Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 14:42

Günel Mövlud. İntellektual gopçular


Günel Mövlud
Günel Mövlud

-

Mən azərbaycanlı ziyalıların «porno film çəkən rejissor» adlandırdığı o böyük dahinin qarşısında baş əyirəm...

Günel Mövlud

TARKOVSKY HEYRANLIĞI

(İntellektual gopçular haqda birinci yazı)

Bəzi müəlliflər, rejissorlar var ki, onları bizim gözümüzdən salıblar.

Bizdə bəzi adamlar var. Bütün günü ədəbiyyatdan, ali dəyərlərdən, incəsənətdən, yüksək əxlaqdan danışırlar.

Guya ali dəyərlərlə yaşayırlar. Fikirləri daima göylərdə olur.

Onlar həmişə mücərrəd, real olmayan şeylər barədə uzun-uzadı danışmağı xoşlayırlar. Çalışırlar ki, danışdıqları, mövzuları əlçatan olmasın. Bu, onların eqosunu dəhşətli dərəcədə sığallayır.

Bu tip adamlara desən ki, üç gün əvvəl səngərdə on bir əsgərimiz şəhid oldu, o kasıb, fağır uşaqların günahı nədir, desən ki, Xəzər dənizini çəpərləyiblər, kasıb-kusubun daha dəniz görmək şansı yoxdur, desən ki, meşələri qoruq adı ilə özəlləşdiriblər, bu adamlar sənə nifrətlə baxacaqlar. Səni zəhlətökən, axmaq adam elan edəcəklər. Narazılıqla deyəcəklər ki: «Söhbətin səviyyəsini aşağı salmayaq da… biz axı ali şeylərdən danışırıq…»

Şerif. Meqa-yalqızlıq
Şerif. Meqa-yalqızlıq

Bu tip adamlar bir-birilərini tez tapırlar. Tez qaynayıb-qarışırlar. Bir-biriləri ilə söhbətlərdə heç vaxt səmimi, rahat ola bilməsələr də, sırf belə gic-gic söhbətlər eləmək üçün ünsiyyət saxlayır, görüşür, Araz kafesində çay içirlər.

Onların sevimli yazıçıları və rejissorları var. Bir qayda olaraq, bu yazıçılar və rejissorlar geniş kütlə tərəfindən ən az başa düşülən, ən çətin yozulan, ən əzabla baxılanlardır. Məsələn, Franz Kafka, Albert Camus, Julio Cortázar, Bertolt Brecht, William Faulkner, Godard, Visconti, Tarkovsky…

Onlar Modigliani-nin əsərinin reproduksiyasını başlarının üstündən asaraq, Liszt-in fortepiano üçün sonetinin sədaları altında Tarkovsky-nin Camus-dan necə təsirləndiyi barədə danışırlar… bu vaxt biri təsadüfən pəncərədən baxsa, görsə ki, küçədə polis etiraz aksiyasına çıxmış şəhid anasını asfaltda sürüyür, siqaretindən dərin bir qüllab alıb deyər:

- Bəli, Franz Kafka da demişdi ki, həyat əzablardan ibarətdir…

Təbii ki, bu tip adamları təsvir etməyə, onların əsl mahiyyətlərini göstərməyə mənim istedadım, qabiliyyətim çatmaz. Bunu ən gözəl bacaran dahi P.P. Pasolini-dir. Mən azərbaycanlı ziyalıların «porno film çəkən rejissor» adlandırdığı o böyük dahinin qarşısında baş əyirəm.

Söhbət əslində nə o adamlarda, nə də Pasolini-dədir. Demək istəyirəm ki, yuxarıda adları sadalanan rejissorlar, yazıçıların çoxu, bəlkə də hamısı kifayət qədər ciddi adamlar, ciddi yaradıcı şəxsiyyətlərdi. Bəzilərini hətta mütəfəkkir adlandırmaq da olar. Amma bizim böyründəki, qonşuluğundakı insanın, yetimin əzabına, haqqının tapdanmasına soyuqqanlılıqla yanaşıb, ali dəyərlərdən danışan “kitayski” ziyalılarmız bu yaradıcı şəxsiyyətləri gözdən salıblar.

Hərdən Kafkanı oxuyursan, amma içində bəri başdan bir hiss olur ki, bu yazıçını o “kitayski” ziyalılar xoşlayırsa, deməli, yaxşı ola bilməz. Cortázar-ı oxuyursan, içində o hiss olur ki, onlar bu adamı bəyənirlərsə, yaxşı yazıçı ola bilməz. Visconti-yə, Tarkovsky-yə, Godard-a baxırsan, içində bəri başdan amansız bir tənqid var: yox eee, o adamlar bunları bəyənirlərsə, burda nəsə bir hoqqabazlıq var.

Andrei Tarkovsky
Andrei Tarkovsky

Sonra elə olur ki, oxuyursan, görürsən ki, normal, hətta bəzən əla yazıçı, rejissordur, amma həmin əsərlər, filmlər barədə danışmağa qorxursan. Tarkovsky-dən, Gordard-dan, Kafkadan, Cortázar-dan danışan “kitayski” ziyalılara oxşamaqdan, onların sırasına əlavə edilməkdən, adının onların adı ilə yanaşı çəkilməyəndin qorxursan…

Sırf bu səbəbdəndir ki, mən çox sevdiyim rejissor Tarkovsky barədə danışmağa, onun filmləri, mövzuları, mistikası, qaramatı, yekəxanalığı, öncəgörümləri, qohumbazlığı və s. barədə yazmağa qorxuram.

Hətta bəzən Tarkovsky-yə baxdığımı gizlətməli oluram. Məsələn, kinoşünas rəfiqəm, ölkənin yeganə kinoşünası Aygün Aslanlı zəng edib, nə iş gördüyümü soruşanda, həmin an Tarkovsky-nin filminə baxıramsa, bunu ona demirəm. Yalandan deyirəm ki, hind filminə baxıram.

Yeri gəlmişkən, hind filminə üstdən aşağı baxmaq lazım deyil. Hind kinosu bizim bildiyimiz Cimi-Şaka-Qabbarsinkx üçlüyündən və Zita-Gita söhbətlərindən ibarət deyil. Hind kinosunun olduqca intellektual, fəlsəfi, tarixi tərəfləri də var.

Yeri gəlmişkən, madam, söhbət hind kinosundan düşdü, erməni-azərbaycanlı davasının bu cırhacırında pasifist damarınızı qıdıqlasın deyə hindlilərin Böyük Britaniya ilə əməkdaşlığı çərçivəsində əmələ gələn «Gandhi» filminə baxa bilərsiniz.

Mənsə, “kitayski” ziyalıların sözü olmasın, bir az Tarkovsky-dən danışmaq istəyirəm. Gələn yazıda…

XS
SM
MD
LG