Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:24

Fərhad Əliyev Hacı Məmmədovu tanımadığını bildirir


Fərhad Əliyev Elmar Hüseynovun məqalələrində onun ləyaqətinə toxuna biləcək ifadələrə rast gəlməyib
Fərhad Əliyev Elmar Hüseynovun məqalələrində onun ləyaqətinə toxuna biləcək ifadələrə rast gəlməyib

Həbsdə olan keçmiş İqtisadi İnkişaf naziri Fərhad Əliyev avqustun 29-da «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun qətliylə bağlı kütləvi informasiya vasitələri rəhbərlərinə müraciət edib. Cənab Əliyev bildirib ki, Elmar Hüseynovla şəxsən tanış olmayıb. Yalnız məqalələrini oxuyub, həmin yazılarda da öz ləyaqətinə toxuna biləcək ifadələrə rast gəlməyib. Sabiq nazir müraciətində onun adını jurnalistin qətlində sifarişçi kimi göstərən Hacı Məmmədovu da tanımadığını bildirir.


Çoxsaylı qətllər və adam oğurluqlarında ittiham edilən Daxili İşlər Nazirliyinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov iyulun 25-də məhkəmə prosesində Elmar Hüseynovu Fərhad Əliyevin sifarişi ilə onun dəstəsinin qətlə yetirdiyini demişdi. Jurnalistin qətlini araşdıran Milli Təhlükəsizlik Nazirliyi və Baş Prokurorluq bu ifadə ilə bağlı onu dindirsə də, hələlik istintaqın rəsmi rəyi açıqlanmayıb.


«Elmar Hüseynov» Fondu və Redaktorlar Birliyi isə son vaxtlar «Monitor» jurnalının baş redaktorunun qətlindən siyasi məqsədlər üçün istifadə olunmasından və istintaqın qapalı keçirilməsindən narahatdır. Avqustun 29-da hər iki qurumun birgə toplantısından sonra yayılan bəyanatda deyilir ki, onlarda olan məlumata görə, istintaq Elmar Hüseynovun hansısa pul mübahisəsinə görə, öldürüldüyü barədə rəy formalaşdırmağa çalışacaq.


Milli Təhlükəsizlik Nazirliyinin şöbə rəisi Arif Babayev isə Elmar Hüseynovun qətlinin istintaqının davam etdiyini bildirdi.


XS
SM
MD
LG