Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:17

Azərbaycan Qafqazın «ən xoşbəxt» ölkəsidir


Azərbaycan 178 ölkə içində 144-cü, amma Qafqazda birincidir
Azərbaycan 178 ölkə içində 144-cü, amma Qafqazda birincidir

Britaniyadakı Leykester psixoloqları ilk dəfə olaraq dünyanın xoşbəxt ölkələrinin xəritəsini yaradıblar. Araşdırma Azərbaycanın nəinki Qafqaz ölkələri arasında, hətta Rusiya və Misirdən də xoşbəxt ölkə olduğunu iddia edir.


İngiltərəli psixoloq Adrian Vayt 100-ə yaxın sosioloji araşdırmanın nəticələrinə əsaslanaraq, dünyanın xoşbəxt ölkələrinin xəritəsini yaradıb. Bu xəritə ilə o, dünya ölkələrinin xoşbəxtlik səviyyəsini ölçməyə çalışıb.


Səksən min insanın rəyinə əsaslanan bu tədqiqat müəyyən edib ki, insanlar xoşbəxtliyi birinci növbədə sağlamlıqda, sonra var-dövlət və təhsildə görür. Araşdırmaya görə, ən xoşbəxt ölkənin Danimarka, ən “bədbəxt ölkə”nin isə Burundi olduğu bildirilir. Siyahının birinciləri arasında Danimarkadan sonra İsveçrə, Avstriya, İslandiya, Bahamas, Finlandiya, İsveç, Butan, Brunei və Kanada gəlir. "Ən az xoşbəxt" olanlar isə, Burundidən başqa, Zimbabve və Kongo Demokratik Respublikasıdır.


Maraqlıdır ki, siyahıda Azərbaycan 178 ölkə arasında 144-cü olmaqla, Rusiya, Misir, Sudanı da arxada qoyub, həmçinin Qafqazın ən xoşbəxt ölkəsi adını qazanıb.


Üç ildən artıq bir müddətdə Azərbaycanda yaşayan və işləyən, Turan İnformasiya Agentliyinin redaktorlarından Sara Paulvors hesab edir ki, Azərbaycanda insanların xoşbəxt olmasına çox az şey lazımdır.


Sara xanım deyir: “Azərbaycanda insanlar arasında uzun davam edən dostluq münasibətləri, ailələri tərəfindən güclü dəstək var. Mən hesab edirəm ki, bu da insanların xoşbəxt olmasına çox təsir edir”.


Danimarkada nəşr olunan “Danske Kommuner” qəzetinin redaktoru Tom Ekerosun fikrincə, baxmayaraq ki, Danimarkada əhali maddi cəhətdən yaxşı təmin olunublar, bu heç de onların xoşbəxt olmasından xəbər vermir: "Belə baxanda biz həqiqətən də varlıyıq və maddi cəhətdən çox yaxşı təmin olunmuşuq. Bir çox insanın Danimarkada çox gözəl evi, istədiyi şeyi almaq və səyahət etmək üçün hər cür imkanı var. Əgər maddi cəhətdən baxılarsa, həqiqətən də biz xoşbəxt olmalıyıq. Amma mən hesab edirəm ki, bu xoşbəxt olmaq üçün heç də kifayət etmir.


Leykester universitetinin təhlilinə görə Amerika Birləşmiş Ştatları dünyanın xoşbəxt ölkələri arasında 23-cü, Böyük Britaniya 41-ci, Yaponiya isə 90-cı yerdədir.


XS
SM
MD
LG