Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 16:36

Amerikadakı erməni lobbisinin uğurlarının sirri nədədir?


ABŞ Senatı Buşun Ermənistana yeni səfir kimi nəzərdə tutduğu Riçard Hoqlandın təyinatını təsdiq eləməyi təxirə salıb
ABŞ Senatı Buşun Ermənistana yeni səfir kimi nəzərdə tutduğu Riçard Hoqlandın təyinatını təsdiq eləməyi təxirə salıb

Çərşənbə axşamı avqustun 1-də ABŞ Senatı Buş hökumətinin Ermənistana yeni səfir kimi nəzərdə tutduğu Riçard Hoqlandın təyinatını təsdiq eləməyi təxirə saldı. Səfir namizədi Hoqland XX əsrin əvvəllərində Osmanlı imperiyasında ermənilərin qırğına məruz qalmasını «soyqırım» adlandırmağı rədd edir. Bu da ABŞ Konqresinin bəzi üzvləri arasında narahatlığa səbəb olub. Cənab Hoqlandın namizədliyinin təsdiq olunmaması xüsusiylə son illərdə Vaşinqtonda olduqca fəallaşan və təsirini möhkəmləndirən Amerikadakı erməni lobbisinin qələbəsi sayıla bilər. Lobbilərin uğuru və ya uğursuzluğunun səbəbi nədir? Bəs nə üçün Amerikadakı Azərbaycan və ya Türk lobbiləri bir o qədər güclü deyil?


Senator Cosef Bayden Hoqlandın təyinatının təsdiqini təxirə salmağı məsləhət görərək, erməni soyqırımı ətrafındakı mübahisələrdə Ağ Evin rəsmi mövqeyinə şəklə yanaşdığına işarə etdi: «Mənə məlumdur ki, Buş hökuməti çətin ki, öz siyasətini dəyişə, amma Ermənistanda əslində soyqırım baş verib və tarixi inkar etmək çox çətindir».


Senatın xarici əlaqələr komissiyasının 18 üzvündən 9-u Hoqlandın erməni soyqırımına dair ABŞ siyasətinin aydın şəkildə izah etməsini tələb etdilər.


İddia olunan, Osmanlı imperiyası dövründə türklər tərəfindən ermənilərin qırılmasının soyqırımı olub olmadığına dair siyasi motivli mübahisələrə bu qədər ABŞ qanunvericilərinin baş qoşması bir qədər təəccüb doğura bilər.


Amma ilk növbədə iki nüfuzlu lobbiçi qrup - Erməni Amerika Milli Komitəsi və Erməni Amerika Assamleyasının səyləri nəticəsində Birləşmiş Ştatlarda bu məsələ artıq dərəcədə məşhurlaşıb.


Birləşmiş Ştatlarda demək olar bütün milli diasporların mənafelərini təmsil edən lobbilər var, amma erməni lobbisinin fəaliyyətləri nəzərə çarpan dərəcədə müvəffəqiyyətlidir. Erməni lobbisinin nailiyyətləri heç də bu məsələ ilə məhdudlaşmır. Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirməsi, Ermənistandan isə keçməməsi nəzərdə tutulan dəmir yol layihəsinin ABŞ tərəfindən maliyyələşdirilməsi haqda təklif Amerika Erməni Milli Komitəsi ilə Amerika Erməni Assambleyasının səyləri nəticəsində qanunvericilər tərəfindən təsdiq olunmadı. ABŞ dövlət yardımlarından Azərbaycanı məhrum edən 1992-ci ilin 907-ci düzəlişinin qəbulunda hər iki təşkilat böyük rol oynayıb. Ermənistanla Dağlıq Qarabağ ermənilərinə güc tətbiqi və hücum ittihamlarını ehtiva edən həmin düzəliş yalnız 2002-ci ildə müvəqqəti aradan qaldırıldı.


Bəs erməni lobbisinin müvəffəqiyyətlərinin sirri nədədir? Bu heç də say məsələsi deyil. 300 milyonluq əhalisi olan ABŞ-da 2 milyondan az erməni yaşayır. Lakin diaspor nümayəndələrinin sözlərinə görə, icmada siyasi fəallığın gücünə möhkəm inam var. Erməni mənşəli amerikalılar əsasən ölkənin Şərq və Qərb ərazilərində sıx yaşamalarına baxmayaraq Konqresdə Birləşmiş Ştatların demək olar hər bir seçki dairəsindən təmsilçilərə malikdirlər. Bu mənada isə Azərbaycan, qonşu Ermənistanla müqayisədə, bir xeyli uduzur.


Konqresdə həmçinin Azərbaycan meylli nüfuz qrupu, birgə qanunvericilik məsələlərində maraqlı olan bir qrup konqresmen var. Amma bu vaxta kimi 907-ci düzəlişin müvəqqəti olaraq dondurulmasından savayı onun heç bir başqa nailiyyətləri nəzərə çarpmır. Əslində isə bu Bakının öz lobbisi deyil, neft şirkətləri və Türkiyə lobbiləridir ki, tez-tez Azərbaycanın mənafelərini müdafiə edir.


Keçmiş Sovet İttifaqındakı hadisələri izləyən Ceymstaun Fondunun direktoru Glen Hovard azərbaycanlı amerikalıların gələcəkdə təşəbbüsü ələ keçirə biləcəklərini hesab edir və deyir: «Azərbaycanlılarla müqayisədə, ermənilər çox uzun müddət təşkilatlanma və praktiki iş sarıdan təcrübə qazanıblar. Amma məsələn türklərin də 40 il əvvəl lobbisi olmayıb. Lakin bir qədər sonra onlar elə bir səviyyəyə çatdılar ki, ermənilərlə rəqabətə, onlara qarşı öz mövqelərini müdafiə etməyə qadir oldular».


Türk lobbisinin ermənilərlə soyqırımı məsələsi ətrafında mübarizə apardığı kimi azərbaycanlı amerikalıların da bir çoxu Dağlıq Qarabağ üzrə mübahisədə nüfuzlarını artırmağa meyllidirlər. Lakin bir neçə nəsillik tarixi və Ermənistanla sıx millətçi əlaqələri olan erməni diasporu ilə müqayisədə ABŞ azərbaycanlı icması daha gənc və az dərəcədə yekcinsdir. Onların bir çoxu Amerikaya Azərbaycandan yox İrandan köçüblər.


Vaşinqtonda yerləşən Azərbaycan Amerika Cəmiyyətinin üzvü Bədir Məmmədlinin dediyinə görə, Azərbaycan diasporunda baxışların biri birindən fərqlənməsinə baxmayaraq, bir neçə əsas məsələdə hamı tamamilə yekdildir. O deyir: “Bir sıra məsələlər var ki, onlara münasibətimiz eynidir – məsələn Azərbaycanın qonşu Ermənistan tərəfindən işğalı. Habelə İranda azərbaycanlıların sıxışdırılması, mədəni ayrıseçkiliyə məruz qoyulması. Bunlar ümumi məsələlərdir ki, hamımızı qayğılandırır.


Amma müəyyən məsələlər var - misal üçün, Azərbaycan respublikasından olan azərbaycanlılar, tez-tez Azərbaycanın iqtisadiyyatına investisiyaların artırılması haqda təkliflər səsləndirir, səslərini eşitdirməyə çalışırlar».


Azərbaycan lobbisinə ABŞ qanunvericilərinin tərəfdarlığı uğrunda ola bilsin mübarizə aparmaq lazım gəlir. Amma Azərbaycan prezidenti İlham Əliyevə münasibətdə Vaşinqton daha fəal davranır. Aprel ayında neftlə zəngin və İranla həmsərhəd Azərbaycanın prezidenti İlham Əliyev Vaşinqtonu ziyarət edərək Ağ Evdə prezident Corc Buşla danışıqlar apardı. Ermənistanın lideri Robert Koçaryan isə hələ ki, Vaşinqtona dəvət olunmayıb. Odur ki, Bakıya nisbətən, Yerevan daha çox öz mənafelərinə Vaşinqtonda dəstək qazanmaq üçün erməni lobbisindən asılıdır.


XS
SM
MD
LG