Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 22:44

Sağ ol, İblis əfəndi...


Elçin Hüseynbəyli
Elçin Hüseynbəyli

-

Ekranda gözəl bir qız nəyisə reklam edir...

Qız o qədər cazibədar idi ki, özüm də bilmədən dedim: “Kaş o itin yerində mən olaydım!”

Arvadım mənim bu təmizürəkli etirafıma diksindi, tərs-tərs mənə baxdı, sonra heç nə demədən qonşu otağa keçdi, bir azdan sonra çamodanlı-zadlı qeyb oldu...

Elçin Hüseynbəyli

SEVGİ OYUNLARI

(hekayə)

Mən onu elektriçkadan çıxanda gördüm, əvvəlcə paltarlarımız, sonra baxışlarımız üz-üzə gəldi. Hər ikimiz firuzəyi paltar geyinmişdik: mən “Polo”dan may köynəyi, o isə kofta. Sağ olsun “Polo”nu, bizi, daha doğrusu, gözlərimizi birləşdirdi.

O mənə kimisə xatırladırdı, bəlkə də aktrisaydı. Mənə elə gəldi ki, rusdur, ya da rus qarışığı var. Gözləri mavi, saçları sarışın, ayrı nə millət ola bilərdi ki. Əsl slavyan gözəli... Bəh-bəh! Bəhulla! Rus dilini bilmək bacarığımı da sırıyaram onun xırdaca qulaqlarına!

Metronun basabası axıldan çıxan at ilxısını xatırladırdı. Gözlərimiz birləşəndə o gülümsünürdü. Gülüşü məni satın aldı. Metroda fikrim-zikrim onun yanındaydı. Hətta nəşriyatdan alacağım qonorar da yadımnan çıxmışdı.

At minmək həvəsinə düşdüm. At olmaq da pis deyildi. Şaxə qalxmağım tutmuşdu. Kişnədim. Amma ondan başqa heç kim eşitmədi. Aralıdan aralıya imsindik.

Metrodan çıxdıq, daha doğrusu, o çıxdı, mən də onun, ayıb olmasın, dalına düşdüm. Ağasına sadiq qullar kimi, lap elə sahibinə sədaqətli itlər kimi. O gedir, mən gedirəm. Əcəb mənzərə! Sədaqəti axtarmaq olar, amma hər zaman tapmaq olmaz!

Özümü oxşatdığım həmin iti indi də xatırlayıram. Qara xallı ağ dalmatiniydi. Adını sonradan təsadüf nəticəsində öyrəndim. Yaraşıqlıydı. Arvadımla elə o itə görə ayrılmışdıq. Mərdiməzar. Hövsələniz çatırsa danışım. Heç çatmasa da danışacam. Problemimi kiməsə sırımalıyam axı. Əlhəmdüllah, müsəlmanam. Deməli, bir dəfə arvadımla televizora baxırdıq. Reklam çarxıydı.

Ekranda gözəl bir qız nəyisə reklam edir. Bu zaman həmin ağ xallı it sinə-sinə ona yaxınlaşır. Qız aşağı əyilir və itin başını sığallayır.

Qız o qədər cazibədar idi ki, özüm də bilmədən dedim: “Kaş o itin yerində mən olaydım!” Arvadım mənim bu təmizürəkli etirafıma diksindi, tərs-tərs mənə baxdı, sonra heç nə demədən qonşu otağa keçdi, bir azdan sonra çamodanlı-zadlı qeyb oldu. İndi fikirləşirəm ki, əlacı olsaydı, məni qovardı, amma kirayədə qaldığımıza görə belə eləmədi və getdi...

Nəysə. Kövrək xatirələrdir. Gerçəklik ondan daha maraqlıdır. Ona görə də şahzadəni qoyaq, qayıdaq şahzadə qıza.

Deməli, küçədə gedirik, gözümü ondan çəkmirəm.

Hava meyxoşdur. Alma ətri gəlir. İblis məni qurdalayır. İntellektual suallar verir. Ağlasığmaz dialoqlar!

Kənddən gələn adam üçün çətindir. Özümü elə göstərirəm ki, guya İblisi eşitmirəm. Şeytan olsaydı, bəlkə də yola verərdim. Axı, Şeytan İblisin kəndli formasıdır. İblis qədər intellektual və kübar deyil...

O isə heç nə olmayıbmış kimi gedir. Nazlanır. Dəqiq belədir. Vay, dədə! Yerişə bax e!!! Külək sarışın saçlarını tumarlayir. Küləyə paxıllığım tutur, onun yerində olmaq istəyirəm.

Aha, durdu!

Bir anlığa irəli baxır, sonra geriyə dönüb mənə zillənir və doğma dilimizdəcə soruşur (Elə bilirdim, bizlərdən deyil):

-Niyə dalıma düşmüsən?

Mən key-key ətrafıma baxıram.

-Səni deyirəm e, məni niyə izləyirsən?-deyə əl çəkmir.

Həyasızlığa bax e! Bəlkə məni deyir? Bic-bic gülümsünürəm. Sağ ol, İblis qaqaş, deyəsən karıma gəlir, dil tapmağa başlayırıq.

-Məni deyirsən?- özümü keyliyə qoyub soruşuram.

-Hə səni, bax səni!

O boyda yerdən barmağını sinəmə tapança kimi tuşlayır. Elə bil indicə açılacaq. Tatatappp...

Diksinirəm. Ürəyimi tuturam, deyəsən, güllə ürəyimin başından dəydi. “Atdı müjgan oxun...” Məndə də az yoxdu ha!

-Bu da mənə xəfiyyə çıxıb,-deyə mazıldanır.

Onun sözlərini mənə külək gətirir. Külək də satqın çıxarmış!

Sarı saçlarını ədayla kürəyinə atır, yoluna davam edır, gedə-gedə saçlarını yığışdırır, yenidən kürəyinə sallayır. Külək saçlarında mürgüləyir...

Dabanbasma gedirik. Bir neçə butiki geridə quyuruq. O, tez-tez vitrinə nəzər salır. Bir gözüylə özünə, bir gözüylə də mənim əksimə baxır. Sonra dayanır. Sanki mənim reaksiyamı gözləyir. Yerimə mıxlanıram...

O, qadın mağazasına girir, mən də arxasınca. Həvva kimi nazlana-nazlana yeriyir. Elə bil podiuma çıxır. Sağ ol, İblis əfəndi, gör mənə nələr öyrədir e... Ağlıma gəlir ki, bəlkə adı Həvvadır ...Yeva Peron da gözəl olub. Argentina dikatatorunun arvadını deyirəm. Kinosu da var...

Zaman və məkan bir anlığa qarışır.

Paltarlara baxır. Birini götürüb, o birini qoyur. Nəhayət, birini seçir: Üstündə xırda gülləri olan yaşıl koftadır.

-O, sizə yaraşmır,- aralıdan səslənirəm.

Əvvəlcə cavab vermir, guya, məni eşitmir. Dediklərimi təkrarlayıram.

-Sizə nə?-İndi o soruşur, daha doğrusu qıcıqlanır, bəlkə də yalandan qeyzlənir. Qadınları tanımaq olur ki...

-Mən estetəm, o məsələləri məndən yaxşı bilən yoxdur?-deyə şeşəllənirəm.

Üzünə daha ciddi görkəm verir. Guya məni saya salmır. Ay inandım, ha! Sizi tanımayana lənət!

-Sertifikatım da var,-deyirəm,-həm də dequstatoram, o koftanın pis qoxusu var, iyini hiss edirəm. Allergiyalı adamlara yazıq...

Bu dəfə gülümsünür, yəqin mənim gicliyim onun xoşuna gəlir. Gözəl qadınlar ağıllı kişiləri sevməzlər. Onlara meymunluq edən erkəklər lazımdır. (İstisnaları çıxmaq şərtilə. Köpəyoğlunun qorxusu).

Soyunub-geyinmə otağına keçir. Deyəsən, mənim acığıma o koftanı almaq istəyir. Bir müddət orada qalır. Hövsələsizlik edirəm:

-Xeyri yoxdur, onsuz da sizə yaraşan deyil, gözlərinizin rənginə düşmür. Mən mavi rəngə üstünlük verərdim, - deyirəm.

Yəqin ki, sözlərimə gülür.

Bir anlıq pauzadan sonra:

-Düzdü, mən bənövşəyi rəngi sevirəm, çünki ondan bənövşə iyi gəlir, -deyirəm.

Bir azdan çıxır. Koftanı əlində saxlaya-saxlaya başqasını seçməyə başlayır. Bir gözü məndədir, altdan-altdan baxır. Qırmızıgüllü tül koftanı seçir.

-Yaxşıdır, amma bədəninizin mühüm hissələri görünəcək. Məsləhət bilməzdim.

Sözə bax e, “bədəninizin mühüm hissəsi”. Donjuanlıq edəsən, özü də ədəb-ərkan gözləyəsən.

Mənə bir naz atır, kassaya yaxınlaşıb pulu ödəyir. Kassir qız mən tərəfə baxıb nəsə soruşur, yəqin kim olmağımla maraqlanır. O barmağını gicgahında fırladır. Hər ikisi bir anda gülür.

Kassir qız da pis deyil ha! Dəli şeytan deyir, onların hər ikisini...

Onlar isə gülməkdə davam edrilər. Deyəsən, İblis əfəndi indi də onlara girişir. Nəfəsləri kəsilənə qədər hırıldaşırlar, arada bir-birilərinə nəsə deyirlər, pıçıldaşırlar.

Mənim vecimə də deyil. Onlara qoşulub gülürəm. Hər ikisi qəfildən səsini kəsir. Məsələnin ciddiliyini, sanki indi anlayırlar. “Bəlkə manyakdır”- deyə ürəklərində fikirləşirlər. Dəqiq belədir. Onların ağlına başqa bir şeyin gələcəyinə inanmıram.

O, pulu kassaya ödəyib çölə çıxır, mən də. Bəlkə mən bu gözəlin kişi variantıyam, o isə mənim kimi erkəyin qadın variantı. Hərəkətlərimiz yaman üst-üstə düşür.

Metroya tərəf addımlayır, amma metroya minmir. Avtobus dayanacağına çatıb dayanır. Dayanacaqdakı lövhəyə baxır. Marşrutun nə vaxt gələcəyilə maraqlanır.

İstəyirəm ona yaxınlaşam. Amma səbəbsiz mümkün deyil. Nəsə fikirləşmək lazımdır. Deməyə söz tapmıram, sanki bayaqkı donjuan deyiləm.

Qarşımızda reklam lövhəsi var. Lövhədəki reklam çarxı məni vəziyyətdən çıxarır. O da həmin çarxa baxır.

-Siz ondan da gözəlsiniz,-deyə lövhəyə işarəylə deyirəm.

Ekranda gözəl bir qadın “Koko Şanel”dən ətir nümayiş elətdirir. Ətri elə ehtiras və intimliklə boyun-boğazına vurur ki, hayıl-mayıl oluram. Ətrin iyini burnuma çəkirəm. Dequstatoram axı...

Mənim bu halım, yəqin gözündən yayınmır, istehsayla gülümsünür. “Siz kişilər hamınız bir bezin qırağısınız”- ürəyində belə fikirləşdiyinə əminəm. Mən də tükü tükdən seçənəm axı...

Ona yaxınlaşıram. Təsadüfi yol yoldaşım mənə fikir vermir, bir qədər o tərəfə çəkilir. Məşədi İbad yadıma düşür. Bir zamanlar onu yamsıladığıma və ələ saldığıma görə utanıram. Təxminən o yaşdayam. Bir-iki yaş balaca olaram.

“88” saylı avtobus gəlir. Minmək istəyir, nəsə fikirləşib dayanır. Yəqin avtobusun basabasından qorxur.

Təzədən geri qayıdıb metroya minir. Deyəsən, o da mənim kimi metro uşağıdır. Çağdaş bir müdrik deyib ki, metro sevgilərin qurtardığı yerdir. Mənsə deyirəm ki, metro sevgilərin başlandığı məkandır.

Özümü təzə sevgilimin yanına verirəm. Düzdü, onun razılığını hələ almamışam. Noolsun ki, əksəriyyət birtərəfli sevgiylə girələnir. Qoyun, bir lətifə deyim sizə. Deməli, bir oğlan bir qızla evlənmək istəyir və onunla görüşə gedir. Qayıdandan sonra onu sorğu-suala tutan dostlarına deyir ki, “məsələnin əlli faizini həll eləmişəm. Mən razıyam, qız yox”. İstəyirəm bu lətifəni əlli faizlik sevgilimə danışam. Bu məqsədlə də ona yaxınlaşıram. Amma o heç qımıldanmır da. Pıçıltıya keçirəm. Abır-həya yaxşı şeydir. İntim sözləri qışqıra-qışqıra demək olmaz.

İstəyirəm bu barədə ondan soruşam, yəni intim məsələ barədə düşüncələrimi, ancaq başqa şey ağlıma gəlir. Bayaqkı lətifə də yaddan çıxır.

-Sizin kimi gözəl xanımlar metroda getməməlidir, -deyirəm. Şeytanı təbəssüm üzümdə oynaşır.

O da eyni təbəssmlə mənə baxır. Üzündəki istehzadan başa düşürəm ki, bu sözlərimə rişxənd eləyir: “Bəlkə məni limuzində aparasan?”

-Əslində,- deyirəm, - mənim maşınım var, özü də “mers”dir, amma adamların arasında olmaqdan xoşum gəlir.

Gopa bax e, maşın nədi, heç kənd arabası da yoxumdur.

-Şairliyim də var axı. Yaxşı şeirlər yazıram. Hələ Məhtimqulu adına beynəlxalq mükafat da almışam.

Bu sözlərimi eşidəndə üz-gözünü turşudur.

“Heç hənanın yeridir...” Söhbəti dəyişirəm.

-Əslinə qalsa, mən ilk baxışdan vurulmağı düz hesab eləyirəm, çünki ilk baxış əbədidir, heç zaman unudulmur. Məsələn, mən bu günü heç zaman unutmayacam. Telepatlığım da var, bu gün hiss eləmişdim ki, sizə rast gələcəm, sizin kimi gözəl qadına...

Üzünü o tərəfə çevirib gülümsünür. Altıncı hissimlə duyuram. Altıncı hiss təkcə qadınlarda olmur ki...

Metrodan çıxırıq. Beşmərtəbələrin arasıyla gedirik – təzə tikilən binaya tərəf. Deməli, varlıdır.

-Bəlkə sizə kömək eləyim, hə?-ehtiyatla soruşuram və əllərim özündən asılı olmayaraq onun çantasına tərəf uzanır.

O, çantasını sol əlinə alır, dinmir və piyada yeddinci mərtəbəyə qalxır, mən də eləcə.

Pillələr sürüşkəndir, sanki yağlayıblar. Bir pişik qabağımızdan qaçır, yaxşı ki, qara deyil.

Açarları çıxarıb qapını açır.

İçəri keçir, qapını yarıaralı qoyur. Bu, içəri keçməyə icazənin əlamətidir.

Mən hürkə-hürkə ayağımı mənzilin kandarına qoyuram. Ürəyimdə də fikirləşirəm ki, deyəsən, pis yerə düşmüşəm. Gözəl xanıma aldanıb, sonradan pəzəvənglərin əlinə keçən bədbəxt adam haqqında lətifəni xatırlayıram. Ölsəniz də deməyəcəm...

Onun qonşu otaqdan səsi gəlir.

-Rahatlan!

Əcəb! Kandardakı divanda otururam.

Yarıqaranlıqda ətrafa baxıram. Nəsə mənə tanış gəlir. Unudulmuş vətən kimi. Şurikin telepatiyasını xatrılayıram.

O gəlir, işığı yandırır.

Diksinirəm. Qarşımdakı tamam başqa adamdır. Mənim keçmiş arvadım. On il bundan qabaq ayrılmışıq. Deyirdim axı, onu hardasa görmüşəm...

Gedib qapını bağlayir. Sonra mənə tərəf dönərək, Şeytani gərkəmlə baxır. İblis əfəndi qalib gəldi. Bəlkə özüm ona aldandım. Xatırlayırsınız da: Kişi qadının dalınca o vaxta qədər qaçır ki, qadın onu tutsun. Ay səni...

O da eyni şeyi fikirləşir. Bir yerdə düşünüb-tapmışdıq axı. Birdən gülməyə başlayır. Gülür...gülür...Mən də gülürəm...

Gülüşünü qəfil kəsir.

-Kişilərdən fərqli olaraq, qadınlar bağışlamağı bacarır. Ümid edirəm ki, bu dəfə sözünün üstündə duracaqsan, - şair, estet, dequstator, telepat, donjuan - deyir və Həvva ədasıyla yataq otağına keçir. Sonra geri dönüb əlavə edir: -İt də almışam, qara xallı ağ dalmatindir. Rəfiqəm gəzməyə aparıb. İstəsən onu əvəz edə bilərsən...

May-iyun 2014

XS
SM
MD
LG