Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 20:57

2050-ci ildə Azərbaycanda kim nə yeyəcək?


Rövşən Məmmədov
Rövşən Məmmədov

-

«Sahələrimiz göz önündəcə məhv olub gedir. Nə bir əlac tapa, nə bir çarə qıla bilirik».

Samux rayonu Sərdar kəndinin sakini Rövşən Məmmədov 30 hektarlıq əkin sahəsini göstərərək susuzluqdan bütün zəhmətinin hədər getdiyini deyir.

Rövşən Məmmədov tək deyil. Azərbaycanın qərb bölgəsində yerləşən Samux rayonunda susuzluqdan imdad edənlər çoxdur. Əkin sahələri sanki «su!» deyə çığırıb imdad diləyir:

«Torpaqlarımızı Şəmkir kanalının suyu ilə suvarırıq. Beş ildir su problemi yaşanır. Bu il vəziyyət lap pisdir. İki nəfərlə şərikli 30 hektar ərazidə günəbaxan, taxıl əkmişik, yerimiz yanır. Suvara bilmirik, məhsulumuz batıb gedir. Bu sahələri borcla salmışıq. 7 min manat borcumuz var. Prezident torpağı bizə iş yeri kimi verib ki, kəndli əkib becərsin, ölkədə də məhsuldarlıq bol olsun. Nə qədər adam əkin-biçindən əlini üzüb».

Rövşən Məmmədov da gələn il bu işdən vaz keçməyi düşünür. Deyir ki, zəhməti bir yana, qoyduğu maya da batırsa, başqa əlindən nə gələr?

Su problemi təkcə qərb bölgəsində yaşanmır. Bolsulu dağlıq bölgələrdə də, aranda da durum bənzərdir...

Aidiyyəti qurumlardan əkinçilərə bircə cavab gəlir: Su yoxdur. Səbəb kimi də bu il havaların quraq keçməsi göstərilir.

Susuzluq ucbatından bu il ölkədə əsas qida məhsulları – buğda və düyünün, elə bostan bitkilərinin də qıt olacağı gözlənilir. Kəndlilər yoncanın da qıtlığından narahatdırlar. Belə getsə, qışda heyvanlarını nə ilə otaracaqlar?

«Azərbaycana Qazaxıstandan, Braziliyadan buğda gətirilir. Biz müharibə şəraitində yaşayan ölkəyik. Sabah sərhədlər bağlansa necə olacaq?» – deputat Vahid Əhmədov belə deyir və Azərbaycanın ildən-ilə idxaldan daha çox asılı duruma düşməsindən narahatlığını gizlətmir.

Azərbaycanda istehlak olunan buğdanın az qala yarısı xaricdən gətirilir. Ərzaq Təhlükəsizliyi Alyansının araşdırmasına görə, Azərbaycan əsas qida məhsulları baxımından idxaldan asılı durumdadır.

Cədvəl-1: Əsas ərzaq məhsullarının idxaldan asılılıq səviyyəsi

Şəkər

97 faiz

Düyü

88 faiz

Kərə yağı

70 faiz

Bitki yağı

58 faiz

Buğda

43 faiz

Çay

35 faiz

Balıq

27 faiz

AZƏRBAYCAN 2050-Cİ İLDƏ ACLIQLA ÜZLƏŞƏ BİLƏR?

Hələ 2012-ci ildə «Forbes» jurnalının araşdırmasında Azərbaycanın Əfqanıstan və Qvatemaladan sonra Qazaxıstandan buğda alan ölkələr sırasında 3-cü yerdə olduğu göstərilir.

Kəndlilər bu il vəziyyətin daha da pisləşdiyini düşünürlər. Birincisi, bir neçə il öncə əkinlə məşğul olanlar indi nəsə əkməyiblər. İkincisi, builki əkin sahələrinin az qala yarısı yanıb gedib.

Taxıl biçimi
Taxıl biçimi

1940-cı ildə Almaniya, Belçika, Fransaya buğda satan Azərbaycana buğdanın 43 faizi xaricdən gətirilir. Ərzaq Təhlükəsizliyi Alyansının 2013-cü ildəki araşdırmasında belə deyilir. Alyansın əlaqələndiricisi Nizami Qarayev bildirir ki, Azərbaycanda zəruri addımlar atılmasa, ölkə aclıq təhlükəsi ilə üzləşə bilər:

«Azərbaycan aclığın təhdid etdiyi zonaya düşür. Bəzi mütəxəssislərin hesablamalarına görə, Azərbaycan 2050-ci ildə aclıq təhlükəsi ilə problemi ilə üzləşə bilər. Bunun da əsas səbəblərindən biri iqlim dəyişməsi, yəni quraqlıq göstərilir. Proqnozlara görə, bu yaxın 30-35 ildə gözlənilir».

Özünü keyfiyyətli və gərəkli gündəlik qida rasionu ilə təmin edən ölkələr ərzaq riski daşımayan ölkələrdir.

ƏKİNÇİLƏRƏ XƏBƏRDARLIQ...

Samuxun Sərkar kənd bələdiyyəsinin sədri Şəmistan Yusifov əkinçilərə hələ ötən ildən susuzluqla bağlı xəbərdarlıq etdiyini deyir. O bildirir ki, bu xəbərdarlıq illərdir su problemi yaşanmasından qaynaqlanır:

«Mən bələdiyyə sədri kimi deyirdim ki, əkməyin, suvara bilməyəcəksiniz, axı. Su problemi var».

Bələdiyyə sədri əkinçilərin sahədə normadan çox əkin apardıqlarını da sözlərinə əlavə edir. Amma kəndlilər yaxınlıqdakı boş sahələri göstərib deyirlər ki, illər öncə bütün bu yerlər əkilib-biçilərdi.

Aran bölgəsinin – İmişlinin Xubyarlı kəndinin əkinçilərinə bənzər xəbərdarlıq edilib. Qərb bölgəsində daha çox taxıl, yonca, günəbaxan əkilirsə, burada əkinçilər pambıq, bostan bitkiləri becərirlər.

Su kanalı
Su kanalı

Uzun illərdir traktorçu çalışan Ağahüseyn Mahmudov deyir ki, yanmış torpaqların bir səbəbi var: Aidiyyəti qurumların biganəliyi:

«Sovetlər dönəmində də belə problemlər yaşanardı. Axı Aran bölgəsində su o qədər də bol deyil. Amma o vaxtlar belə durumlar üçün hər zaman əlavə seçənəklər olar, ehtiyat su saxlanardı. Amma indi suyu necəgəldi, növbəsiz paylayırlar. Kimin pulu daha çoxdur ona verilir, qalan əkinçilər də düşür bizim duruma. Gözləri önündəcə məhsulları batıb, gedir».

İmişli Suvarma Sistemləri İdarəsinin rəisi Nizami Mirzəyev deyir ki, susuzluğun tək səbəbi bu il havaların quraq keçməsidir:

«Su qıtlığı heç də hər il olmur. Sonuncu dəfə bu problemlə 1988-89-cu illərdə üzləşmişdik. Suvarma suyunun miqdarı təbii amillərlə bağlıdır. Uzağa getməyək, 2010-cu ildə sel-su bizim bölgəni az qala yuyub aparırdı. Bu il su qıtlığı olacağı əvvəlcədən proqnozlaşdırılmışdı, özü də təkcə bizim ölkədə yox. Xatirinizdədirsə, hələ ilin əvvəlində Türkiyənin kənd təsərrüfatı naziri xalqa müraciət etmişdi ki, mövcud sudan qənaətlə, məqsədyönlü istifadə olunsun, israfçılığa yol verilməsin».

SUSUZLUQ.... QİDA VƏ ƏRZAQ PROBLEMİNİN ƏSAS SƏBƏBLƏRİNDƏN BİRİ

Beynəlxalq və yerli qurumlar dünyada su problemi ilə bağlı uzun illərdir həyəcan təbili çalırlar. Susuzluğun yaradacağı problemlərin qarşısını almaq üçün müxtəlif icadlar da var. Tutalım, səhrada hansısa böcəklərdən su alınması yolları.

«Stenocara» böcəyi
«Stenocara» böcəyi

Türk alimi Şehmus Özden-in Afrikadakı Namibiya səhrasında yaşayan «stenocara» adlı böcəyi örnək alaraq təkmilləşdirdiyi sutoplama üsulu səhra və quraq yerlərdə içməli su probleminə potensial çözüm sayılır.

Alimlərin bir çoxu ağıllarını bu yöndə sərf edirlər ki, səhralıqda, su olmayan yerlərdə suyu necə ala bilərlər. Bəs Azərbaycanda?

Ekoloq Telman Zeynalov deyir ki, hələ illər öncə bütün aidiyyəti qurumlara bildirilirdi ki, meşələrin qırılmasının qarşısı təcili alınmalıdır. Əks halda bir neçə ildən sonra ölkədə su qıtlığı olacaq. Axı meşələrdəki ağaclar suyun axıb getməməsi və torpağa hopması üçün əsas amillərdəndir.

MƏHSULDARLIQ AZALARSA....

Aclıq, quraqlıq, keyfiyyətsiz məhsul istehsalı, əkinə yararlı torpaq sahələrinin azalması, müharibə – bütün bunlar qida və təhlükəsizlik problemi yaradır. Əhali artımını da gözardı etmək olmaz. Hər il dünya əhalisinin sayı təxminən 90 milyon nəfər çoxalır. Bu, az qala, bütünlükdə Türkiyə əhalisi qədər artım deməkdir. Dünyada 5 yaşlı uşaqların 1/3-i lazımınca qidalanmır. İnkişaf etməkdə olan ölkələrdə 815 milyon, keçid dövrü yaşayan ölkələrdə 28 milyon, inkişaf etmiş ölkələrdə 9 milyon nəfər aclıqdan əzab çəkir. Qəribə təzaddır: Dünyada 852 milyon insan aclıqdan, 600 milyon insansa artıq çəkidən əziyyət çəkir.

Millət vəkili Vahid Əhmədov Azərbaycanda qida və ərzaq təhlükəsizliyinin ciddi problem olaraq qaldığını bildirir və əlavə edir ki, dövlət başçısı problemin ciddiliyini nəzərə alaraq «Ərzaq və qida təhlükəsizliyi»nə dair dövlət proqramını təsdiqləyib.

Vahid Əhmədov
Vahid Əhmədov

Bundan başqa «2008-2015-ci illərdə Azərbaycan əhalisinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı» qəbul olunub. Bu proqramda 2015-ci ilədək dənli bitkilərin əkin sahələrini 900 min hektara çatdırmaq hədəf götürülüb. Nəzərdə tutulub ki, həmin ildə Azərbaycanda 2.8 milyon ton dənli bitki yetişdirilsin. Vahid Əhmədovun sözlərinə görə, qida təhlükəsizliyini təmin etmək üçün Azərbaycan ilk növbədə idxaldan asılılığı ən aza endirməlidir:

«Özünü 80 faiz ərzaqla təmin edə bilən dövlət təhlükəsiz sayılır, amma Azərbaycan idxaldan asılılığı azaltmaq əvəzinə, hər il artırır. Ölkə ixracatında neftdənkənar sektorun payı cəmi 2-3 faizdir. Bu, olduqca ciddi problemdir. Bunu nəzərə alan prezident İlham Əliyev «Ərzaq təhlükəsizliyi»nə dair ayrıca proqramı təsdiqləyib. Hökumət həmin proqram üzərində çalışır».

Vahid Əhmədovun sözlərinə görə, Azərbaycan Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasa da, bu gün Azərbaycan bazarının az qala 60-70 faizi xaricdən gətirilmiş və geni dəyişmiş məhsullardır. İdxaldan asılılığı azaltmaq üçün hər il dövlət büdcəsindən milyonlar ayrılır. Deputatın hesablamalarına görə, Azərbaycan fermer təsərrüfatının inkişafına ildə təxminən 500 milyon manat ayırır. Məhsuldarlığın azlığına səbəblərdən biri də ayrılan vəsaitin təyinatı üzrə xərclənməməsidir:

«Bir fermerə kredit ayırarkən məlum olur ki, o, həmin kreditə bir mülk alıb. Eynən 90-cı illərdə özəlləşdirmədən sonra olduğu kimi. Bir zavod özəlləşdirildikdən bir müddət sonra sökülür. Yerində də ya şadlıq evi tikilir, ya da çoxmərtəbəli bina. Buna görə də bir çox sahələrdə olduğu kimi kənd təsərrüfatının inkişafında da Azərbaycanın ciddi problemləri var».

Nizami Qarayev
Nizami Qarayev

AZƏRBAYCANDA KİM NƏ YEYİR?

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müəyyənləşdirdiyi normalara görə, zülalın adambaşına sutkalıq istehlakı 100 qram olduğu halda, Azərbaycanda 75.4 qramdır. Azərbaycanlılar bir günə 72.8 qram yağ, 460.5 qram karbohidrat tükədirlər. ÜST-nin normasında uyğun göstəricilər 75 və 425 qramdır.

Ərzaq Təhlükəsizliyi Alyansının əlaqələndiricisi Nizami Qarayev Azərbaycanda əsas ərzaq məhsullarının istehlak normalarını digər ölkələrlə müqayisə edir. Onun qənaətincə, Azərbaycan adambaşına istehlak baxımından bir çox ölkədən geri qalır.

Cədvəl-2: Əsas ərzaq məhsullarının fizioloji və istehlak normalarının müqayisəsi

Əsas ərzaq məhsullarıMüxtəlif normalar, adambaşına ildə kq-la
Keçmiş SSRİ normalarıÜSTRusiyanın Səhiyyə NazirliyiAzərbaycan istehlak səbəti

Ət

867070-7527.8

Ağartı

404360320-340209.2

Meyvə və giləmeyvə

107120.595-105133.8

Çörək məmulatları

718090-10047

Tərəvəz, bostan məhsulları

145140120-14096.1

Kartof

117120.595-10044.2

Balıq və balıq məhsulları

23.78.318-225

Yumurta (ədədlə)

298243260139

Şəkər və qənnadı

40.736.524-2816.9

Nizami Qarayev Azərbaycanın qida və ərzaq təhlükəsizliyini təhlil edib. Məlum olub ki, əkin sahələrinin, kredit təminatının və gübrələrdən istifadənin yetərsizliyi kənd təsərrüfatında məhsuldarlığı aşağı salan əsas amillərdir. Azərbaycanda məhsuldarlıq Avropadakından orta hesabla, azı, 2 dəfə aşağıdır. Məsələn, Avropada pomidorun məhsuldarlığı hər hektara 70-90 ton olduğu halda, Azərbaycanda bu göstərici 25-30 ton civarını aşmır.

ÇIXIŞ YOLU NƏDİR?

«Vaxt itirmədən kənd təsərrüfatı inkişaf etdirilərsə, əkinə yararlı torpaq sahələrinin sahəsi artırılarsa və yuxarıda sadalanan problemlər çözülərsə, Azərbaycanda aclıq təhlükəsi minimuma endirilə bilər. Əks halda, yaxın 30 ildə ölkənin aclıq təhlükəsi yaşaması mümkündür».

«Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış» adlı konfransda bu nəticəyə gəlinib.

Ərzaq və qida təhlükəsizliyi bir neçə element əsasında müəyyənləşdirilir. Bu elementlər sırasına keyfiyyətli ərzağın olması, ona iqtisadi və fiziki cəhətdən əlçatımlılıq, dayanıqlılıq, müstəqil təminat daxildir. Bu zaman sual çıxır: Kəndlinin gözü önündə məhv olub gedən taxıl, çəltik, bostan bitkilərinin və digər əkin sahələri təkcə əkinçiyəmi ziyan vurur? Nə qədər ki, gec deyil, bu haqda düşünməyə dəyər.

XS
SM
MD
LG