Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:43

Sərhədlər aşan Rusiya-Ukrayna böhranı [Video]


-

Siyasi şərhçilər Gültəkin Hacıbəyli və Zərdüşt Əlizadə Malayziya sərnişin təyyarəsinin Ukrayna üzərində vurulmasına münasibət bildirirlər.

«AVROPANIN MƏSƏLƏYƏ REAKSİYASI SƏRT OLACAQ»

Gültəkin Hacıbəyli hadisəni insanlıq faciəsi kimi qiymətləndirir:

«Bu bir insanlıq faciəsidir, terror aktıdır. Hadisəni kimlərin törətməsindən asılı olmayaraq, cəzası çox ağır olmalıdır. Ən acınacaqlı budur ki, təyyarədə 80 nəfər uşaq həlak olub. Bu olay beynəlxalq münasibətlərdə SOS-siqnalı rolunu oynamalıdır. Rusiya-Ukrayna münaqişəsində təkcə ukraynalılar, krımlılar deyil, Avropadan, Asiyadan olan günahsız insanlar həyatlarını itirirlər. Hadisə Qərbi, beynəlxalq ictimaiyyəti ayağa qaldırmalıdır. Bu məsələyə adekvat reaksiya verilməlidir».

«Hadisəni separatçıların törətdiyi aşkardır. Onların əsl məqsədi Ukrayna hərbi hava qüvvələrinə məxsus təyyarəni vurmaq olub. Rusiya anlayır ki, ona qarşı Avropa Birliyinin sanksiyalar qüvvəyə minir. Bu məsələ Rusiya iqtisadiyyatına da sarsıdıcı zərbə vuracaq. Rusiyadan sərmayələr geri çəkilir. Belə olan halda Rusiya ağır iqtisadi vəziyyətlə üzləşir. Güman etmək olar ki, Putin yaranmış vəziyyətə görə separatçıların sakitləşməsinə çalışacaq. Digər bir tərəfdən, Ukrayna Avropa sərhədləri daxilində yerləşir. Avropa ərazisində mülki təyyarənin vurulmasına Avropanın reaksiyası daha sərt olacaq».

«BEYNƏLXALQ HÜQUQ NİSBİ MƏFHUMA ÇEVRİLİB»

Zərdüşt Əlizadə də hadisənin təəssüf doğurduğunu dilə gətirir:

«Bu, təəssüf doğuran hadisədir. Malayziya üçün də bədbəxt hadisədir. Çünki bu ilin əvvəlində başqa bir təyyarə də itmişdi. Aydın məsələdir ki, təyyarəni separatçılar vurub. Onlara texnikanı Rusiyanın verdiyi də bəllidir. Vətəndaş müharibəsi gedir, geosiyasi çəkişmə gedir. Ukraynanı Qərb Rusiyanın təsirindən qoparmaq istəyir, Rusiya buna imkan vermək istəmir. Ortada isə sadə camaat qalır».

«Təəssüf ki, beynəlxalq hüquq nisbi məfhuma çevrilib. Obama da, Cameron da deyir ki, Ukraynanın ərazi bütövlüyü təmin edilməlidir. Ancaq bütün bunlar sözdə qalır. Dünyada ikili standartlar var. Mülki təyyarələrin vurulması adi hala çevrilib. Rusiya bu hadisədən çox itirəcək. Bu hadisə Rusiyaya qarşı artan təzyiqlərə mənəvi bəraət qazandırır».

Gözlə

No media source currently available

0:00 0:55:00 0:00
Direct-ə keçid

XS
SM
MD
LG