra məhkəməyə apardılar. Şahidlər olmadığından polislər üzümə durdu. Yaxşı ki, bu proseslər gedə-gedə, olub-bitənləri mətbuat da işıqlandırmışdı. Hakim barışıq təklif etdi. Beləcə, məni 200 manat cərimələyib buraxdılar.

- Taksi sürücüsünün taleyi necə oldu?

- Hadisə baş verərkən bir başqa taksi sürücüsü də gəlib mübahisəyə qoşulmuşdu. Şöbəyə hamımızı aparmışdılar. Həmin sürücüyə 3 sutka həbs verdilər. Bizim sürücünü isə 100 manat cərimələyib buraxdılar.

- Məhkəmə qərarından şikayət etməyi düşünürsünüz?

- Vəkillərlə məsləhətləşirik. Bundan sonra nə edəcəyimizi birlikdə qərarlaşdıracağıq. Məhkəmə qərarından mütləq apellyasiya şikayəti verəcəyəm.

Goranboy Rayon Polis Şöbəsinin Yuxarı Ağcakənd bölməsindən Yusif Namazoğlunun saxlandığını təsdiqləsələr də, şöbədə ona hücumla bağlı deyilənləri təkzib edirlər.

XS
SM
MD
LG