Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:45

"Titanik"i çəkən rejissorun müəmmalı ölümü


"Titanik"in rəsmi
"Titanik"in rəsmi

-

James Cameron-un "Titanik"inin dünya kino tarixində ən bahalı film olduğu hamıya məlumdur.

Amma yəqin az adam bilir ki, nasist Almaniyasında da çox bahalı "Titanik" filmi çəkilib - özü də şəxsən təbliğat naziri Joseph Goebbels-in göstərişi ilə.

Məqsəd Almaniyanın düşməni Britaniyanı gözdən salmaq idi.

Bu filmdə 1912-ci ildə batmış gerçək "Titanik" gəmisi ilə bağlı faktlara bir "mühüm" düzəliş edilib.

Gəminin kapitanı alman əsilli zabit Petersendir.

"Titanik"in britaniyalı sahibləri gəmiyə o qədər pul yatırıblar ki, müflis olmaq həddinə çatıblar. Amma gəminin sürətini sərnişinlərin təhlükəsizliyinə barmaqarası baxaraq o qədər artırmağa qərar verirlər ki, bu, sensasiyaya çevrilsin və gəmi öz xərcini tez çıxarsın. Kapitan buna etiraz edir və nəticədə... gəmi aybsberqə çırpılır.

Goebbels bununla Britanya və ABŞ kapitalizminin "varlanmaq xatirinə hətta öz vətəndaşlarının həyatını da təhlükəyə atmağa hazır olduğunu", eyni zamanda "alman kişisinin mərdliyi və şücaəti"ni göstərmək istəyirdi.

Filmdə qəzadan sonra gəmidəki varlı sərnişinlər özlərini "centlmenə yaraşmayan şəkildə" aparır, hətta qadınları da itələyib xilasedici qayıqlara minməyə çalışırlar. Alman kapitan isə birinci qadınlara yer verir...

Film Baltik dənizində "Kap Arkona" gəmisində çəkilmişdi. Həmin gəminin aqibəti "Titanik"dən də betər olub. Əgər "Titanik"də 1500 nəfər həyatını itirmişdisə, "Kap Arkona" 1945-ci il mayın 3-də ingilis təyyarələrinin bombardmanı nəticəsində batırılanda 5000 nəfər ölmüşdü. Bunun böyük hissəsi əsirlər idi.

Joseph Goebbels
Joseph Goebbels

Filmin çəkilişləri də problemsiz ötüşməmişdi. Filmin hərbi məsləhətçisi olan Kristomarin soyadlı zabit daim aktrisalarla münasibət qurmağa çalışırdı. Bundan boğaza yığılan rejissor Herbert Zelpin ondan özünü yığışdırmasını tələb edir. Bu onunla nəticələnir ki, Goebbels Zelpini işdən uzaqlaşdırlar və həbs etdirir. Ertəsi gün onun kamerada özünü asdığı barədə məlumat yayılır. Amma bunun Gestaponun işi olduğunu düşünənlər də var.

Bu ölüm filmin yaradıcı heyətində şübhə və narazılıq doğurur, amma Goebbels-in hədə-qorxusundan sonra çəkilişlər davam edir. Müharibənin qızğın vaxtı olduğu və filmin büdcəsi daim artdığı üçün çəkilişlər yubansa da, nəhayət Verner Klinger tərəfindən başa çatdırılır.

"Titanik"in premyerası 1943-cü ilin noyabrında Parisdə olur. O zaman artıq Almaniya Britaniya aviasiyasının mütəmadi hücumlarına məruz qalırdı və Goebbels filmin yalnız işğal edilmiş ərazilərdə göstərilməsinə icazə verir, düşünür ki, böyük insan tələfatından bəhs edən filmin nümayişi onsuz da panikada olan alman xalqında daha böyük ruh düşkünlüyü yarada bilər. Bir müddət sonra Goebbels filmi, ümumiyyətlə qadağan edir. "Titanik"i "diriltməyə" bir də müharibədən sonra - 1949-cu ildə Almaniya Federativ Respublikasında cəhd edilmiş, amma film dərhal əksər Qərb ölkələrində qadağan olunmuşdu.

Bununla belə film ruscaya çevrilmiş və Sovetlər Birliyində "qənimət film" kimi ("Titanikin məhvi" adıyla) nümayiş etdirilmişdi. Sonrakı onilliklərdə film arabir alman televiziyalarında göstərilirdi.

2005-ci ildə DVD-də kütləvi satışa çıxarılıb.

XS
SM
MD
LG