Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:55

Elmar Hüseynovun qətliylə bağlı istintaqın davam etdirilməsi istənilir


«Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynov
«Monitor» jurnalının mərhum baş redaktoru Elmar Hüseynov

Mərkəzi ofisi Nyu-York şəhərində yerləşən Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi Daxili İşlər Nazirliyinin keçmiş zabiti Hacı Məmmədovun «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu onun dəstəsinin qətlə yetirməsi barədə məhkəmədə dediklərinə şübhə ilə yanaşır. Adam oğurluğu və çoxsaylı qətllərdə ittiham edilən Hacı Məmmədov iyulun 25-də məhkəməyə verdiyi ifadəsində bildirib ki, ötən ilin martında «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovu keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyevin sifarişi ilə onlar öldürüblər. Beynəlxalq Jurnalistləri Müdafiə Komitəsi iyulun 28-də yayılan bəyanatında yada salır ki, bu qətlin təhqiqatı başlayarkən türk müstəntiqləri də Hacı Məmmədovun qrupunun jurnalistin qətli ilə bağlılığını bildirmişdilər. Amma o zaman Azərbaycan rəsmiləri bu ittihamları təsdiqləmədi. Hazırda dövlət çevrilişinə cəhd ittihamı ilə həbsdə olan Fərhad Əliyevin özü də Hacı Məmmədovun iddialarını rədd edib.


Hacı Məmmədovun ifadələrindən şübhələndiyini bildirən Komitə Bakını mərhum jurnalistin qətli ilə bağlı istintaqı davam etdirməyə çağırıb.


Amma «Monitor» jurnalının keçmiş əməkdaşı Eynulla Fətullayev isə elə ilk gündən bu qətldə Azərbaycanın hökumət rəsmilərindən şübhələndiklərini, Fərhad Əliyevin də qətl zamanı yüksək vəzifə sahibi olduğunu söyləyir: «Fərhad Əliyev özü də , onun qardaşları da Azərbaycan hakimiyyətinin böyük bir hissəsi olub. Həm prezidentin, həm də hakimiyyətin vuran qolu olublar. Bizim isə ilk gündən Azərbaycan hökumətindən şübhəmiz olub».


Azərbaycandakı bir sıra jurnalist təşkilatları və mərhum Elmar Hüseynovun yaxın dostları da onun keçmiş İqtisadi İnkişaf nazirinin sifarişi ilə öldürülməsi barədə Hacı Məmmədovun ifadələrinə inanmadıqlarını bildiriblər.


XS
SM
MD
LG