Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 15:45

Dünya Bankı Azərbaycanda korrupsiyanın bir az da artdığını deyir


Araşdırmalar keçmiş sosialist ölkələrində korrupsiyanın azalmaqda olduğunu göstərir
Araşdırmalar keçmiş sosialist ölkələrində korrupsiyanın azalmaqda olduğunu göstərir

Dünya Bankının (DB) araşdırmaları keçmiş sosialist ölkələrində korrupsiyanın azalmaqda olduğunu göstərir. Amma bu ümumi meylin əksinə olaraq bəzi ölkələrdə, o cümlədən Azərbaycanda korrupsiyanın bir az da artdığı deyilir.


Bankın Avropa və Orta Asiyada kasıbçılığın azaldılması və iqtisadi idarəçilik üzrə direktoru Çeril Qrey dörd ölkənin korrupsiya ilə mübarizədə daha çox uğur qazandığını bildirir: «2002-2005-ci illər arasında çox göstəricilərə görə vəziyyəti daha yaxşılaşdırmış ölkələr Gürcüstan, Slovakiya, Bolqarıstan və Rumıniyadır. Bu ölkələrin hamısı araşdırdığımız göstəricilər üzrə böyük dəyişikliklər ediblər».


Hesabatda Gürcüstanın anti-korrupisya proqramını uğurla gerçəkləşdirdiyi deyilir. Moldova və Tacikistanda da korrupsiya ilə mübarizədə bəzi irəliləyişlər olduğu bildirilir.


Avropa və Orta Asiyada biznes quran 20 minə yaxın firma təmsilçiləri arasında aparılmış sorğuya görə, Azərbaycanda, Çexiyada, Rusiyada, Albaniyada və Qırğızıstanda korrupsiya biznes üçün başlıca əngəl kimi qalmaqdadır.


Estoniya və Sloveniyanı çıxmaqla, qalan Şərqi Avropa ölkələrində korrupsiya Qərbi Avropaya nisbətən yüksəkdir. Yunanıstan, Portuqaliya və Türkiyədə isə korrupsiyayla bağlı vəziyyət keçid dövrü ölkələrindəkindən çox da fərqlənmir.


DB-nin apardığı araşdırmalar bir çox parametrlər üzrədir. Məsələn, korrupsiyanın biznesə əngəl olması, inzibati korrupisya, qanunvericiləri rüşvətlə ələ almaq və s. Ümumiyyətlə, korrupsiyanın 10 növünə görə, vəziyyət dəyərləndirilib. Hesabatda 2002-ci ildən bəri həmin göstəricilərin çoxu üzrə Azərbaycanda geriləmə olduğu deyilir.


Ermənistan, Tacikistan və Özbəkistanda çalışan şirkətlərin təmsilçiləri dörd il əvvəllə indiki vəziyyət arasında çox da fərq görmürlər, amma Azərbaycanda çalışan şirkətlərin dörddə biri rüşvətin daha tez-tez tələb olunduğunu bildirib.


İnzibati korrupsiyaya görə araşdırma aparılan ölkələr arasında Azərbaycanda vəziyyət yalnız Qırğızıstandan yaxşı sayılıb. Qalan bütün ölkələrdən isə pis hesab olunub.


Korrupsiya ilə mübarizə aparan «Transparency İnternational» adlı beynəlxalq təşkilat da ötən il korrupsiya indeksi barədə hesabat hazırlamışdı. Amma bu hesabatda korrupsiyanın Azərbaycanda azalmaqda olduğu deyilirdi. Həmin məruzə də şirkət təmsilçiləri arasında aparılan sorğu əsasında hazırlanmışdı.


«Transparency İnternational»ın Azərbaycan üzrə icraçı direktoru Rəna Səfərəliyeva «Azadlıq» radiosuna müsahibəsində araşdırmalar arasındakı fərqi belə izah edir: «Dünya Bankı yalnız xarici sərmayəçilər arasında rəy sorğusu keçirir, «Transparency İnternational» isə həm yerli, həm də xarici şirkətlər arasında keçirilən rəy sorğusuna əsaslanır».


Korrupsiyanın işləməsi sxeminə görə DB ölkələri qruplara bölüb. Bu sxemdə MDB-nin cənubundakı bütün qonşu ölkələr bir qrupa düşüb, Azərbaycan isə Orta Asiyanın üç ölkəsi - Özbəkistan, Tacikistan və Qırğızıstanla başqa qrupa.


Korrupsiyanın işləmə sxeminə görə Azərbaycan öz qonşularından nəylə fərqlənir və niyə Orta Asiyaya yaxın sayılır?


Rəna Səfərəliyeva bunu adamların korrupsiyaya reaksiyası ilə izah edir. Onun sözlərinə görə, Gürcüstan, Ermənistan və yaxud Rusiyada «adamlar korrupsiyaya daha çox müqavimət göstərirlər», Azərbaycanda isə «əsasən biganədirlər».


Dünya Bankı bu qruplaşmalardakı başqa fərqləri də göstərir. Əgər Azərbaycanın və Orta Asiyanın üç ölkəsinin daxil olduğu qrupda vergiylə bağlı korrupsiya daha güclüdürsə, Ermənistan və Gürcüstanın daxil olduğu qrupda lisenziyalaşma ilə bağlı korrupsiya güclü sayılır.


XS
SM
MD
LG