Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 09:04

Politoloq: «Həbs və təzyiqləri Qarabağ məsələsinə bağlamazdım...»


Zəfər Quliyev
Zəfər Quliyev

-

Rusiya prezidenti Vladimir Putin-in təşəbbüsü gerçəkləşən Soçi görüşü başa çatıb. Bu görüşdən, təbii ki, umacaq və gözləntilər vardı. Bəs nəticələr necə oldu? Politoloq Zəfər Quliyev AzadlıqRadiosunun suallarını cavablandırır.

- Soçi görüşü ilə bağlı söhbətlər böyük bir intriqa yaratmışdı. Danışıqlar prosesində uzun bir fasilə yaranmışdı. Cəbhədə son zamanlar baş verən atışmalar, itkilər və real müharibə ehtimalının artdığı bir dövrdə Moskvanın qəfil təşəbbüsü gözləntilər doğurmuşdu. Gözlənilirdi ki, Moskva real təkliflərlə cəbhədə yaranmış vəziyyətə müdaxilə edəcək. Gözlənilirdi ki, Moskva tərəfləri ya ciddi barışığa çağıracaq, ya da konstruktiv mövqe tutması ilə bağlı Ermənistana təzyiq göstərəcək. Gömrük İttifaqına daxil olması ilə bağlı Azərbaycana da təzyiqlər gözləntilər sırasında idi. Ancaq Soçi görüşünün görünən üzündə bunları sezmədik. Hamıya bəllidir ki, danışıqların görünməyən tərəfləri də var. Putin-in İlham Əliyevlə, Serzh Sarkisian-la kadrarxası danışıqları da var axı. Moskvanın razılığı ilə konkret nəyəsə nail olunubsa, bu özünü sonradan göstərəcək.

- Belə bir fikir də mediada səslənir ki, bu görüş Vladimir Putin-in son dövrlər zədələnmiş imicini qorumaq, onun müharibə yox, sülh tərəfdarı olduğunu göstərmək üçün təşkil olunub. Siz necə düşünürsünüz?

- Burada təkcə imic məsələsi deyil. Putin-in imkanı vardı ki, bu danışıqlar haqda mətbuata daha çox, daha dolğun məlumatlar ötürsün. O istəsəydi, bu danışıqları geniş işıqlandırmaqla özünü gərginliyi aradan qaldıran, ölkələri barışığa çağıran bir prezident kimi təqdim edərdi. Biz bunu görmədik. Putin, ilk növbədə, bu münaqişəni öz nəzarətində saxlamağa çalışır. İkinci bir məsələ də budur ki, indiki məqamda Azərbaycanı öz tərəfinə çəkmək Putin üçün çox vacibdir. Bundan ötrü Putin bəzi güzəştlərə də getməyə hazırdır. Ola bilsin ikitərəfli danışıqlarda bu məsələ də müzakirə olunub.

- Son günlər ölkədaxili gərginliyin – hüquq müdafiəçiləri və ictimai fəalların həbsinin də bölgədə gedən proseslərlə, elə ayrıca bu görüşlə hər hansı bağlantısı var?

- Bu həbsləri, təzyiqləri birbaşa Qarabağ məsələsinə, cəbhədəki gərginliyə bağlamazdım. Bizdəki həbslər, təzyiqlər ümumi tendensiyadır. Bundan əvvəl də jurnalistlər, fəallar həbs olunub. Demək olmaz ki, qəflətən nə isə baş verdi və bu həbslər başladı. Aydın məsələdir ki, dalbadal baş verən səs-küylü həbslər belə mülahizələrə əsas yaradır. Bu məsələlərdə dolayısı ilə bağlılıq tapmaq olar. Hakimiyyət müxalifətə və vətəndaş cəmiyyətinə təzyiqləri o vaxt artırır ki, əlverişli şərait olsun. Məsələn, Azərbaycana diqqətin azaldığı seçkisonrası dövrlərdə. Yaxud ümumi geosiyasi vəziyyətdə Azərbaycanın beynəlxalq önəmi artanda. Azərbaycan hakimiyyəti demokratik təzyiqi azaltmaq üçün bu amildən öz xeyrinə istifadə edir. Bütün avtoritar hakimiyyətlər imkan tapınca öz opponentlərini sıradan çıxarırlar. Biz bunu Rusiyada, Belarusda, Özbəkistanda, Türkiyədə də gördük. Hakimiyyət uzun müddət dəyişmirsə, rəqiblərini sıradan çıxarmağa meyllənir. Azərbaycanda da daxili müqavimət yoxdur. Geosiyasi vəziyyəti nəzərə aldığından xarici müqavimət də güclü deyil. Ona görə də hakimiyyət öz maraqlarına uyğun davranır.

XS
SM
MD
LG