Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:22

BMT ekspertləri Azərbaycanı təqibləri dayandırmağa çağırır


-

BMT-nin insan haqları ekspertləri Azərbaycanda tanınmış insan haqları müdafiəçilərinin getdikcə daha çox təqib olunmasını pisləyib. Avqustun 19-da yayılmış bəyanatda onlar hökuməti «liderlik göstərməyə və ölkədə insan haqları işinin repressiya, kriminallaşdırma və təqibinə əks tendensiya nümayiş etdirməyə» çağırıb.

BİR İLDƏ 3-CÜ BƏYANAT VERİLİR

«Biz Azərbaycanda fəalların nəzarət, dindirilmə, həbs, saxta ittihamlarla məhkumluq, hesabların dondurulması və səyahət qadağalarının artmasından dəhşətə gəlmişik. Hüquq müdafiəçilərinə cinayət ittihamlarının irəli sürülməsi dayandırılmalıdır. Hüquqları müdafiə etdiyinə görə ədalətsizcəsinə saxlananlar dərhal azadlığa buraxılmalıdır», ekspertlər bildirib.

Ekspertlər özəlliklə avqustda saxlanan hüquq müdafiəçiləri Leyla Yunus, İntiqam Əliyev, Rəsul Cəfərov, konfliktoloq Arif Yunusun işlərini qeyd ediblər.

BMT ekspertləri fəalların insan haqları pozuntularını sənədləşdirdiklərinə görə siyasi motivlərlə həbsindən narahatlıq bildiriblər. Bəyanatda o da vurğulanır ki, ekspertlər bir ildən az bir müddət ərzində artıq üçüncü dəfədir Azərbaycanda durumun pisləşməsindən narahatlıq bildirən bəyanat yayırlar.

DÖVLƏTİN ƏSAS MƏSULİYYƏTİ

Bəyanat müəllifləri hakimiyyətə beynəlxalq insan haqları qanunu çərçivəsində öhdəliklərini xatırladır. Bu qanun Azərbaycanda hər kəs üçün, müdaxilə olmadan, ifadə, sərbəst toplaşma və birləşmə hüquqlarını təmin edir.

«Dövlətin əsas məsuliyyəti vətəndaş cəmiyyəti fəallarını təhdid, qorxutma, hədə və ya hücumlardan qorumaq olmalıdır», ekspertlər vurğulayır.

BMT ekspertləri bu şəxslərdir: hüquq müdafiəçilərinin durumu üzrə xüsusi məruzəçi Michel Forst, sərbəst toplaşma və birləşmə azadlığı üzrə xüsusi məruzəçi Maina Kiai, fikir və ifadə azadlığının inkişafı və qorunması üzrə xüsusi məruzəçi David Kaye.

XS
SM
MD
LG