Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:34

Nizami Abdullayev: «Rövşən Əliyevi qətlə yetirməkdən imtina etdik»


Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam edir.


Sentyabrın 26-dakı prosesdə təqsirləndirilən Nizami Abdullayev ifadə verdi. O, digər təqsirləndirilən Musa Dabuyevlə birlikdə Baş Prokurorluğun İstintaq İdarəsinin rəis müavini, kriminalist Rövşən Əliyevi qətlə yetirməkdən imtina etdiklərini bildirdi: «Hacı ikimizə də dedi ki, Rövşən Əliyevi öldürmək lazımdır. Biz bundan imtina etdik, dedik ki, axı o, sənin dostundur. Hacı hirsləndi, masanın üstündəki qabı vurub sındırdı».


Nizami Abdullayev bu hadisədən sonra çalışdığı Abşeron Rayon Polis İdarəsindən işdən çıxmaq barədə ərizə verdiyini və Ukraynanın Donetsk şəhərinə getdiyini bildirdi.


Dövlət ittihamçısının «özünüz polis olduğunuz halda, niyə bu cinayətlərə getdiniz» sualına təqsirləndirilən belə cavab verdi: «Mən polisdə işlədiyim dövrdə dəfələrlə görmüşəm ki, adamları gətirib saxlayır, sonra pul alıb buraxırlar».


Nizami Abdullayev ibtidai istintaqda verdiyi ifadələrin təhrif olunduğunu da bildirdi: «Mən latın qrafikasını həbsxanada öyrənmişəm, indi baxıb görürəm ki, ilkin istintaqda verdiyim ifadələr təhrif olunub. Müstəntiq nə istəyibsə, onu da yazıb».


Daxili İşlər Nazirliyi Baş Cinayət-Axtarış İdarəsinin sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər bir sıra adam oğurluqları və qətllərdə təqsirləndirilir.


XS
SM
MD
LG