Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 03:41

Colan türkmanları… Siz kimsiniz?..


Əli Şamil
Əli Şamil

-

İz - Colan türkmanları… Siz kimsiniz?..
Gözlə

No media source currently available

0:00 0:30:00 0:00
Direct-ə keçid

«Suriyada yaşayan Colan türkmanlarını önə çəkməyimin səbəbi onların son dərəcə miskin və yazıq hala düşmələridir…».

Bu sözləri AzadlıqRadiosunun «İz» proqramına AMEA Folklor İnstitutunun əməkdaşı, yenicə çapdan çıxmış «Colan türkmanları (folklor və etnoqrafiya örnəkləri)» kitabının müəllifi Əli Şamil söylədi.

DƏMƏŞQLƏ ARALIQ DƏNİZİNİN KEÇİDİNDƏ YERLƏŞƏN CƏNNƏT COLAN

Onun sözlərinə görə, dünya həmişə Colan türklərinin taleyinə biganə olub:

«Hələ sovetlər zamanında mətbuat Colan təpələrində İsraillə Suriyanın müharibəsindən ağızdolusu yazırdı. O yer strateji yer olduğundan İsrail oranı almağa can atırdı. Colan təpələri Dəməşqlə Aralıq dənizinin keçidində yerləşir. Hazırda İsrailin suyunun 30 faizini ora verir. Ən məhsuldar torpaqları olan yerdir. Bol meyvə yetişir. Havası sərindir. İsrail Suriyanın bu ərazisini alandan sonra sovet mətbuatı, hətta Azərbaycan mətbuatı da bu barədə çox yazdı. Amma nə yazıq ki, orada bizim soydaşlarımız yaşadığını, bizimlə eyni dildə danışan, eyni dinə tapınan adamların olduğundan bir kəlmə yazılmadı…».

MƏQSƏDİM İNSAN HAQLARINI QORUMAQ İDİ…

Bu duruma dözməyən Əli Şamil Colan türkmanları barədə araşdırmalar aparır və iki məqalə çap etdirir:

«Yaxşı, rus mətbuatı yazmır, Avropa yazmır, bəs Azərbaycan, qazax, tatar, başqırd, İran, Türkiyə niyə yazmır? Türkiyə mətbuatında bu məqalələrdən birini çətinliklə çap etdirdim. Deyirdilər ki, İsraillə, Suriyayla münasibətləri pozmaq istəmirlər… Əslində, mənim məqsədim bu ölkələrin münasibətlərini korlamaq deyildi. İstəyim həqiqəti ortaya qoymaq, insan haqlarını müdafiə etmək, tapdanan soydaşlarımızın pozulan hüququnu dünyaya çatdırmaq idi. Eləcə, iki məqalə çap etdirdim».

MƏQALƏLƏR AKTUALLIQ QAZANDI

Üstündən illər keçəndən sonra Əli Şamil təsadüfən internetdə həmin məqalələrdən söz açıldığını görür:

«Bashar Assad-a qarşı mübarizə başlayanda, mənim məqalələrim aktuallıq qazandı. Suriyaya həsr olunmuş yazılarda məqalələrimdən sitatlar verilirdi… Xüsusən Türkiyədəki alimlər, jurnalistlər. Düşündüm ki, bu yazıların vaxtı keçib, faktlar, rəqəmlər dəyişilib.

Colan yüksəklikləri – Suriya və İsrail arasında hərb və sülh
Colan yüksəklikləri – Suriya və İsrail arasında hərb və sülh

Gördüm, Azərbaycan mətbuatı da yenə Suriyada gedən döyüşlərdən, Bashar Assad-a qarşı açılan savaşdan, insan haqlarından və s. yazır, amma bizim soydaşlarımızın adını çəkmir, orda biz varıq, başımıza nələr gəlir – deyən yoxdur… Məcbur qalıb o məqalələri yenidən işlədim və kitab halına gətirdim».

TÜRKMANLAR SURİYANIN 5 BÖLGƏSİNDƏ YAŞAYIRLAR

Əli Şamil Suriyada 5 bölgədə türkmanların toplum halında yaşadığını deyir:

«Onlardan Colan türkmanlarını önə çəkdim. Axı Colan lap miskin olanıdır, lap yazıq olanıdır… Ancaq kitabda Hələb, Lazkiyə, Bayır-Bucaq türklərindən də söz açdım. Onlar hansı kəndlərdə yaşayır, sayları nə qədərdir, hansı tayfalardır – xronoloji, statistik bilgilərə daha çox yer verdim. İstəyirdim ki, Azərbaycan ziyalısının, jurnalistinin əl altında dəyərli qaynaq olsun».

CƏNNƏT COLAN, BAŞINA NƏLƏR GƏLDİ?

Əli Şamil 1948-ci ildə bəri colanlıların fəlakətlə üzləşdiklərini deyir:

«İsrailə əvvəlcə kiçik ərazi verilmişdi. Zaman keçdikcə İsrail müharibələrlə ərazisini 6-7 min kv.km-ə çatdırdı. Bunların hamısı qonşu dövlətlərin işğalı hesabına oldu. Görünür, bu dünya dövlətləri tərəfindən öncədən planlaşdırılmışdı. Ərəb-İsrail müharibəsinin önəmli bölümü Colan təpələrinin türkman kəndlərində baş verdi. 1967-ci ilin iyulunda 50 minə yaxın colan türkü evlərini, kəndlərini buraxaraq qaçmağa məcbur oldu».

QAÇQINLAR! HƏR ŞEY SANKİ TƏKRAR OLUNUR?!

Verilişin qonağı bu müharibədə ərəb dövlətlərinin 70 min kv.km. ərazisinin tutulduğunu dedi:

«Türkmanların yaşadığı Kefer Naffah, Ayn-əl Ayn, Əl-Sümsüm, Bobya, Qadiriyyə, Əhmədiyyə, Qainiyyə, Qafar, Ayn-Qurra, Muğayyur, Ayn Ayişe, Cevize… kəndləri işğal altında qaldı. Colan da daxil, ərəb dövlətlərinin 70 min km. ərazisi tutuldu. BMT Təhlükəsizlik Şurası atəşi durdursa da, İsrail tutduğu əraziləri buraxmadı. Colanda 1974-cü ildə BMT fövqəladə qüvvələrinin nəzarət etdiyi aralıq zona yaradıldı… Colanlıların bir qismi Dəməşqdə yerləşdi, bir qismi Türkiyəyə qaçdı. Böyük bir hissə isə hələ də Colanın Suriya tərəfində qalan kiçik bir bölgəsində, çətin şərtlər altında yaşamaqdadır. İldə bir dəfə – aprelin 17-də onlara ata-baba məzarlarını ziyarətə etməyə icazə verilir, amma BMT-nin nəzarətiylə…».

«33 YAŞAYIŞ MƏSKƏNİ SALINDI»

Qonağımız indi orda 33 yaşayış məskəninin salındığını bildirir:

Suriya qaçqınları üçün məktəb - 2013
Suriya qaçqınları üçün məktəb - 2013

«Dünyanın müxtəlif ölkələrindən gətirilmiş, fərqli irqlərdən olan, fərqli dillərdə danışan 15 min nəfər yerləşdirildi, onları yəhudiləşdirilməyə başladılar. Qaynaqların verdiyi bilgiyə görə, bu savaşadək bölgənin 147 kəndində 120 min Dürzi yaşayırdısa, indi 18 minə enib. Qalanları qaçqındır».

NƏ QƏDƏR TÜRKMAN ANA DİLİNDƏ DANIŞA BİLİR?

Bu məsələdə Əli Şamilin ürəyini ağrıdan bir məsələ də var:

«Suriyada türkmanları «müsəlmanlar» deyə rəsmiləşdirirlər. Kürd, türk, ərəb – hamısını. Xristianları isə ayrı-ayrı – ermənilər, aysorlar və s. şəklində yazırlar. Odur ki, ölkədə türkmanların sayının rəsmi statistikası yoxdur. Qeyri-rəsmi statistikaya görə, Suriyada 3 milyon yarım türkman yaşayır. Onlardan da ancaq bir milyon yarımı ana dilində danışa bilir. Özüm şahidəm. Bizi görəndə – alış-veriş zamanı, müxtəlif görüşlərdə türkcə danışdığımızı görəndə, türk olduqlarını deyirlər. Ancaq türkcə danışa bilmirlər, ərəbcə danışırlar. Dəməşqdə bir neçə nəsil yaşayanlar da ərəbləşir. Türk olduqlarını bilsələr də, türkcə danışa bilmirlər. Və ya özlərini dəməşqli – şamlı sayırlar. Lap bizim «Bakinets»lər kimi…».

COLAN TÜRKMANLARI ÖZLƏRİNİ QAFQAZLI SAYIR

Araşdırıcı Colan türkmanlarının özlərini Qafqazdan getmə saydıqlarını deyir:

«İndi yaşadıqları yerlər axar-baxarlı, gözəl yerlərdir. Ordan həm Aralıq dənizi görünür, həm də Dəməşq şəhəri. Şəhərlə məsafə 60-70 km-dir».

«ONLAR…GÖZƏL BAYATILAR OXUYURDULAR…»

Əli Şamil Colan türklərindən olan dostlarının izini itirib:

«Artıq 4-cü ildir mən onlarla danışa bilmirəm, öldülərmi-qaldılarmı? – bilmirəm. Telefonları da kəsilib. Ac-yalavac-heç bir bağlantı yox... Bu nə yaşayışdır? BMT, Avropa Şurası daim insan haqlarından danışır, amma ortada heç bir şey yoxdur… Kitabda mən colanlı dostlarımın – türklük şüurunu itirməyən, milliyyəti ilə qürur duyanların mənə göndərdiyi folklor və dil materiallarından yararlandım. Bir qismini də özüm araşdırdım. Bu, sırf tarix kitabı deyil. Kitabda hətta colanlı alimlərlə müsahibəm də yer alıb. Onlar ana dillərini gözəl bilirdilər. Özlərini türkman adlandırırdılar. Suriyada yaşayırdılar və gözəl bayatılar oxuyurdular…».

XS
SM
MD
LG