Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 11:59

'Azərsun'un Biləsuvardakı müəssisəsində günəmuzdçular... [Video]


8 manata işləyən "günəmuzdlar" - araşdırma [Video]
Gözlə

No media source currently available

0:00 0:09:09 0:00

8 manata işləyən "günəmuzdlar" - araşdırma

-

Hər gün Bəhrəmtəpə-Biləsuvar avtomobil yolunda üstüaçıq yük maşınları, sovetlər dönəmində «50 qəpiklik» kimi tanınan avtobuslar İmişli, Biləsuvar rayonlarının kəndlərindən və Cəbrayıl məcburi köçkünlərinin qəsəbələrindən minlərlə adamı «Azersun holdinq»in müəssisəsinə daşıyır. Biləsuvar rayonunda vaxtilə qış otlaq sahəsi olmuş ərazidən 3400 ha (bəzi mənbələrdə 3450 ha) «Natural Green Land» MMC-yə ayrılıb. 2006-cı ildən başlayaraq burada böyük kənd təsərrüfatı kompleksi, ildə 60 min ton məhsulu emal etmək gücündə olan konserv zavodu yaradılıb.

«FERMERLƏR PUL QAZANIR, AZƏRBAYCAN HƏRTƏRƏFLİ İNKİŞAF EDİR»

«Zavodun fəaliyyəti nəticəsində minlərlə hektar torpaq artıq yararlı vəziyyətə gətirilib, kənd təsərrüfatı inkişaf edir, fermerlər pul qazanır, zavod fəaliyyət göstərir və Azərbaycan hərtərəfli inkişaf edir».

Bu sözləri prezident İlham Əliyev 2010-cu ilin aprelində «Azersun holdinq»in «Natural Green Land» kənd təsərrüfatı müəssisəsinin və konserv zavodunun açılış törənində deyib. O zaman dövlət başçısı ümid etdiyini bildirib ki, ətraf rayonlarda istehsal olunan ərzaq və kənd təsərrüfatı məhsulları da bu zavoda təhvil veriləcək, burada xeyli sayda iş yeri yaradılacaq.

Amma Biləsuvar Konserv Zavodu hələ ki, ətraf rayonlarda yaşayan fermerlərdən xammal qəbul etmir. Ucuz başa gəlsin deyə, kənd təsərrüfatı bitkilərini özü əkib-yetişdirir. O ki, qaldı yeni yaradılan iş yerlərinə, bu barədə ətraflı danışmağa dəyər.

GÜNƏMUZDÇULAR

Yaz girəndən ta payızın sonunadək tarlalarda qızğın iş gedir: adamlar torpaq belləyir, alaq otlarını təmizləyir, yetişmiş məhsulu sahədən toplayırlar. Bəzilərinə burada qışda da iş tapılır: nar, heyva bağlarından meyvə yığır, ağaclara qulluq edirlər.

Elza Ələkbərova
Elza Ələkbərova

​İşə gələnlərin əksəriyyəti aztəminatlı ailədən olan qadınlardır-həyat yoldaşından ayrılmış, himayəsində yetkinlik yaşına çatmayan övladları, xəstəsi, əlili olanlar, minimum tələbatlarını ödəmək istəyənlərdir. Tək-tək də olsa, aralarında 10-14 yaşında olan uşaqlar, gənc yaşlı oğlan-qızlar, beli bükülmüş, saçı ağarmış yaşlılar da var.

Aranlı kəndinin sakini Elza Ələkbərova bu müəssisədə çarəsizlikdən işlədiyini deyir:

«Həyat yoldaşım xəstədir, əlilliyə görə 55 manat müavinət alır. 3 uşağımız var. Qazancımız yeməyimizi, uşaqların əyin-başını tam ödəmir. Pay torpağımız var, amma əkinə yararsızdı deyə, ondan heç nə götürə bilmirik. Kəndimizdən 500 adam işləyir şirkətdə, əksəriyyəti qadındır. Demək olar ki, hamısı bizim kimi aztəminatlı ailədən olanlardır-çörəkpulu üçün çalışırlar».

9 il əvvəl həyat yoldaşından ayrılmış Dilarə Hüseynova 3 övladı ilə birgə valideynlərinin evində yaşayır. O, 3 ildir ki, «Natural Green Land»ın kənd təsərrüfatı kompleksində çalışır -yaz-payız aylarında tərəvəz sahəsində, qışda isə bağlarda. Qadın hər gün saat 5-də yuxudan oyanır. Həm səhər yeməyini yeyir, həm nahar üçün özünə nəsə hazırlayır, həm də uşaqlarının gün ərzində qəbul edəcəyi qidanı. Saat 7-də evlərinin yaxınlığında dayanıb onu işə aparacaq maşını gözləyir. İş saat 8-də başlayır. Amma yol narahatdır deyə, adamlar vaxtından xeyli qabaq işə yollanmaq məcburiyyətindədir.

Qadın bir də axşam saat 8-də evə qayıdır. Yorğun olsa da, uşaqlarını çimizdirir, onların paltarlarını yuyur. O, çox istəyərdi ki, özünün ayrıca evi olsun:

Dilarə Hüseynova
Dilarə Hüseynova

«Yeni dərs ili ərəfəsində uşaqlara təzə paltar, məktəb ləvazimatı almağa çox pul çıxır, bunu tək mənim maaşım ödəmir. Ona görə yay tətilində böyük uşaqları da özümlə işə aparıram. Böyük oğlumun 17, qızımın isə 14 yaşı var. Onları işə buraxmaq istəmirlər, yalvarıb birtəhər razı salıram. Yaşları az olmağına baxmayaraq, uşaqlar da mən görən işi görürlər. Evdə qalan balaca oğlumun isə 11 yaşı var».

ANALOQU OLMAYAN İŞ REJİMİ

Söhbət etdiyimiz işçilərin hamısı bildirir ki, işə qəbul ediləndə, onlarla əmək müqaviləsi bağlanılmayıb, günəmuzd qaydada ödənilən əməkhaqqı sənədləşdirilmir (əməkhaqqını alarkən heç bir sənədə imza etmirlər). İşçilər müəssisədə adlarına əmək kitabçası açılmadığını, bu səbəbdən də illərlə burada işləyənlərin əmək stajı toplaya bilmədiklərini, onlara məzuniyyət verilmədiyini deyirlər.

İşçilər bildirir ki, gün ərzində onlara 1 saatlıq nahar, 2 dəfə hər biri 15 dəqiqə davam edən «çay fasiləsi» verilir. Temperatur 42 С0 dərəcə və ondan artıq olan vaxtlarda belə açıq havada iş dayandırılmır. Onlara növbə ilə səyyar çadırlarda sərinləməyə, əl-üzlərinə su vurmağa, tərlərini qurutmağa icazə verilir. Ürəyi sıxılanlara müəssisə daxilində ilkin tibbi yardım göstərilir.

İşçilər bildirir ki, onlara 30 iş gününə görə 260 manat haqq ödənilir, işdə olmadıqları hər günə görə əməkhaqqından 8 manat 66 qəpik çıxılır. Əməkhaqqını onları hər gün işə aparıb-gətirən sürücülərdən aldıqlarını deyirlər və bildirirlər ki, həmin şəxslər işçilərin əməkhaqqından 1 iş gününə görə 1 manat «yol pulu» tuturlar.

Günəmuzd işçilər tarlada
Günəmuzd işçilər tarlada

Söhbət etdiyimiz işçilərin hamısı vergiödəyicisi kimi uçotda dayanmadıqlarını (VÖEN almadıqlarını) bildirdilər.

Əmək və ya mülki müqavilə bağlanmadığından işçilər 1 ay üçün 260 (1 günə 8.66) manatlıq əmək haqqının hansı meyarlar əsasında hesablanmağından məlumatsızdırlar. Onlar hər gün iş icraçılarının şifahi göstərişlərini yerinə yetirdiklərini bildirirlər.

«TARLA BİZİMDİR, İŞÇİLƏR İSƏ BAŞQASININ»

«Azersun holdinq»in ayrı-ayrı vəzifəli şəxsləri KİV-ə verdikləri müsahibələrdə və çıxışlarında müəssisədə 2500 nəfərdən çox insanın mövsümi olaraq işə cəlb etdiklərini qeyd edirlər. Bununla da fəaliyyət göstərdikləri ərazidə əhalinin məşğulluq probleminin həllinə töhfə verdiklərini söyləyirlər. Amma işçilərin hüquqları qorunurmu?

«Azersun holdinq»dən bildirilir ki, tarlalarda işləri müqavilə əsasında podratçı təşkilatlara (şəxslərə) həvalə edirlər. Sonuncular isə bu işləri görən adamları özləri tapıb işə cəlb edirlər. Beləliklə, işəgötürən qismində ortaya tamamilə kənar şəxslər çıxır.

SORĞUMUZA CAVAB...

Sorğumuzu cavablayan «Azersun»un ictimaiyyətlə əlaqə və biznesin inkişafına dəstək departamentinin rəhbəri Afiq Səfərov «Azersun holdinq» müəssisələri tərəfindən əmək qanunvericiliyinin tələblərinə tam əməl edildiyini deyir. O qeyd edir ki, podratçıların müddətli (mövsümi) cəlb etdikləri işçilərin əmək hüquqlarının qorunmasına isə onlar məsuliyyət daşımırlar:

Afiq Səfərov
Afiq Səfərov

«Əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq «Azersun Holdinq» MMC-yə bağlı bütün müəssisələrdə işə qəbul edilən bütün işçilərlə əmək müqaviləsi bağlanılır. Qanunvericiliyin yeni tələbi olan əmək müqavilələrinin elektron qeydiyyat sistemi də tətbiq edilir. İşçi sayıları ilə bağlı müvafiq hesabatlar mütəmadi olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq orqanlarına təqdim edilməkdədir.

Sorğudakı suallarınızın böyük hissəsi podratçı hüquqi və fiziki şəxslərlə onların işçiləri arasında olan əmək münasibətlərinə aiddir. Bu münasibətlər barədə «Azərsun Holdinq» MMC-də məlumatlar yoxdur, digər hüquqi və ya fiziki şəxslər tərəfindən işə cəlb edilən işçilərin əmək münasibətlərinə şirkətimiz cavabdehlik daşımır».

Afiq Səfərov daha sonra deyir:

«Qanunvericiliyin tələblərinə uyğun olaraq «Azersun Holdinq» və onun tabeliyində olan müəssisələrdə həmkarlar ittifaqları mövcuddur. Ayrıca hər bir işçinin istənilən vaxt bu komitəyə müraciət etmək hüququ var. Əmək funksiyalarına gəldikdə isə, əmək müqaviləsi bağlanılan hər bir şəxsə əmək funksiyaları ətraflı izah edilir. Eyni zamanda əmək müqaviləsinin müvafiq bəndində funksiyalar yazılı olaraq qeyd edilərək, əmək müqavilələri qarşılıqlı imzalanır. Qeyd edilənlərdən əlavə qanunvericiliyin tələblərinə uyğun olaraq «Azərsun Holdinq» MMC-də və ona daxil olan müəssisələrdə iş yerlərinin attestasiyası da keçirilir.

Əmək qanunvericiliyinə uyğun olaraq «Azersun Holdinq» MMC və onun tabeliyində olan müəssisələrdə müvafiq işin müddətli (mövsümi) olduğu əvvəlcədən bəlli olduğu təqdirdə işçilərlə müddətli əmək müqaviləsi bağlanılır.

Pomidor sahədən texnika ilə yığılır
Pomidor sahədən texnika ilə yığılır

Əmək müqaviləsinin müddəti bitdikdə, əgər iş davam edirsə, bu halda müqavilə əvvəl müəyyən edilmiş müddət qədər uzanır. Əmək müqaviləsinin müddətli və ya müddətsiz olmasından asılı olmayaraq hər bir işçinin hüquqları eyni dərəcədə təmin olunur.

Bütün konserv istehsalı müəssisələrimiz istehsal etdiyi məhsulların xammalını istər daxili imkanlar, istərsə də yerli fermerlər hesabına təmin edir. İstehsal müəssisələrimiz bazar iqtisadiyyatı şərtlərinə əsasən ehtiyac olan xammalın yerli fermerlər hesabına təmin edilməsində maraqlıdırlar».

HANSI MÜQAVİLƏ BAĞLANMALIDIR: MÜLKİ, YOXSA ƏMƏK?

Əmək Məcəlləsinə görə, «işçi» işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir. Həmin Məcəlləyə görə, «işəgötürən» mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisə rəhbəri, səlahiyyətli orqan və ya fiziki şəxs ola bilər. Podrat, tapşırıq, komisyon, müəlliflik və başqa mülki-hüquqi müqavilələr üzrə işləri yerinə yetirən şəxslərə bu Məcəllə şamil edilmir.

«Natural Green Land» MMC ilə müqavilə bağlayıb onun sahəsində kənd təsərrüfatı işlərinin bir hissəsini görən təşkilatı «podrat işləri yerinə yetirən şəxs» hesab etmək olarmı və həqiqətənmi Əmək Məcəlləsi bu işlərə şamil olunmur?

«MÜQAVİLƏ ŞİFAHİ DƏ BAĞLANILA BİLƏR»

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin sektor müdiri Tərlan Mürsəlov bildirir ki, işəgötürənlə işçi müqaviləni öz istəklərinə uyğun formada bağlaya bilərlər:

Yolboyu içərisində qadınlar olan yük və minik maşınları görünür.
Yolboyu içərisində qadınlar olan yük və minik maşınları görünür.

«Əgər bu, əmək münasibətidirsə, Əmək Məcəlləsinə uyğun tənzimlənməlidir. Yəni işəgötürənlə işçi arasında əmək müqaviləsi bağlanmalıdır. Yox, əgər xidmət, mülki xarakterli müqavilədirsə, buna Əmək Müfəttişliyi qarışmır. Tərəflər arasındakı münasibət Mülki Məcəlləyə uyğun tənzimlənir, mübahisələrə isə məhkəmədə baxılır. Əmək müqaviləsi işəgötürənlə işçi arasında 3-cü tərəfin müdaxiləsi olmadan bağlanılır. Onları məcbur etmək olmaz ki, bu müqaviləni bağlayın, ya bağlamayın. Çünki Mülki Məcəllənin 329-cu maddəsində göstərilir ki, müqavilə şifahi razılıqla da bağlanıla bilər».

Müfəttişliyin Masallıda yerləşən 10 saylı ərazi idarəsinin rəisi Ərəstun Əbilov bildirir ki, onlar «Natural Green Land»ın kənd təsərrüfatı kompleksində çalışan işçilərin əmək hüquqlarının qorunmasına nəzarət etmirlər:

«Müəssisə bizim ərazidə yerləşir, amma hüquqi ünvanına uyğun olaraq nəzarəti Bakının hansısa rayonunun müfəttişliyi həyata keçirir».

«BU, MƏCBURİ ƏMƏKDİR»

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, bu halda mütləq əmək müqaviləsi bağlanılmalıdır:

«İşin daimi, ya müddətli olmağının fərqi yoxdur. Qanunvericiliyə edilmiş son dəyişikliyə görə, əmək müqaviləsi bağlamadan 10 nəfərdən artıq şəxsi işə cəlb etmək cinayət məsuliyyəti yaradır. Bu əmələ görə 3 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Müqavilə olmadan, üstəlik iş vaxtından artıq iş gördürmək «məcburi əmək»dir - işçilər könüllü olaraq bu şərtlər daxilində işləməyə razılaşıblarsa belə».

«BU HƏM DƏ İNSAN HÜQUQLARININ POZULMASIDIR»

Hüquqşünas Azər Quliyev isə hesab edir ki, əmək müqaviləsinin bağlanılmaması ilə işçilərin çoxsaylı hüquqları pozulub:

«Natural Green Land» kənd təsərrüfatı kompleksinin maketi
«Natural Green Land» kənd təsərrüfatı kompleksinin maketi

«Bu, təkcə əmək deyil, həm də insan hüquqlarının pozulmasıdır. Bu adamlar bir ayda faktiki olaraq ikiaylıq iş vaxtı qədər işlədilmiş olur. Artıq işlədilən iş saatlarına görə haqqın ikiqat ödənilməli olduğunu da nəzərə alsaq, belə çıxır ki, onlara minimum əməkhaqqından da az məbləğ ödənilir. Əmək müqaviləsinin bağlanılmaması onları məzuniyyət hüququndan, sosial müdafiə üzrə müavinətlərdən, sosial sığorta və digər hüquqlardan məhrum edir».

ŞİRKƏT VERGİDƏN AZADDIR, MUZDLULAR İSƏ YOX

Bəzi ekspertlər hesab edir ki, «Natural Green Land» xərcləri azaltmaq və vergidən yayınmaq üçün məqsədli şəkildə ortaya «taşeron» firmaları atıb. Bir halda ki, müəssisə kənd təsərrüfatı məhsullarının təkcə emalı ilə deyil, həm də istehsalı ilə məşğuldur, deməli, ona tarla işlərini görməyə də işçi lazımdır. Hökumət bu yönümdə fəaliyyətinə görə onu mənfəət, əlavə dəyər, sadələşdirilmiş və əmlak vergisindən azad edib, şirkətə iri məbləğdə güzəştli kredit ayırıb.

Vergi Məcəlləsinə görə, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən hüquqi şəxslər və ya fərdi sahibkarlar, onlara gəlirinə uyğun «gəlir vergisi» hesablamağa borcludurlar. Ödəmə mənbəyində bu vergi tutularaq büdcəyə köçürülməlidir. İşəgötürən, həmçinin, muzdla işlətdiyi şəxslərə sosial sığorta ayırmaları hesablamalı, onlara hesablanan əmək haqqından sosial sığorta ayırmaları tutmalı və büdcəyə ödəməlidir. İşəgötürənin kim olduğunu belə bilməyən sadə əyalət insanları əvəzlərindən bu ödəmələrin edilib-edilmədiyi ilə maraqlanmadıqlarını dedilər.

«Natural Green Land» MMC-nin kənd təsərrüfatı kompleksi açılan gündən orada işlədiyini deyən Aranlı kəndinin sakini Gülfirəng Məmmədova bildirir ki, bankdan kredit götürmək istəyərkən harada işləməsi və nə qədər əməkhaqqı alması barədə ondan arayış istənilib. Amma iş yerindən ona belə bir sənəd verilməyib:

«Mənə açıqca dedilər ki, bu iş qeyri-rəsmi, hökumətdən kənar işdir».

XS
SM
MD
LG