Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:49

Hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edilib [Video]


Hüquq müdafiəçisi Rəsul Cəfərov həbs edildi...
Gözlə

No media source currently available

0:00 0:04:07 0:00

-

Nəsimi rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib. Ona qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Yazı yenilənir. Ən son xəbər yazının əvvəlindədir.

«TANIŞ VƏZİYYƏT İDİ»

Vəkil Xalid Bağırov AzadlıqRadiosuna deyib ki, Rəsul Cəfərov bu gün istintaqa ifadə verməyə çağırılmışdı:

«Mənə zəng gəldi, dedilər ki, Rəsul Cəfərov sizin onun vəkili olmanızı istəyib. Mən dərhal istintaqa gəldim. Gələndən sonra dərhal Rəsul Cəfərova ittiham elan olundu. Tanış vəziyyəti idi. Anar Məmmədlinin (hazırda həbsdə olan QHT rəhbəri –red.) işini xatırlatdı. Hökumət QHT-ləri kommersiya fəaliyyəti kimi qiymətləndirir. Amma QHT-nin biznes struktura dəxli yoxdur».

«VERGİDƏN YAYINMA İTTİHAMI ƏSASSIZDIR»

Vəkilin dediyinə görə, istintaq Rəsul Cəfərovun ictimai fəallığını qanunsuz sahibkarlıq fəaliyyəti kimi xarakterizə edib:

«Ona vergidən yayınma ittihamı verilib. Onu tanıyanlar bilirlər ki, vaxtlı-vaxtında vergini ödəyib. Amma istintaq hesab edir ki, o, 6 min manatı vergidən yayındırıb. Tələb elədik ki, bu məbləği ortaya çıxaran yoxlama sənədini göstərsinlər. Əvvəl heç nə göstərmək istəmədilər, mən qeydimi yazandan sonra ortaya bir akt qoydular. Həmin aktda yazılmışdı ki, Rəsul Cəfərovun 5 illik maliyyə fəaliyyəti yoxlanıb və onun 150 min manatıq gəliri olub. Audit də qərar verib ki, 6 min manatı vergiyə ödəməyiblər. Halbuki, Rəsul Cəfərov istintaqın istədiyi sənədləri son iki gündə onlara təqdim edib, yarısını da bu gün gətirib. Bunlar bu sənədləri bu sürətlə necə yoxlaya bildilər?».

Xalid Bağırov ictimai fəalın həbsini sifarişli sayır:

«İkinci ittiham vəzifə səlahiyyətini aşmaqdır. Rəsul Cəfərovun rəsmi qeydiyyatdan keçirdiyi QHT-si olmayıb ki, orda da vəzifə tutsun. Müxtəlif layihələrdə layihə koordinatoru olub. Bu isə vəzifə deyil».

«İSTİNTAQA ÇAĞIRILANDA GƏLİBSƏ, İSTİNTAQDAN NECƏ YAYINA BİLƏR?»

Vəkil deyir ki, məhkəmə zamanı müstəntiq Rəsul Cəfərovun həbs edilməsi zəruriliyini əsaslandırarkən onun istintaqdan yayınma ehtimalını vurğulayıb:

Rəsul Cəfərov İsveç müğənnisi Loreen-i Bakıda məcburi söküntüləri əks etdirən fotostendlə tanış edir.
Rəsul Cəfərov İsveç müğənnisi Loreen-i Bakıda məcburi söküntüləri əks etdirən fotostendlə tanış edir.

«Müstəntiq özü də etiraf etdi ki, Rəsul istintaqa iyulun 30-da çağırılıb. Rəsul da çağırılan müddətlərdə, iyulun 30-u, avqustun 1-i və 2-də istintaqa gedib. Hansı yayınmadan söhbət gedir? Müstəntiq deyir ki, Rəsul Cəfərovun xarici təşkilatlarla güclü əlaqəsi var, ölkədən gedə bilər. Amma axı onun ölkədən çıxmağına qadağa qoyublar. Necə gedə bilər?».

Xalid Bağırovun dediyinə görə, müstəntiqin üçüncü arqumenti bu olub ki, Rəsul Cəfərov azadlıqda qalsa, cinayətkar əməllərinə davam edə bilər:

«Cinayətkar fəaliyyət nədir? Qrant alıb layihə həyata keçirmək? Nəzərə alsaq ki, bütün QHT-lərin hesablarına həbs qoyublar, onların faktiki maliyyə əldə etmək imkanları yoxdur, onda bu arqumenti də əsassız göründü. Rəsul Cəfərov ittiham edilsə belə, onun həbsini zəruri edən səbəb yoxdur».

Vəkil ictimai fəalın həbsi ilə bağlı apellyasiya verəcəklərini deyir.

3 AYLIQ HƏBS

Nəsimi rayon Məhkəməsinin qərarı ilə hüquq müdafiəçisi Rəsul Cəfərov barəsində 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

***

Rəsul Cəfərova qarşı qanunsuz sahibkarlıq, vergidənyayınma və vəzifə səlahiyyətlərini aşma maddələri ilə ittiham irəli sürülüb.

Hazırda Rəsul Cəfərov Nəsimi rayon Məhkəməsinə aparılıb.

HÜQUQ MÜDAFİƏÇİSİ RƏSUL CƏFƏROV HƏBS EDİLİB

Bu barədə AzadlıqRadiosuna vəkil Xaliq Bağırov məlumat verib və deyib ki, o, Baş Prokurorluğa gedir.

Rəsul Cəfərov iyulun 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində 6 saat dindirilib.

Rəsul Cəfərov bildirib ki, o, bir sıra yerli və xarici QHT-lərə qarşı açılmış cinayət işi üzrə şahid qismində dindirilib və bütün suallara cavab verib.

Onun mənzilində axtarış aparılıb. Rəsul Cəfərov «facebook» profilində yazıb ki, axtarış zamanı istintaqı maraqlandıran sənədlər tapılmayıb.

Ötən ay Rəsul Cəfərovun bank hesabına həbs qoyulub, ayın 25-də ölkədən çıxması yasaqlanıb.

Rəsul Cəfərov 2012-ci ildə Bakıda keçirilən «Eurovision» mahnı yarışması ərəfəsində keçirdiyi «Sing for Democracy» kampaniyası ilə tanınıb.

Kampaniya zamanı müxtəlif aksiyalar, sərgilər keçirilib, beynəlxalq ictimaiyyətin diqqəti Azərbaycanda insan haqlarının durumuna, demokratik təsisatların vəziyyətinə yönəldilib.

Bundan sonra kampaniya «Art for Democracy» adı altında fəaliyyətini davam etdirib.

İnsan Haqları Klubunu təsis edən Rəsul Cəfərov həm də ölkədə siyasi məhbus problemlərini izləyirdi.

Rəsul Cəfərov həm də REAL-ın İdarə Heyətinin üzvüdür.

XS
SM
MD
LG