Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:21

Erotik çırpınışlar


Rüfət Səid
Rüfət Səid

-

Rüfət Səid

YENI ŞEİRLƏR

Erotik çırpınışlar

Aman Tanrım,

Ziyalının kiməsə bıçaq çıxardığını eşitdim,

Qanım dondu damarda…

Amma sonra,

Birdən yadıma düşdü:

Bir vicdanlı jurnalisti tiryəklə tutmuşdular bu yaxında…

Qanım yenidən qaynadı bir anda.

Adiləşdi…

Doğmalaşdı…

Bütün acı xəbərlər Vətənin dadın verməyə başladı.

Uzaqlaşdı…

Arzularım, xəyallarım… hətta ideallarım!

İndi çırpınıram,

Vurnuxuram…

Yastığımı qucaqlayıb, doyunca ağlayıram…

Ağlamaq faydalıdır…

Axı sonra kədərli şeirlər yaxşı alınır.

Çılğın xanımlar da yaxşı anlayır.

Bircə siyasəti anlamır onlar.

Bu qədər murdarlıq içində sevişmək var ikən…

Nə üçün savaşırıq?

Tələbələrinin gözü önündə həbsə getmək üçünmü?

Sevdiklərinin ürəyinə həsrət çökdürmək üçün?

Ən yaxşısı ürək qırmaqdır, dostum…

Erotik çırpınışlarla şair kimi tanınmaqdır…

Ayrılıqdan yaz bir az…

Onun dadı Vətən kimi doğmadır.

“Azərbaycan, sənə nə versəm çoxdur”

(Allen Ginsberqin “Amerika” şeirindən ilhamlanaraq)

Azərbaycan!

Sənə hər şeyimi verə bilərdim,

Amma qorxuram ki, heç nə olaram...

İtirərəm qadınım qarşısında son kişi hörmətini,

Övladım qarşısında ata məhəbbətini...

Anam-atam da əvvəlcə xiffətlə qarşılayar,

Sonra evdən həbsxanaya qədər məsafə

Onları da bezdirər...

Və mən bütün mübarizə eşqinə tüpürərək,

Sadəcə onlara qovuşmaq üçün,

Məhbusluğu onların yanında yaşamaq üçün...

“Əfv ərizəsi” yazacaq qədər aciz olaram.

Azərbaycan, səni sevməklə miskinləşir adam...

Sənə nə versəm, çoxdur!

Azərbaycan!

Nə fərqi var, sağçıyam, ya solçuyam...

Bilirəm ki, düşmənlə üz-üzə gəldiyim zaman

Onlar üçün mən azərbaycanlıyam.

Sənin oğlunam, amma...

Nə günah işlədin ki, indi onun altını çəkməliyəm?

Nə vaxt, necə

Bu qədər düşmən qazandın, ey Ana Vətən?!

Nə edim ki, bir-iki dostun olsun?

Nə vaxta qədər axı

Yalandan tərifləməliyəm səni?

Sənə nə versəm çoxdur.

Azərbaycan!

Sənin üçün oğul böyüdürəm.

Hər gün içməyə dəvət edən dostlarıma da

“Qardaş, evdə təcili işlərim var” deyirəm ki,

Heç olmasa, özümü ev sahibi olduğuma

bu yolla inandırım,

Yalandan başımı aldadım ki,

Ailə dəyərinin heç olduğu ölkədə

Özümü ailə başçısı hiss edim.

Verdiyim kreditlər,

Bir borcdan başqa borca girməklərim...

Sənin üçündür yoxsa,

Sənin mikroblarını firavan etmək üçün?

Öl, sorsunlar qanını...

Səndə heç nəyim yoxdur...

Oğlum da mənim deyil,

İndidən onun üçün qılınclar itilənir...

Sənə “fəda” dediyim

Düşmən təsəllisidir...

Sənə nə versəm çoxdur.

Azərbaycan!

Saqqallı, ya saqqalsız...

Xaçlı, ya da xaçsız...

Nə qədər insan üçün

Qan tökməyə şanlı meydan olmusan.

Dinsizəmsə, yəni əqidəm yoxdur?

Səndə xoşbəxt olmağa,

Səndə xoşbəxt etməyə haqqım da yoxdur yəni?

Sənin təşəkkürün də

Sənə pislik edənlərə ünvanlı.

Uzaq ölkələrə də göndərirsən sülhməramlı taqımı.

Bir əsgər tapmadınmı

Səninçün canından yox,

Nəsli üçün yığdığı milyonlarından keçsin?

Dilin qısadır amma,

Uzun dirəklərinlə öyünürsən...

Sənə nə desəm azdır.

“Oxu, tar” (postmodern versiya)

Oxu, tar, oxu, tar…

Öldü getdi proletar…

Bütün arzuları da

Pas bağladı iyirmi ildir açar girməyən

Zavod qıfılı kimi.

Dəzgahlar da çoxdan metal-lom olub…

Əriyib oliqarx sobalarında…

Oxu, tar!

Oxu…

İndi səni himayə edir ölkəmizin bir nömrəli fondu.

Baxma ki, “Ehtiraslı Sabina”nı dinləyir çoxu.

Oxu, tar!

Gözəl qızlar səni bəyənməsə də…

Kiminsə xoşuna gəlmək üçün məhz…

Nə qədər insan sıraya düzülüb səni dinləyəcəkdir..

Zəhlətökən xanəndələr də bir-bir

Boğazına işgəncə verəcəkdir…

Bu gecənin sahibi-ixtiyarı sən olmusan…

Oxu, tar!

Sən öləsən,

Bu qədər dəbdəbəylə..

Bu qədər təntənəylə…

Səni kim unudar?!

Oxu, tar! Oxu…

Səni də plana salıblar, artıq…

İndi miniyubkalı bir gözəl gəlib

səni ağladacaq.

Sal başını aşağı…

Oxu…

Boşalt içindəki bütün dərdləri…

Di qurtar!

Oxu, tar…

Pəncərədən uçan aysellər üçün.

Damarını doğrayan

“balası şəkər” ceyillər üçün…

bığ yeri tərləmədən

sinəsinə “privet voram” yazan

dölbeyinlər üçün də…

Və özünü şair elan edərək…

İçkidən və qadınlardan

yaradıcılıq quran,

əfv edəsən, dağıdan…

Qəmgin debillər üçün.

Oxu, tar, oxu…

Elə bir zəmanəyə düşmüsən ki,

səni mələtməsələr

əl çəkən deyil bunlar!

“Özgədə qalan gözlər”

Sən elə bilirdin xoşbəxt olacaqsan...

Dikdabanla boşqabı sındırıb keçdiyin zaman.

Beləcə, bir şillə dəydi üzünə.

Qapı çırpıldı bərkdən...

Həyat belədir axı...

Bircə boşqaba görə

Başınla cavab verməli olursan.

Sən elə bilirdin xoşbəxt olacaqsan...
Sevgilisindən ayrılmış rəfiqələrinə

Təsəlli verdiyin an.

Hər təsəllidə öz taleyinə şükür edirdin,

Hər dəfə də başını bulayanda,

Qəlbində bir sərməstlik yaranırdı.

"Mənim qismətim başqadır”deyirdin,

Çünki hələ o qismət gəlməmişdi...

Nə sən sevmişdin, nə də...

Qapın döyülməmişdi.

Səsdə olan qulaqlar

Həmişə xoş xəbərlərə köklənir.

Sən elə bilirdin xoşbəxt olacaqsan...

Bunu sənin platonik eşq yaşadığın

şair də deyirdi.

Bu sözlərə görə söymüşdün onu...

Hətta nifrət etmişdin...

Çünki yalandan səni

başdan etmək istəyirdi o əclaf.

Amma yavaş-yavaş nifrətin keçdi...

Lakin şair hər zaman yalançı olaraq yadında qaldı.

Yaşadığın əzablar

Daha doğma göründü,

Daha həqiqi gəldi.

Heç olmasa zəng elə...

İki-üç sözdən ibarət məktub yaz.

Elə bilməsin ki, bədbəxt olmusan...

Eləcə, şillə dəydi üzünə.

Həyat belədir axı...

Özgədə qalan gözlər

Ancaq dəhşətli mənzərələr görür.

"Bakı üçün”

Bakı, təbrik edirəm…

Sən də oldun bir meqapolis!

İndi bunun mənasını

Biz başa düşməsək də olar, vallah!

Xeyli əcnəbiləşdin,

Başdan-ayağa şüşəyə büründün…

Böyüdün, böyüdün….

Oldun meqa bir polis.

Əmrə müntəzir dayanmısan, Bakı…

Səni təbrik edirəm,

Rütbən də var,

Vaxtaşırı mədəniyyət paytaxtı da olursan.

Xeyli qloballaşdın,

Başdan-ayağa otelə büründün.

Böyüdün, böyüdün…

Oldun ögey və bizsiz.

İndi küləklər küçələrində yox,

Sakinlərin beyinlərində gəzir…

İndi iftixarın Xəzərində yox…

Uzaq okeanların gəmilərində gəzir.

Sənin bağrını deşib, qara qanını içdilər…

Daha "kim qanını qaraltdı?” deyə soruşan yox…

Meyit kimi ağardın…

Bakı, təbrik edirəm!

Sən də oldun bir meqapolis.

İndi səni dağdan gələnlər özəlləşdiriblər…

Biz uzaqdan şeir həsr eləsək də olar, vallah!

XS
SM
MD
LG