Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 16:51

Vəfa Quluzadə: «Əminəm ki, İlham Əliyevi sındıra bilməyəcəklər...»


Vəfa Quluzadə
Vəfa Quluzadə

-

Gözlə

No media source currently available

0:00 0:12:02 0:00
Direct-ə keçid

Azərbaycan və Ermənistan prezidentlərinin avqustun 8-də və 9-da Soçidə görüşü gözlənilir. Rusiya prezidenti Vladimir Putin-in vasitəçiliyi ilə planlaşdırılan, sərhəd və qoşunların təmas xətti boyunca hər iki tərəfin itkiləri ilə nəticələnən bu – atəşkəssonrası görüşdən nə gözləmək olar? AzadlıqRadiosu bu və digər suallarla xarici siyasət məsələləri üzrə keçmiş dövlət müşaviri, politoloq Vəfa Quluzadəyə üz tutub.

- Soçidə keçiriləcək bu görüşdən nə gözləyirsiniz?

- Mənim ən böyük arzum odur ki, bu görüşdə heç bir şey baş verməsin. Axı Soçidəki görüş Azərbaycanı Gömrük İttifaqına sürükləməyə yönələn bir görüşdür...

- Niyə belə qənaətə gəlmisiniz?

- Birincisi, bu yaxınlarda Ermənistanda da bəyan etmişdilər ki, Azərbaycan qoşulmadan Ermənistanın Gömrük İttifaqında olması mənasızdır. İkincisi, Ukraynada istədiyinə nail olmayan Putin bu istəklərini Cənubi Qafqazda gerçəkləşdirməyə can atır. Azərbaycana ən böyük təzyiq rıçaqı da Qarabağ münaqişəsi və orada atəşkəsin pozulmasıdır. Son atəşkəs pozuntusunda 100 faiz Rusiyanın əli var. Buna mənim heç bir şübhəm yoxdur. Rusiya çalışırdı ki, Azərbaycan böyük itkilər versin və beləcə, Soçidə Azərbaycanı ələ almaq daha da asanlaşsın. Rusiya istəyirdi ki, iki ölkə arasında irimiqyaslı müharibə başlasın və regionda böyük bir ölkənin rəhbəri kimi, Putin sülhün təminatçısı rolunda çıxış etsin. Bəziləri bəyan edir ki, Azərbaycan və Ermənistan Gömrük İttifaqına qoşulsa, Rusiya Ermənistanın, Qazaxıstan da Azərbaycanın qarantı olacaq və bir daha atəşkəs pozulmayacaq. Hər şey göz qabağındadır: Rusiya öz geosiyasi maraqları uğrunda döyüşə başlayıb. Krımın işğalı, Ukraynanın şərqindəki hadisələr də bu qəbildəndir.

- Sizcə, Putin Ukraynada əldə edə bilmədiyini indi Cənubi Qafqazda gerçəkləşdirəcək?

- Bir adam bütün dünyanın əleyhinə gedərək, stalinsayağı sovet metodlarından yararlanırsa, ondan hər şey gözləmək olar. Putin Qarabağ məsələsini həll etmək istəmir. Onun istəyi Azərbaycanın Gömrük İttifaqına daxil olmasıdır. Bununla da Putin Qərbin bütün maraqlarını, regionda indi və gələcəkdə həyata keçiriləcək bütün layihələri öz nəzarətinə keçirmək istəyir. Yəni Azərbaycanı ələ almaqla Putin çox böyük strateji maraqları gerçəkləşdirə bilir.

- Belə çıxır ki, Soçidə Azərbaycanı «tovlayacaqlar»?

- İnanmıram ki, İlham Əliyevin arzusu olmadan onu nəyəsə məcbur etmək mümkündür. Əminəm ki, İlham Əliyev müqavimət göstərəcək, onu sındıra bilməyəcəklər. Mən buna əminəm. Azərbaycanın Gömrük İttifaqına qoşulması, ilk növbədə, elə İlham Əliyevin öz maraqlarının əleyhinədir. Çünki bu məsələni Azərbaycan ictimaiyyəti dəstəkləməyəcək.

- Sizcə, 3 prezidentdən hansı daha uduşlu vəziyyətdədir?

- Bu görüşə qalib kimi gedən Putin-dir. Çünki burda Ermənistanın heç bir üstünlüyü yoxdur. Son atəşkəs pozuntusunda onlar da xeyli itki veriblər və başa düşüblər ki, qarşılarında duran Azərbaycan ordusu güclü ordudur və müharibə olsa, böyük itkiyə uğrayacaqlar. Biz də istəmirik ki, Gömrük İttifaqına sürüklənək. Bu baxımdan, Soçi görüşündə qazanc əldə etmək istəyən tərəf Putin-dir.

- Siz deyirsiniz ki, atəşkəs pozuntusu Azərbaycan ordusunun güclü olduğunu göstərdi. Onda belə çıxır ki, bu görüşə İlham Əliyev də üstün mövqedə gedir...

- Fikrimcə, İlham Əliyevin Ağdama getməsi, orda əsgərlərlə görüşməsi olduqca müsbət haldır və bunu yüksək qiymətləndirirəm. Bu onu göstərdi ki, lazım olsa, döyüşə də gedəcək və istiqlaliyyətimizi əldən verməyəcəyik.

- Son atəşkəs pozuntusunda Azərbaycanla Ermənistan bir-birini suçlayır. Sizcə, onlar günahkardır, yoxsa üçüncü tərəf?

- Atəşkəs pozuntusunun günahı 100 faiz Rusiyanın üzərindədir. Mənim yadımdadır, İstanbul sammitində Heydər Əliyev Kocharian-la razılığa gəlmişdi və bu razılığı Vazgen Sarkisian-la Karen Demirchian da dəstəkləmişdi. Sülh müqaviləsinin imzalanması gözlənilirdi. Tərəflər atəşkəsi pozmamaq razılığına da gəlmişdilər. Bir müddət belə də oldu. Ermənistan parlamentinin gülləbaranından sonra bu məsələ pozuldu. Hər iki tərəfi itkilərə uğradan atəşkəs pozuntusu indiyədək davam edir.

- Soçi görüşündən hər hansı sənəd imzalana bilər?

- Ümumi bəyannamə qəbul edilə bilər. Başqa bir şey gözləmirəm.

- Rusiya bu görüşü təşkil etməklə dünyaya hansı mesajı verir?

- Rusiya bununla Qərbə demək istəyir ki, təşəbbüsü sizə verməyəcəyəm. Axı son vaxtlar Qərb Parisə, Nyu-Yorka və ya Vaşinqtona çağırır, sülh danışıqlarını canlandırmaq istəyirdi. Putin bu təşəbbüslərin üstündən xətt çəkmək üçün tələsik Soçi görüşünə qərar verib.

- Demək, o məşhur deyimdəki kimi, «Qarabağın açarı Rusiyadadır»?

- Qarabağ məsələsinin açarı yox, tormozu, əyləci Moskvadadır. Rusiya heç vaxt bu münaqişənin həllində maraqlı deyil. Rusiya münaqişənin çözümünü tormozlamağa çalışır və bununla da tərəfləri özündən asılı saxlayır. O baxımdan «açar Rusiyadadır və biz gedib ona yalvarıb münaqişəni həll etməliyik» yanaşması tamamilə səhvdir.

- Sizcə, bu münaqişənin həllində «xalq diplomatiyası»ndan yararlanmaq uğur vəd edə bilər?

- Xalq diplomatiyasına heç inanmıram. Hesab edirəm ki, xalq diplomatiyası heç bir nəticə verə bilməz. Çünki bu milli və ya dini zəmində olan münaqişə deyil. Bu münaqişə Rusiyanın qurduğu tələdir. Burda xalqlar nə edə bilər? Yenə xatırladım, prezidentlər razılığa gəlirlər, ondan sonra Ermənistan parlamentində deputatlar güllələnir və bununla da Qarabağ məsələsi yenə gündəmdən çıxır. Xalq burda neyləsin? Xalqlar çoxdan istəyirlər ki, sülh olsun, amma onların fəaliyyətindən heç bir şey asılı deyil.

- Azərbaycanın Ermənistanla birgə Gömrük İttifaqına qoşulması bu münaqişəni aradan qaldıra bilər?

- Bu da real məsələ deyil. Rusiya istəyir ki, Azərbaycan Gömrük İttifaqına girsin və bununla Azərbaycanın bütün açarları onun əlində olsun.

- Dediyinizdən belə çıxır ki, hələ çox «Soçi görüşləri» olacaq?

- Gərək olmasın. Bu baxımdan da hesab edirəm ki, Qərb Qarabağ məsələsi ilə bağlı Rusiya və Ermənistana təzyiq göstərməklə ortaya ciddi mövqe qoymalıdır.

- Amma Azərbaycanda tez-tez səslənən fikir odur ki, Qərb Ukraynaya göstərdiyi dəstəyi bizə göstərmir.

- Fikrimcə, Rusiya Azərbaycana da (Ukraynadakı kimi ) hücum etsə, Qərbin sanksiyaları 1-ə 100 artacaq. Bunu Rusiya çox yaxşı bilir. Ona görə Putin elə vəziyyət yaratmaq istəyir ki, Azərbaycan Gömrük İttifaqına könüllü qoşulsun və bununla da bütün dünyaya göstərsin ki, Azərbaycanın özü bizimlə bir yerdə olmaq istəyib. Amma əminəm ki, İlham Əliyev buna getməyəcək...

XS
SM
MD
LG